Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1816/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi və işə bərpa vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi və işə bərpa vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, “xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman itirilmiş illərin əmək stajına hesablanması” dedikdə N-ci ilin may ayının 31-dən bu günkü günə qədər – yəni, xx.xx.2024-cü il tarixədək müddət üzrə hesablanmanı tələb edir. Belə ki, N-ci ilin may ayının 31-dən sonra iyulun sonunda bağlaşma müddəti başa çatacaqdı. Bundan sonra 5 illik müddətə və daha sonra pensiya yaşına çatanadək bağlaşmanın uzadılması niyyətində olmuşdur. Odur ki, ödənişlərin hazırkı vaxtadək olan müddət üzrə hesablanmasını tələb edir. O, yenidən işə qəbul edilmək üçün müraciət etsə də, N saylı hərbi hissədən 2024-cü ilin yanvar ayında 3 ay kurs keçməklə yenidən işə bərpa olunmasının mümkünlüyü ilə bağlı məktub gəlmiş, kursun keçirilməsinə etiraz etdiyi üçün 2024-cü ilin noyabr ayından X1 müraciət etməli olduğu ona izah edilmişdir. O, kursa cəlb olunmadan işə bərpa olunmaq istəyir. Cavabdeh orqan məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçının mübahisələndirdiyi “xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi və işə bərpa” tələbinin, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 0105əç nömrəli əmri və əmrdən irəli gələn hüquqlarının pozulmasından irəli gəldiyini iddia edir. Bununla bağlı bildirilir ki, həmin əmr hazırda qüvvədə olduğundan iddia tələbi əsassızdır və mümkün sayılmamalıdır. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrıfikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibatı aktiara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 -ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair' 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasım nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 0105əç nömrəli əmridir, iddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün, yəni 30 iyun N-ci il tarixdə bitmiş və iddiaçı isə N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 0105əç nömrəli əmrinin mübahisələndirilməsi barədə ərizəsini isə xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində N nömrəli hərbi hissə komandanlığı tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq iddia tələbinin mümkünsüz sayılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçının hazırki iddia tələbi çərçivəsində cavabdeh orqana qarşı yönəlmiş tələbləri aşağıdakılardan ibarətdir: - xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyatsızlığa buraxıldığı zaman itirilmiş illərin əmək stajına hesablanması, - bağışlanmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi, - işə bərpa edilməsi. İşin hallarından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı (703 nömrəli hərbi hissənin 2-ci taborun 4-cü bölüyün 2-ci taqımın 1-ci manqanın komandiri) N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 0105əç nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın hüquqi qüvvəyə minməsi onun ləğvinə və ya dəyişdirilməsinə qədər mövcud olur. İnzibati aktın hüquqi qüvvəyə minməsi isə hüquqi nəticələr yaradır. Əgər inzibati akt (hərbi qulluqçunun ehtiyata buraxılması barədə əmr) qüvvədədirsə və iddiaçı həmin aktı mübahisələndirmək üçün qanunla nəzərdə tutulan müddət ərzində müraciət etməyibsə, bu zaman həmin aktın hüquqi nəticələri məhkəmə tərəfindən etibarlı qəbul edilir. Buna görə də, iddiaçı, ehtiyata buraxılma barədə əmri mübahisələndirmədən və həmin əmrin ləğvinə nail olmadan hazırkı iddia ərizəsində qeyd edilmiş tələbləri cavabdeh orqana qarşı irəli sürə bilməz. Belə ki, sözügedən əmrin qüvvədə olması yaratdığı hüquqi vəziyyəti (əmək stajının itirilməsi, iş buraxma dövrü üzrə əmək haqqının ödənilməsi və ya işə bərpa olunması) mübahisələndirmək imkanlarını aradan qaldırır. Başqa sözlə iddiaçının ehtiyata buraxılması barədə inzibati akt hüquqi qüvvəyə minmişdir və onun əsasında yaranan hüquqi nəticələrin (əmək stajının itirilməsi, işdən azad olunma və s.) hüquqi baxımdan aradan qalxması birbaşa olaraq həmin inzibati aktın özünün ləğvindən asılıdır. Bütövlükdə irəli sürülmüş tələblər artıq qüvvədə olan inzibati aktın təsiri altındadır. Şərh olunanları ümumiləşdirərək ehtiyata buraxılma barədə mübahisələndirilməmiş inzibati aktın hüquqi qüvvəsinin etibarlı olduğu nəzərə alınmaqla məhkəmə hesab edir ki, irəli sürülmüş tələblərə hüquqi qiymətin verilməsi yalnız ehtiyata buraxılma barədə inzibati aktın ləğvindən sonra mümkündür. Odur ki, iddiaçı, ehtiyata buraxılma barədə əmr qüvvədə olduğu müddət ərzində bu hüquqi vəziyyətlə bağlı hər hansı mübahisə qaldıra bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddia ərizəsinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi və işə bərpa vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1816/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1816/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver