Məhkəmə qərarları › İş №2-1(116)-1814/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1814/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1814/2023 13.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzili iddiaçıların adına özəlləşdirərək, həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən şəhəri, M.Əsədov küçəsi, bina-2 ünvanında yerləşən 7 nömrəli mənzili iddiaçıların adına özəlləşdirərək, həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbində qeyd etmişdir ki, Balakən şəhəri, M.Əsədov küçəsi, bina-2 ünvanında yerləşən 7 nömrəli mənzil qanuni əsaslarla onların istifadəsindədir. 1994-cü ildən qeyd olunan mənzildə yaşayırlar və Balakən Rayon Mənzil İstismar Müəssisəsi ilə iddiaçılar arasında “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin birtiplisi haqqında birtipli müqavilə” bağlanmışdır. 1994-cü ildən mənzilin bütün xidmət haqqları da iddiaçılar tərəfindən Balakən Rayon Mənzil İstismar Müəssisəsinə ödənilmişdir. Qeyd olunan mənzili özəlləşdirərək həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya münasibətində bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan mənzilə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinə əlavə etmiş kirayə müqaviləsi icra hakimiyyəti orqani tərəfindən təsdiqlənmmişdir. Bu səbəbdən iddiaçının ərizələrinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023 cı il tarixli 3-21-3-47/2-8/2023 nömrəli məktub göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçılar tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2009-cü il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında birtipli müqavilə”dən görünür ki, Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən Balakən şəhəri, M.Əsədov küçəsi, bina-2 ünvanında yerləşən 7 nömrəli mənzil iddiaçılara müddətsiz istifadə üçün verilmişdir. - Balakən Rayon Mənzil İstismar Müəssisəsinin xx.xx.2023-cü il tarixli 37 nömrəli arayışından görünür ki, Balakən şəhəri, M.Əsədov küçəsi, bina-2 ünvanında yerləşən 7 nömrəli mənzilinin sakini 1994-cü il tarixdən həmin mənzildə yaşayır və yaşadığı müddətdə mənzil xidmət haqqlarını ödəmişdir. - İcariyyə Komitəsi Mənzil İstismar Müəssisəsinin xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışından görünür ki, İddiaçı1 onun qızı İddiaçı2 və nəvəsi X1 şəhəri, M.Əsədov küçəsi, bina-2 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşayırlar. - Balakən rayon İHB-nın xx.xx.2023-cü il tarixli 5-36/2-03-1450/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən mənzil Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansındadır. İddiaçıların bildirdiyinə görə, 1994-cü ildən həmin mənzili xarici ölkəyə köçmüş şəxslərdən biri qeyr-rəsmi, nəğd pulunu ödəməklə almışdır. Mənzilin sakinləri ilə Balakən Rayon Mənzil İstismar Müəssisəsi arasında "xxxx" bağlanmamışdır. Müəssisə ilə vətəndaş arasında xidmət müqaviləsi bağlanmışdır və Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən təqdim edilən məlumata əsasən xidmət haqqı vətəndaş tərəfindən vaxtında ödənilir. İddiaçı1, onun qızı İddiaçı2 və nəvəsi X3 hal-hazırda həmin ünvanda qeydiyyatda olmaqla faktiki orada yaşayırlar. - Balakən Rayon Mənzil İstismar Müəssisəsinin xx.xx.2023-cü il tarixli 38 nömrəli məktubu; - Balakən Rayon Mənzil İstismar Müəssisəsi ilə vətəndaş İddiaçı1 arasında bağlanmış xidmət müqaviləsinin surəti; Balakən Rayon Mənzil İstismar Müəssisəsinin xx.xx.2023-cü il tarixli 117 nömrəli arayışı; Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Mənzil Məcəlləsi: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Qanunverici, mənzilin özəlləşdirilməsinin həyata keçirilməsi üçün konkret olaraq müəyyən etmişdir ki, şəxs yaşadığı mənzili özəlləşdirmək barədə ərizəsinə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. Bundan sonra DƏDRX-in müvafiq Ərazi İdarəsi mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirərək vətəndaşın mənzilə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi - yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarətdir ki, sözügedən mənzilə dair kirayə haqqında müqaviləni Balakən Rayon Mənzil İstismar Müəssisəsi təsdiq etmişdir.İşin müəyyən edilmiş hallarına əsasən mənzilin həmin Müəssisəsinin balansında olduğu təsdiq olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Balakən Rayon Mənzil İstismar Müəssisəsi ilə İddiaçı1 arasında sözgedən mənzilə dair “xidməti müqavilə” bağlanmışdır İddiaçılar, qanunla tələb olunan “xidməti müqavilə”ni, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışı (2 №-li forma) cavabdehə təqdim etsə də, cavabdeh bunları nəzərə almamış, nəticədə hüquqların dövlət qeydiyyatından əsassız imtina etmişdir. İddiaçıların həmin mənzildə 1994-cü ildən faktiki yaşadıqları, Balakən Rayon Mənzil İstismar Müəssisəsi ilə İddiaçı1 arasında xx.xx.2009-cu il tarixli kirayə haqqında birtipli müqavilə bağlandığı işin mübahisəsiz hallarındandır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzili üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı ünvan 5 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar