Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1811/2025 25.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X28 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X19, cavabdehin nümayəndəsi X12 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı idia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X4, anası X13 olmaqla, xx.xx.1984-cü il tarixdə Ermənistan SSR Massis rayonunda doğulmağına dair xx.xx.1984cü il tarixdə tərtib edilmiş 89 nömrəli doğum haqqında akt qeydinin qeydiyyat faktının müəyyən edilməsi, adına –İddiaçı aid doğum akt qeydinin tərtib edilməsi, həmin akt qeydində soyadının “Balamədov”, adının “Rasif”, ata adı qrafasında “X4”, ana adı qrafasında “X13”, doğulduğu yerin “Ermənistan SSR Masis rayonu, Dostluq kənd soveti”, milliyətinin “azərbaycanlı” kimi qeyd edilməklə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, xx.xx.1984-cü ildə Ermənistan SSR, Masis rayonunda anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamənin ata və ana qrafaları hissəsinə qara düşmüş və düzəliş edilmiş, buna görə də sənədləşmə işlərində problemlərlə qarşılaşmışdır. Doğum şəhadətnaməsi oxunmaz haldadır. Belə ki, ata adı hissəsinə xətt düşmüş, ana adı hissəsinə isə qara düşmüşdür. Həmçinin qeydiyyat yerində “Masis rayonu” yazılan hissəsi də oxunmaz vəziyyətdədir. O, doğum haqqında şəhadətnaməsinə düzəlişlər edilməsi üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh qurum imtinanı onunla əsaslandırmışdır ki, doğum qeydi xx.xx.1984-cü il tarixdə 89 nömrəli doğum haqqında akt qeydi əsasında Ermənistan SSR Masis rayonu, Dostluq icra nümayəndiliyi tərəfindən verilmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Belə sənədlər təqdim edilə bilmədiyindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirərək doğum haqqında akt qeydinin bərpa olunması öhdəliyinin cavabdeh X24 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İdiaçının nümayəndəsi və vəkili X19 iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh orqanın nümayəndəsi məhkəmə baxışında iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər ttərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Bənd 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bənd 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı: Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə araşdırmasının predmetini təşkil edən: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İV-СЛ № 435558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının məlumatları rus dilində olmaqla soyadı “Balamedov”, adı “Rasif”, ata adı “Ziyavədin”, doğum tarixi “xx.xx.1984” doğulduğu yer “Dostluq, Masis” kimi qeyd edilmiş, ata qrafasında “X18-aziz ” kimi qeyd edilmiş, ad və ata adının üzərindən xətt çəkilmiş, ana qrafasında “X23” qızı qeyd olunmuş, “Ö” hərfinin üzərində qaralama edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Balamədov”, adı “Rasif ”, atasının adı “Ziyavəddin”, doğulduğu yer “Ermənistan”, doğulduğu tarix isə “xx.xx.1984” kimi qeyd olunmuşdur. - AC 537549 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Balamədov”, adı “Rasif ”, atasının adı “Ziyavəddin”, doğulduğu yer “Ermənistan”, doğulduğu tarix isə “xx.xx.1984” kimi qeyd olunmuşdur. - Vİİİ-ЖГ № 378311 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, iddiaçının qardaşının soyadı “Bələmədov”, ata qrafasında “X5”, ana qrafasında “X15” qeyd olunmuşdur. - AZ-İ № 646734 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. - AZ-İİ № 448852 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - Nikah haqqında 489 nömrəli akt qeydinin surətindən görünür ki, iddiaçının evlənəndək və evləndikdən sonra soyadı “Balamədov”, adı “Rasif”, atasının adı “Ziyavəddin”, doğulduğu tarix “xx.xx.1984”, doğulduğu yer “Ermənistan, Masis” kimi qeyd olunmuşdur. - Doğum haqqında 134 nömrəli akt qeydinin surətindən görünür ki, iddiaçının atası “X14” kimi qeyd edilmişdir. - Ölüm haqqında 0624 nömrəli akt qeydinin surətindən görünür ki, ölən şəxs- “X9” kimi qeyd edilmişdir. - Nikah haqqında 13 nömrəli akt qeydinin surətindən görünür ki, evlənənlər-“X11”, “X22” kimi qeyd edilmişdir. - Ölüm haqqında 0274 nömrəli akt qeydinin surətindən görünür ki, ölən şəxs X3 qeyd edilmişdir. - Doğum haqqında 51 nömrəli akt qeydindən görünür ki, iddiaçını qardaşının soyadı Bələmədov, ata haqqında məlumat qrafasında X6, ana haqqında məlumat qrafasında X7 qeydlər aparılmışdır. - Fərdi uçot kartoçkasının surətindən görünür ki, qeydə alınan şəxs X3 qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ermənistanda doğulmuş Rasif Bələmədovun doğumu haqqında akt qeydinə dair məlumat informasiya sistemində aşkar edilməmiş, Ermənistanda tərtib olunan vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri nazirliyin qeydiyyat şöbələrində və vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmır. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı anası Bələmədova (Süleymanova) Qaragöz Hüseyn qızının atası- X21, anası X17 olmaqla, xx.xx.1956-cı ildə Ermənistan, Masis rayonu, Dostluq kəndində doğulmasının qeyd edilməsi faktı qət edilmişdir. - Doğum haqqında 0001 nömrəli akt qeydindən (bərpa) görünür ki, iddiaçının anası X2 qeyd edilmiş, doğum tarixi xx.xx.1956-cı il qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İstinad edilən 13-cü bənddən göründüyü kimi, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası üçün ərizə verən şəxs kimi yaşadığı ərazidə yerləşən qeydiyyat şöbəsinə müraciət edir və həmin ərazidə fəaliyyət göstərən qeydiyyat şöbəsi həmin ərizəni icra edir. İddiaçının doğumu Ermənistan SSR-də qeydə alınıb. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün hazırda məlum səbəblərdən Ermənistana gedə bilmir. Bu səbəbdən də, o, doğum akt qeydinin Azərbaycanda bərpa olunmasını istəyir. Hazırda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmidiplomatik münasibətlər olmadığından iddiaçı, yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmişdir. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 19-cu bəndində göstərilən inzibati hərəkətin həyata keçirilməsinin (rəy və toplanmış digər materialların icra üçün Ermənistana göndərilməsinin) mümkün olmaması doğum akt qeydinin bərpasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı dövlət mənafeyi üçün əhəmiyyət kəsb edir və vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd). İddiaçının təqdim etdiyi, İV-СЛ 435558 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, onun doğulduğu tarix- xx.xx.1984-cü il, doğulduğu yer- Dostluq, Masis kimi qeyd edilmişdir. Həmin məlumatlar iddiaçının iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Nikah haqqında 489 nömrəli akt qeydinin surətlərində də əks olunmuşdur. Belə ki, qeyd edilən sonuncu sənədlərdə də iddiaçının doğulduğu tarix xx.xx.1984-cü il, anadan olduğu yer Ermənistan, Ermənistan SSR, Ermənistan, Masis kimi qeyd edilmişdir. Məhkəmə sənədlər arasında uyğunluğu nəzərə alaraq iddiaçının doğumu haqqında akt qeydinin əvvəllər həqiqətən mövcud olması qənaətinə gəlir və hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən haqlı olmamışdır. Məhkəmədə eyni zamanda onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi, İV-СЛ 435558 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətində “Balamedov” kimi qeyd edilmiş soyadı, həmçinin “Ziyavadin” kimi qeyd edilmiş ata adı onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Nikah haqqında 489 nömrəli akt qeydinin surətlərində əks olunmuş soyadı və ata adı ilə fərqlilik təşkil edilmiş, göstərilən sonuncu sənədlərdə soyadı “Balamədov”, ata adı isə “Ziyavəddin” kimi qeyd edilmişdir. Məhkəmə həmin fərqliliklə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi, İV-СЛ 435558 nömrəli doğum haqqında şəhadətnamə rus dilində tərtib edildiyindən və həmin dilin əlifbasında Azərbaycan əlifbasında olduğu kimi “ə” saiti olmadığından iddiaçının soyadı rus dilinə uyğunlaşdırılaraq yazılmışdır. Həmçinin qeyd edilən doğum haqqında şəhadətnaməyə diqqət edikdə görünür ki, İddiaçı aid hissədə ata adı bir “d” hərfi yazılmaqla, ata adı qrafasında isə iki “d” hərfi yazılmaqla qeyd edilmişdir. Yəni şəhadətnamənin bir hissəsində ata adı Ziyavədin, bir hissəsində isə Ziyavəddin kimi qeyd edilmişdir. Məhkəmə bir sənəddə ata adının fərqli yazılmasını həmin sənədi tərtib edən qurumun səhvi kimi qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, istər inzibati qrumun sənəd tərtibi zamanı yol verdiyi, istərsədə dillər arasında mövcud fərqlərdən yaranmış hərf və ya orfoqrafik səhvlər, doğum haqqında akt qeydinin yenidən tərtib edilməsindən imtina üçün əsas ola bilməz, əks təqdirdə bu, yuxarıda qeyd olunduğu kimi dövlət mənafeyinə, vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədinə zidd ola bilər. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı tələbləri aşağıdakılardan ibarətdir: - soyadının “Balamədov”, - adının “Rasif” - ata qrafasında “X4”, - ana qrafasında “X13” - doğulduğu yer “Ermənistan SSR Masis rayonu” - milliyyət qrafasında “azərbaycanlı” qeyd edilməsi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçını özünə və valideynlərinə aid yuxarıda qeyd edilən bəzi, əsasən sovet dövründə tərtib edilmiş sənədlərdə, ad, soyad, ata və ana adlarında hərf dəyişmələrindən ibarət uyğunsuzluqlar olmuşdur. Bununla, belə yuxarıda göstərilən, əsasən də müstəqillik dövründə vətəndaşlıq vəziyyəti ilə bağlı tərtib edilmiş sənədlərdə (iddiaçının şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə, valideynlərinin ölümü haqqında şəhadətnamələr, ölüm haqqında akt qeydləri) iddiaçının qeyd edilməsini tələb etdiyi məlumatlar öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən doğum şəhadətnaməsinin tərtibi zamanı çoxsaylı texniki xətalara yol verilsə də iş üzrə digər akt qeydləri və digər sənədlər əldə edilmiş və müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmuşdur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh üzərinə xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş İddiaçı barəsində Masis rayon icra nümayəndəliyi tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X24 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin üzərinə xx.xx.1984-cü il tarixdə tərtib edilmiş 89 saylı doğum haqqında akt qeydində soyadının “Balamədov”, adının “Rasif”, ata qrafasında “X4”, ana qrafasında “X13”, doğulduğu yer “Ermənistan SSR Masis rayonu (Zəngibasar)”, milliyyət qrafasında “azərbaycanlı” qeyd edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim X31.
Məhkəmə qərarları › İş №2-1(116)-1811/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1811/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver