Məhkəmə qərarları › İş №2-1(116)-181/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-181/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-181/2022 02.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X16, X22, X23, X28 və X12 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16, X22, X23, X28 və X12 adlarına verilmiş JN448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-67/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-67/2021 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-305/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə X2 qanuni istifadəsində 1589 kv. metr torpaq sahəsinin saxlanması qərara alınmışdır. Həmin torpaq sahəsinin 0.10 ha torpaq sahəsinə iddiaçı da daxil olmaqla ailə üzvlərinin adlarına JN447F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhaətnamə verilmişdir. 589 kv. metr torpaq sahəsi ilə bağlı isə məhkəmə qaydasında hüquqlarının olması müəyyən olunmuş, cavabdeh orqan həmin sahəyə iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını qeydə alınmışdır. Hazırda iddiaçı ilə qonşuluqda yaşayan X28 iddiaçıya və onun ailə üzvlərinə qarşı Çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşə baxan Mingəçevir şəhər Məhkəməsi iddianı təmin etmədiyindən apellyasiya şikayəti verilmişdir. Qeyd edilir ki, Fərid Çələbiyev iddia edir ki, onun ailə üzvlərinə hər birində 0.08 ha torpaq sahəsi olmaqla JN-448A saylı və JN- 448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və JN-448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçı və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. İddiaçı bildirir ki, onlara verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 16 iyul 1996-cı ildə qüvvəyə minmiş «Torpaq İslahatı haqqında» qanunun tələblərinə əsasən verilmişdir. Həmin qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərid Çələbiyev və qeyrilərinin adlarına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 448F saylı şəhadətnamə formal tərtib olunmuşdur, orada hər hansı tikili mövcud deyildir. 448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə heç bir sərhədi yoxdurş İlkin torpaq ayırma qərarı və çertyoju mövcud deyildir. Buna baxmayaraq həmin vaxt fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu eyni şəxslərin adlarını 2 dəfə eyni ölçüdə torpaq sahəsi verilməsinə dair siyahıya daxil etmiş və eyni şəxslərə eyni əsasla 2 dəfə torpaq sahəsi vermişdir. Hansı ki, JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə fərdi yaşayış evinin olması qeyd olunmuş, JN-448F saylı şəhadətnamədə fərdi yaşayış evi göstərilməmiş və həmin şəhadətnamənin koordinatları iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış torpraq sahəsinin sərhədləri hüdudlarında olmaqla iddiaçı və onun ailə üzvlərinin hüquqlarını pozur. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, idarənin arxiv materiallarına istinadən bildirilir ki, ünvan 1 ünvanda 0,1589 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində İddiaçı (yaşayış evi tam; ümumbirgə torpaq sahəsi – 0.12 ha) və onun ailə üzvlərinin ( 9 nəfər ümumbirgə torpaq sahəsi) mülkiyyət hüququ JN-447F nömrəli, kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988ci il tarixli, 01 nömrəli qərarı əsasında xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda mübahisələndirilən iddia ilə bağlı X28 cavabdehlər X5, X6, X7, X29, İddiaçı, X13 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv olunması barədə Mingəçevir Şəhər Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin 2(051)-1382/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. X28 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1382/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş Məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, Koilektıv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatları haqqında’’ Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövıət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İş üzrə üçüncü şəxs X28 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddia tələbi ilə razılaşmır. Belə ki, bu məsələ ilə əlaqədar Mingəçevir Şəhər Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin müvafiq qərarları vardır. Həmin qərarlarda bu məsələyə istinad olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər iddiaçı qanunsuz olaraq Çıxarış almışdır və həmin Çıxarışın etibarsız hesab edilməsi barədə üçüncü şəxslər məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qərarları da vardır. Məhkəmə qətnaməsi olduğu bir halda iddiaçı yenidən bu tələblə məhkəməyə müraciət etmişdir, bu tamamilə əsassızdır. Qeyd edildiyi kimi həmin iş üzrə məhkəmə qətnamələri var. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh X5 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə gedən yolun açılması barədə iddia təmin edilmiş, cavabdeh A.Çələbiyev bu qətnamədən apellyasiya şikayəti vermiş və A.Çələbiyevin apellyasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi JN-448F saylı şəhadətnaməyə uyğun olaraq zəbt olunmuş ünvan 2 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinın boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması hissəsində dəyişdirilmiş və həmin müddəa aşağıdakı müddəa ilə əvəz edilmişdir: “JN-448F saylı kod 90200002 №li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 3 ünvanında yerləşən, zəbt olunmuş 0,08 ha həyətyanı torpaq sahəsinin cavabdeh X17 tərəfindən boşaldılması və həmin torpaq sahəsinə gedən yolun onun tərəfindən açılması qət edilmişdir”. O da qeyd edilir ki, X18 məxsus 448F №li şəhadətnamədə göstərilmiş torpaq sahəsinin yola çıxışında qarşı tərəfin tövləsi olduğuna görə X14 həmin torpaq sahəsinə girişi mümkün deyildir. Bu hallar işdə olan mütəxəssis rəyləri, həmçinin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 24 noyabr 2015-ci il tarixli 18685 №li ekspert rəyi ilə təsdiq edilir. Bu faktlar da əvvəlki işlərdə müəyyən olunmuşdur. Buna baxmayaraq, iddiaçı yenədə bu tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X42 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(116)-1212/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X24, X17, X19, X20 və X34 üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişlər. İş materiallarında olan, “Mingəçevir şəhər ərazisindəki Bələdiyyə torpaqlarının Mingəçevir bələdiyyəsinə təhvil verilməsi üçün komissiya yaradılması haqqında” Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamından görünür ki, müvafiq sərəncamla 2 məsələ həll edilmişdir:

1. Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən, Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil vermək məqsədilə komissiyanın yaradılması,

2. torpaq qanunvericiliyinə uyğun olaraq Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, həmin torpaq sahələrini komissiya tərəfindən hazırlanmış yerquruluşu sənədləri ilə birlikdə Mingəçevir bələdiyyəsinə verilməsinin təmin edilməsi və təhvil-təslim aktı ilə rəsmiləşdirilməsinin komissiyaya tapşırılması. İş materiallarında olan, Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamı Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən o zaman yaradılan Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrinin müəyyənləşdirilməsi, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil verilməsi məqsədilə komissiyanın yaradılması haqqındadır. Həmin Sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmişdir. Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. İş materiallarında olan, X21 Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X2 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1589 kv.m qeyd edilib). İş materiallarında olan, X21 Filialının xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X3 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1393.5 kv.m qeyd edilib). İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli Qətnaməsi ilə həmin iş üzrə iddiaçı X22 və onun nümayəndəsi X9 cavabdeh X5 qarşı ”atası X3 mülkiyyətində olan JN448F kod 90200002 seriyalı şəhadətnaməsi ilə ünvan 4-də yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində zəbt olunmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması” barədə iddia tələbi təmin edilmişdir. Qətnamədən həmin iş üzrə cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)-432/2015 nömrəli Qətnaməsi ilə təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli Qətnaməsi “JN448F (kod ********) nömrəli şəhadətnaməyə uyğun olaraq zəbt olunmuş ünvan 4 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsinə gedən yol açılsın” hissəsində dəyişdirilərək “JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ünvan 3 ünvanında yerləşən, zəbt olunmuş 0.08 ha həyətyanı torpaq sahəsi cavabdeh X17 tərəfindən boşaldılsın və həmin torpaq sahəsinə gedən yol onun tərəfindən açılsın” müddəası ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)- 432/2015 nömrəli Qətnaməsindən həmin iş üzrə cavabdeh X17 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2854/17 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)-432/2015 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam, sahəsi 0.1590 ha olan torpaq sahəsinin 0.49 ha hissəsi iş üzrə İddiaçı, digər hissələr isə iddiaçının ailə üzvlərinin (X24, X17, X19, X20) mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-447F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli Qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (X4, İddiaçı, X10, X17, X19, X20, X34) mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X16 və onun ailə üzvlərinin (X22, X23, X28, X30) mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-448A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X16 və onun ailə üzvlərinin (X22, X23, X28, X30) mülkiyyətinə verilmişıdir. İş materiallarında olan Mingəçevir LTİ tərəfindən verilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində araşdırmanın nəticə olaraq qeyd edilir:

1. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 1839 kv.m-dir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********11-10301 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsi 1589 kv.m-dir.

3. Torpağın mülkiyyətə verilməsinə dair JN-448A və JN-448F nömrəli şəhadətnamələrə əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi 1644 kv.m olmalıdır. Lakin onların istifadəsində faktiki olaraq 776 kv.m torpaq sahəsi vardır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarında qeyd edilmişdir ki, “mübahisə olunan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamı əsasında verilməsi və iddiaçının bu sərəncamla bağlı mübahisə açmaması nəzərə alınmamış, sərəncam aidiyyəti orqandan tələb etməmiş, şəhadətnamənin həqiqətən sərəncama uyğun tərtib edilib-edilmədiyi müəyyənləşdirməmiş, reyestrdəki qeydiyyatın (şəhadətnamənin verilməsinin) inzibati aktın tələbinə uyğun aparılıb-aparılmadığını yoxlanılmamış, Plenum qərarının 17-ci bəndində göstərilən qaydada araşdırma aparmamışdır. Araşdırmanın nəticəsindən asılı olaraq mübahisə predmeti olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamına uyğun tərtib olunduğu halda iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmalı, hazırkı iddia mümkün sayılmamalı, şəhadətnamə sərəncama uyğun tərtib edilmədikdə iddianın digər mümkünlük şərtləri mövcud olduğu halda hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmalıdır”. Məhkəmə tərəfindən mübahisə olunan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamı sorğu edilərək əldə edilmiş və həmin sərəncamın Mingəçevir bələdiyyəsinin mülkiyyətinə torpaq sahələrinin ayrılması ilə bərabər, yerdə qalan torpaqların digər fiziki şəxslərin xüsusi mülkiyyətinə verilməsi məsələsini də həll edib-etməməsi, həmçinin müvafiq şəhadətnamələrin sözügedən Sərəncam əsasında tərtib edilib-edilməməsinə aydınlıq gətirilməsi Mingəçevir şəhər İcra Hakimiyyətindən xahiş edilmişdir. Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda bildirmişdir ki, müvafiq Sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmiş, Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia tələbində ləğv edilməsi tələb edilən, JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən əsasında tərtib edilmişdir. Belə ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə X3 adına torpaq bölgüsünun qeyd edilməsi müəyyən olunduğundan həmin torpaq sahəsinə dair müvafiq şəhadətnamə hazırlanmışdır. Bundan başqa iddiaçı bildirir ki, ləğvini tələb etdiyi şəhadətnamə onun mülkiyyətində olan 1589 kv.m torpaq sahəsinin üzərinə işlənmişdir. İddiaçının mülkiyyətində olan 0.1589 ha torpaq sahəsinə çıxarışın verilməsinə əsas JN-447F nömrəli şəhadətnamə və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş 168 inventar nömrəli texniki pasportda torpaq sahəsi 1589.9 kv.m qeyd edilsə də, həmin texniki pasporta yalnız tikilinin ölçüləri qeyd edilmiş və torpaq sahəsinin yerləşmə vəziyyət ilə bağlı hər hansı qeyd yoxdur. Belə olan halda, cavabdeh orqan tərəfindən Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı əsasında torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsi anlaşılan deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə torpaq qeydi həm də, X11 verilmiş, istinad olunan sərəncam əsasında vətəndaşların uzun müddət istifadələrində olan torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnamə hazırlanıb verilərkən, həmin torpaq sahələrinin, şəhadətnamə veriləcək şəxslərin əvvəllər istifadəsində olması nəzərə alınmışdır. Sözgedən sərəncam “Mingəçevir şəhər ərazisindəki Bələdiyyə torpaqlarının Mingəçevir bələdiyyəsinə təhvil verilməsi üçün komissiya yaradılması haqqında” olsa da, nəzərə alınmalıdır ki, işdə olan bütün digər (cavabdeh orqan tərəfindən təqdim edilmiş digər şəxslərə aid şəhadətnamələr) şəhadətnamələr də, məhz həmin sərəncam əsasında tərtib edilmişdir. JN-448F kod 90200002 nömrəli şəhadətnamənin həmin sərəncam əsasında verilməməsi iddia olunarsa, işdə olan, iddiaçının özünün adına tərtib edilmiş şəhadətnamənin (JN-447F) də mötəbərliyi şübhə altına alınmış olar. Odur ki, məhkəmə hesab edir ki, JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasında tərtib edildiyindən, həmin sərəncam mübahisələndirilmədən onun əsasında verilmiş şəhadətnamə də ləğv edilə bilməz. Nəzərə alınmalıdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli sərəncamı inzibati aktdır ki, həmin sərəncamın mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının sərəncamı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, ləğvi tələb edilən şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli Sərəncamının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq sərəncam qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilə bilməz. İddiaçıya, hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 5 gün müddət təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardım məktubuna xx.xx.2022-ci il tarixdə münasibət bildirərək qeyd etmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli X1 və qeyrilərinin adına 2 dəfə eyni ölçüdə torpaq sahəsinin verilməsi ilə bağlı deyildir. Belə olduğu halda verilmiş JN-448F və JN-448A saylı şəhadətnamələr sərəncama uyğun tərtib edilmədiyindən iddia təmin edilməlidir. İddia tələbi öhdəliyin icrası haqqında iddia olduğundan iddia müddəti hazırkı tələbə tətbiq edilə bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmçinin nəzərə alınmalıdır ki, Məhkəmənin 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1212/2021 nömrəli qərardadı ilə X24, X17, X19, X20 və X34 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilsələr də, mübahisə edilən hüquq münasibətində yuxarıda adları qeyd edilmiş şəxslərin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin şəxslər barəsində vahid qərarın qəbul olunmasını şərtləndirir. Belə ki, adları qeyd edilən şəxslər, iddiaçının mübahisələndirdiyi şəhadətnamədə ümumi birgə mülkiyyətçi kimi qeyd edilmişlər. Buna görə də həmin şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinin birinci cümləsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

Məhkəmənin 2-1(116)-1212/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində adi cəlb edilmiş X24, X17, X19, X20 və X25 hazırkı inzibati mübahisədə iştirakı, adi cəlbetmədən - zəruri cəlbetməyə dəyişdirilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X16, X22, X23, X28 və X12 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardadın “iddianın mümkün sayılmaması” ilə bağlı hissəsindən, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar