Məhkəmə qərarları › İş №2-1(116)-1811/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1811/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1811/2023 17.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyim dövrü güzəştli şərtlərlə xidmət illəri kimi nəzərə almaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək pensiyasının yenidən hesablanması və bu hesablanmaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrü güzəştli şərtlərlə xidmət illəri kimi nəzərə almaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 oktyabr 2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş,həmin qurumdan pensiyaya çıxmışdır.Cavabdeh inzibati orqana müraciət edərək pensiyasının yenidən hesablanması üçün barəsində yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı xx xxxxxxx 1973-cü ildə anadan olmuş, 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra 2002-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qəbul olunaraq əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş və 2015-ci ilin dekabr ayında "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. İddiaçının pensiya təyin etmək üçün xidmət illərinin hesabı təhlil edilərkən müəyyən edilmişdir ki, onun xidmət illəri təqvim hesabı üzrə 19 il 01 ay 16 gün, güzəştli xidmət 11 il 01 ay 18 gün və ali təhsil 02 il 06 ay olmaqla cəmi 32 il 09 ay 04 gün hesablanmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının xidmət illərinin güzəştli xidmət illərinə aid edilməsi DTX-nin normativ hüquqi aktlarına əsasən müvafiq əmrlə rəsmiləşdirilir. İddiada qeyd olunan müddətlərdə İddiaçı xidmət etdiyi hərbi hissənin döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı ilə bağlı Müdafiə Nazirliyinin qərarlarının və ya hər hansı digər hüquqi aktın (məlumatın) DTX-də mövcud olmadığını nəzərə alaraq, həmin xidmət illərinin güzəştli xidmət illərinə daxil edilməsi həyata keçirilməmişdir. İddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusunun N nömrəli hərbi hissəsində N avqust 2002-ci il tarixdən 13 sentyabr 2004-cü il tarixədək xidmətdə olduğu müddətin bir ayı üç ay kimi sayılır, 13 sentyabr 2004-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək olan müddət isə bir ayı iki ay kimi sayılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 1332 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2001-ci il tarixli 0145 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2002-ci ildən, xx.xx.2002-ci il tarixli 0151 nömrəli əmrində xx.xx.2003-cü il tarixdən, xx.xx.2004-cü il tarixli 0135 nömrəli əmrində xx.xx.2005-ci il tarixdən, xx.xx.2005-ci il tarixli 0129 nömrəli əmrində xx.xx.2006cı il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. İddiaçıya məxsus EZ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti; Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” xx.xx.2004-cü il tarixli Qanunun 20.1-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikasının Nazirlər 23 noyabr 1992- ci il tarixli 631 nömrəli qərarı xidmət və güzəştli xidmət müddətinin hesablanması məsələlərinin tənzimlənməsinə yönəlib, vəzifə maaşı və rütbəyə əlavə əmək haqqı verilməsi məsələsinin tənzimlənməsinə yönəlməyib.(Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Həmin Qərarın 1 iyul 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında göstərilir:

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; b) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti. Göstərilən orqanlarda döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin xidmət müddətinin hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması Qaydası” haqqında 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı əsasında hesablanır, ödənişin də həmin hesabla həyata keçirilməsi isə orqanların daxili əmri əsasında həyata keçirilir. İşin müəyyən edilmiş hallarından görünür ki,iddiaçının Azərbaycan Ordusunun N nömrəli hərbi hissəsində N avqust 2002-ci il tarixdən 13 sentyabr 2004-cü il tarixədək xidmətdə olduğu müddətin bir ayı üç ay kimi, 13 sentyabr 2004cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək olan müddət isə bir ay iki ay kimi sayılır.Həmin hərbi hissə ilə bağlı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2001-ci il tarixli 0145 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2002-ci ildən, xx.xx.2002-ci il tarixli 0151 nömrəli əmrində xx.xx.2003-cü il tarixdən, xx.xx.2004-cü il tarixli 0135 nömrəli əmrində xx.xx.2005-ci il tarixdən, xx.xx.2005-ci il tarixli 0129 nömrəli əmrində xx.xx.2006-cı il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan xidmət dövrü bir günə üç gün kimi, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrü güzəştli şərtlərlə xidmət illəri kimi nəzərə almaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilir. İddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək xidmət dövrünü bir günə üç gün, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək xidmət dövrünü bir günə iki gün kimi güzəştli xidmət illərinə nəzərə almaqla, yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar