Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1813/2025 24.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan 19 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2010-cu ildə keçirilən hərracda qalib olmuşdur. Bundan sonra ona müsabiqənin qalibi olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Torpaq hərrac və müsabiqə komissiyasında xx.xx.2010-cu il tarixdə 05 nömrə ilə qeydiyyata alınmaqla şəhadətnamə verilmişdir. Mingəçevir Bələdiyyəsinə icarə müqaviləsinin bağlanması ilə əlaqədar müraciət etmiş lakin bələdiyyə icarə müqaviləsinin bağlanmasından imtina etmişdir. İddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Cavabdeh Mingəçevir Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, onların iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı: Bənd 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.2. ....torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə;
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.
22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları:
3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Vİ. Müqavilələrin bağlanması və hüququn verilməsi.
18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir.
III. MƏHKƏMƏNİN MÖVQEYİ:
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən verilmiş Şəhadətnamənin surətindən görünür ki, Məmmədov X1 Bələdiyyəsinin mülkiyyətində olan 19 kv.m topraq sahəsinin icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2010-cu il tarixdə keçirilmiş müsabiqənin qalibidir. Torpaq sahəsi müsabiqədə 400 manata icarəyə (25 il müddətinə) verilmişdir. Yuxarıda istinad olunan “Əsasnamə”nin və “Qaydalar”ın tələbindən göründüyü kimi bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə inzibati akt - qərar qəbul edir. Əsasnamənin 10-cu bəndində isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 və 16.4-cü maddələrinə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə və hərrac və ya müsabiqə keçirilmədən torpaq sahəsinin satıldığı hallara münasibətdə torpaq sahəsinin bilavasitə bələdiyyə qərarı ilə ayrılması nəzərdə tutulur. Əsasnamənin 23-cü bəndi də məhz birbaşa torpaq sahəsinin ayrılması nəzərdə tutulan hallarda (10-cu bənddə göstərilən) bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul etməli olduğunu müəyyən edir. İstinad olunan Əsasnamənin 22-ci bəndində bələdiyyənin hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra növbəti dəfə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməli olduğu qeyd olunur. Yəni, hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsinə münasibətdə bələdiyyə ilkin olaraq hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə, daha sonra isə üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməklə inzibati fəaliyyəti həyata keçirir və müvafiq sənədləri hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməklə inzibati fəaliyyətini başa çatdırmış olur. Bundan sonrakı prosedurda isə müsabiqə və ya hərrac vasitəsilə torpaq sahəsi mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən şəhadətnamə verilir ki, həmin şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Göründüyü kimi müsabiqədə qalib gəlmiş şəxsə təqdim edilmiş şəhadətnamə həmin subyektlə bələdiyyə arasında mülki qanunvericiliyə uyğun müqavilə bağlanması üçün yetərli olduğundan bələdiyyənin yenidən inzibati fəaliyyət həyata keçirməsi və bunun nəticəsində inzibati akt qəbul etməsinə lüzum yoxdur. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi qanunvericilikdə də bununla bağlı bələdiyyənin inzibati fəaliyyət həyata keçirməsi proseduru müəyyənləşməmişdir. Yəni, bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etdikdən sonrakı fəaliyyəti inzibati hüquq münasibətləri ilə deyil, keçirilmiş hərracın və ya müsabiqənin nəticəsindən asılı olaraq mülki hüquq münasibətləri ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın satılması ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan bu tələblər üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmələrində baxılaraq hüquqi qiymət verilir. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən ( o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. Müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırılan mülki hüquq münasibətlərindən yaranan məsələlər barədə ümumi rayon məhkəməsinə müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
X3 Əsədova