Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1810/2024 19.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Qarabağ müharibəsi veteranı adının və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı Nəzdində Veteran Adlarının və X1 Üzrə Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qarabağ müharibəsi veteranı adının və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Qarabağ müharibəsi veteranı adının və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı 09 iyul 2015-ci ildə xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, 02 iyul 2016-cı ildə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 181 nömrəli Əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 29 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən Vətən müharibəsi ilə əlaqədar səfərbərliklə yenidən Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmışdır. Xidmətə N saylı hərbi hissədə başlamış və həmin hərbi hissənin V motoatıcı taborunda xidməti zamanı ön cəbhəyə yüklərin çatdırılması təminatında iştirak etmişdir. 10 noyabr 2020-ci il tarixli 3 tərəfli sülh bəyanatından sonra xidmətini 28 noyabr 2020-ci il tarixdən başlayaraq düşməndən azad edilmiş Qubadlı rayonunun Qarağac kəndində davam etmiş, həmin müddətdə düşmənlə üz-üzə olan hərbi postlarda olmuş və 31 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 774 nömrəli Əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu barədə ona 1- 4453 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir. Lakin bu günə qədər “Müharibə Veteranı” statusunu ala bilməmişdir. İddiaçı hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu göndərilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı səfərbərliklə qeydiyyata alındığı N nömrəli hərbi hissə komandirinin 2023-cü il tarixli 1770 nömrəli məktubunda qeyd olunmuşdur ki, sonuncunun xidmət etdiyi 5-ci taborun şəxsi heyəti döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayon, Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin qeyd olunmuşdur ki, Laçın rayonu 1 dekabr 2020-ci il tarixdən etibarən döyüş əməliyyatları olmadan Azərbaycan Respublikasının nəzarəti altına keçmiş və ilk olaraq N nömrəli hərbi hissə Laçın rayonuna daxil olduğundan İddiaçı həvəsləndirilmə qaydasında “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı S.Q.Məəmədov 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmiş, N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayon, Sarov yaşayış məntəqəsində xidmətdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayon, Sarov yaşayış məntəqəsində qalıb heç bir döyüş əməliyyatlarına cəlb olunmadığı üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2024cü il tarixli 2/2-1018 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir.
2. İ-4453 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
3. SX ******* saylı hərbi biletin aparılmış qeydlərdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
4. Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və iddiaçının Qeydiyyat kartası;
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1536 nömrəli məktubu;
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrindən çıxarış:
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 368 nömrəli əmrindən çıxarış:
8. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, tələbini “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq adının müharibə veteranlarının müvafiq siyahısına daxil edilməyi üçün qərar qəbul edilməsi və bu haqda qərarın icrasını cavabdehə həvalə edilməsi” şəklində ifadə etsə də, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Cavabdeh orqan iddia tələbinə etirazında Müdafiə Nazirliyinin komissiyası tərəfindən iddiaçıya veteran adının və vəsiqəsinin verilməsinin qanuna zidd olmasını bildirmişdir. Odur ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağını nəzərə alaraq mübahisəyə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi çərçivəsində hüquqi qiymət vermişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh hazırki tələblə ona müraciət edən iddiaçının müraciətinin təmin edilməsindən imtinasını iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmaqla yanaşı, həm də əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. Belə ki, iddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. İddiaçı, döyüş əməliyyatlarında iştirak etdiyi üçün uzun müddət düşmən işğalı altında olan Laçın rayonunun azad edilməsində iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 saylı Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-4453 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, iddiaçı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə “Laçının azad olunmasına görə” medalla təltif edilmişlər. Yəni, iddiaçının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi və buna görə təltif olunması istinad olunan Sərəncamla birbaşa sübuta yetirilir. Bundan başqa, iddiaçının şəxsi işində və ona məxsus hərbi biletdə onun səfərbərlik sərəncamı əsasında hərbi xidmətə cəlb edilməsi və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 01435 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, həmçinin, onun xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər icra edilmişdir. Sadalanan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün göstərilən sənədlərin siyahısında əks olunmuşdur. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusi ilə Laçın rayonu ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Məhkəmə hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə - Ali Baş Komandan səviyyəsində təltif edilmiş iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəfindən cavabdeh orqanın inzibati praktikasının və iddiaçının tələbinin təmin olunmasından imtinasının faktiki hallarının yoxlanılması məqsədilə cavabdeh orqana dəfələrlə sorğular göndərilmiş, lakin cavabdeh orqan məhkəmənin sorğularına mahiyyəti üzrə cavab verə bilməmiş, iddiaçının hərbi xidmətinə dair sənədlər göndərilərək sorğuda qeyd edilmiş sualların cavablandırılmasından yayınmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə