Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1816/2025 09.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərarı ləğv edərək əsassız hesablanmış 19.980 manat vergi borcunun silinməsi" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərarı ləğv edərək əsassız hesablanmış 19.980 manat vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun Bakı şəhərində yerləşən "xxxx" MTKda 10 faiz payı olmuşdur. Həmin pay təxminən 3 il iddiaçıya məxsus olmuşdur. Daha sonra o işləri ilə əlaqədar ölkə xaricinə getmək məcburiyyətində qaldığından, həmin payın idarə olunması, həmçinin digər məsələlər üçün mərhum anası-X1 etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra şəriki olan Hüseyn adlı şəxs zəng edərək "xxxx" MTK-nın sənədləşmə işlərində problemlər olduğunu, həmin problemlərin aradan qaldırılması üçün qohumu olan Elvin adlı şəxsə etibarnamə verilməsi zərurəti olduğunu bildirmişdir. O da, Hüseyn şəriki olduğundan, həmçinin uzun müddətdir ki, həmin şəxsi tanıdığından onun təklifi ilə razılaşıb, mərhum anasına Elvin adlı şəxsə etibarnamə verməsini bildirdi. Daha sonra gedən proseslərinin heç birindən məlumatı və xəbəri olmamışdır. Sonra Azərbaycana gələndən sonra Elvinin onun adına olan payı başqa şəxsə satmasını bilmişdir. Bundan dərhal sonra iddiaçı notariusa gedərək anası tərəfindən verilmiş etibranaməni ləğv etdirdi. Daha sonra 2023-cü ilin noyabr ayının 11-də İstanbul şəhərində polis tərəfindən saxlanılmış və Azərbaycan Respublikasına gətirilmişdir. 2024-cü ilin iyul ayının 24 də Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılmış və Bakı Apellyasiya Məhkəməsində barəsində aparılmış cinayət işinə xitam verilmişdir. Həmin müddətdə barəsində vergilər orqanında aparılan icraatdan məlumatı olmamış və iddiaçının iştirakı və izahatı olmadan əsassız və qanunsuz qərar qəbul edilmişdir. Daha sonra iki gün öncə Türkiyə Respublikasına gedərkən dövlət sərhəd xidmətində iddiaçıya ölkədən çıxmağına vergi oranı tərəfindən məhdudiyyət qoyulduğu bildirilmişdir. İddiaçı dərhal bununla bağlı 11 saylı ərazi vergilər idarəsinə gedərək, onun barəsində məlumatı olmadan nə qərar qəbul edildiyini və iddiaçıya nəyə görə ölkədən çxmağına məhdudiyyət qoylduğunu öyrəndi. Onlar iddiaçı barəsində qərar qəbul edildiyini bildirdilər və iddiaçı rəsmi şəkildə ərizə verərək barəsində qəbul edilmiş qərarın surətini aldı. Qərarla tanış olanda ona məlum oldu ki, 11 saylı ərazi vergilər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə **********795300 nömrəli qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş qərarı tam qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/782 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə nominal dəyəri 100,0 manat olan təsisçi (iştirak) payını faktiki olaraq 100000,0 manata təqdim etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən 2020-ci il üzrə 19980,0 manat ((100000,0 - 100,0) x 20%) gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Odur ki, iddiaçının bildirdiyi fikirlər məsuliyyətdən yayıma xarakteri daşıdığı təqdim olunan sənədlərlə sübuta yetirilir və tələb əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərar;
2. xx.xx.2020-ci il tarixli Müəssisədəki oayın Alqı-satqı müqaviləsinin surəti.
3. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)- 1978-2024 nömrəlo qərarının surəti.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1914/2024 nömrəli hökmünün surəti.
5. xx.xx.2023-cü il tarixli ********* nömrəli Sübutların qiymətləndirilməsi haqqında qərarın surəti.
Əsaslandırma hissəsi:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixində verildiyindən və iddiaçının təqdim etdiyi sübutlara əsasən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi bəyannaməsinin təqdim edilməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır.Cavabdeh iddiaçı barəsində mübahisələndirilən qərarı qəbul edilməsini Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/782 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən qəbul etdiyini bildirmişdir. Məhkəmə hsab edir ki,cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərarı prosessual və maddi baxımdan qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki,mübahisələndirilən qərardan görünür ki,bəyənnamə və hesabat dövrü 2020-ci ili əhatə edir. Vergi ödəyicisi 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar : kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməlidir. Cavabdeh Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinadən 3 il ərzində vergiləri ödəmək hüququ olduğunu bildirsə də, bununla bağlı qeyd edilməlidir ki, kameral vergi yoxlaması metodu ilə 3 il ərzində o halda vergi hesablana bilər ki, iddiaçı bəyannamə təqdim etsin və həmin bəyannamədən 30 iş günü müddəti keçməmiş olsun. Hazırkı halda, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması aparılmaqla vergi hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə ziddir (qeyd edildiyi kimi kameral yoxlamanın aparılması bəyannaməyə əsaslandığından). Belə ki, kameral vergi yoxlamasını tənzimləyən normaların birgə təhlili onu deməyə əsas verir ki (Vergi Məcəlləsinin 37.3 və 37.4-cü maddələri), vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə tərəfindən kameral vergi yoxlaması qaydasında vergilərin hesablanmasının qanunsuz hesab edilməsi vergi orqanının Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Cavabdeh səyyar vergi yoxlaması keçirməklə 2020-ci ilin gəlir vergisi ilə bağlı hesablama apara bilərdi, lakin bu hüququndan istifadə etməmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********795300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə