Məhkəmə qərarları › İş №2-1(116)-182/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-182/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-182/2022 12.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, ərizəsini dəqiqləşdirərək tələbinin yönəldiyi cavabdeh orqanı - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi olaraq qeyd etmişdir. Məhkəmənin 12.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax şəhəri İ.Mustafayev küçəsinin əvvəlki adı Qax şəhəri Lenin küçəsi olmuş, həmin küçədə yerləşən 80 №-li yaşayış evinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi X1 xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən 05.10.1989-cu il tarixdə iddiaçıya satılmışdır. Həmçinin, iddiaçıya məxsus yaşayış sahəsinə bitişik olan, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi 28.11.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılmışdır. İddiaçı müvafiq alqı-satqı müqavilələri əsasında ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq əmlak üzərində mülkiyyət hüququnun yaranmasını - bağlanmış alqı-satqı müqavilələri ilə, cavabdeh orqan, iddia tələbinə etirazını sözügedən ünvanda yerləşən evlə bağlı əqddə iştirak edən satıcı tərəflərin həmin ünvan üzrə heç bir hüquq sahibi olmamaları ilə, həmçinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi üzrə arxivdə mövcud texniki psportlarda hüquq sahibinin X6 olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Qax rayon Dövlət Notariat ofisində 05.10.1989-cu il tarixdə 2-498 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 1900-cü ildə inşa edilmiş,115.9 kv.m torpaq sahəsində yerləşən, 43.9 kv.m ümumi sahəsi olan yaşayış evi Qax rayon notariat kontorunun tərtib etdiyi 09.09.1988-ci il tarixli reyestr-2-40 №-li “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X1 xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən 05.10.1989-cu ildə (etibarnamə üzrə nümayəndəsi X5 vasitəsilə) iddiaçıya satılmışdır. - Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Qax rayon Dövlət Notariat ofisində 28.11.1990-cı il tarixdə 2-711 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Qax rayon XDS İcraiyyə komitəsinin 27.10.1989-cu il tarixli 16 №-li iclasının qərarı ilə Lenin küçəsi 80 №-li evdəki 24 kv.m yaşayış sahəsi olan, 3486 manat balans dəyərindəki bir otaqlı kommunal mənzilin İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 14.06.1989-cu il tarixli 257 №-li qərarına əsasən satılmasına icazə verilmişdir. Həmin mənzil MİS-nin balansındadır, 24 kv.m yaşayış sahəsi olan otaq, iddiaçıya məxsus olan evə bitişikdir. 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi 28.11.1990-cı ildə Qax rayon XDS İK tərəfindən (etibarnamə üzrə nümayəndəsi X11 vasitəsilə) iddiaçıya satılmışdır. - 01.03.1983-cü il tarixli, 976 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport və 01.08.1987-ci il tarixli 976 inventar nömrəli texniki pasportdan görünür ki, müvafiq sənədlərdə ünvan 3 ünvanı üzrə 115.9 kv.m torpaq sahəsində yerləşən, 43.9 kv.m ümumi sahəsi olan yaşayış evi üzrə hüquq subyekti X6 qeyd edilmişdir. - cavabdehin 02.12.2021-ci il tarixli məktubundan görünür ki, Qax şəhəri İ.Mustafayev küçəsinin əvvəlki adı Qax şəhəri Lenin küçəsi olmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 01.06.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qax şəhəri Lenin küçəsində (hazırkı İ.Mustafayev) yerləşən 80 №-li yaşayış evinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi X3 tərəfindən 05.10.1989-cu il tarixdə, həmin yaşayış sahəsinə bitişik, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi 28.11.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılmışdır. Cavadehin iddia tələbinə etirazının dəlili ondan ibarətdir ki, həmin ünvana dair bağlanmış əqddə iştirak edən satıcı tərəflərin daşınmaz əmlak üzərində hər hansı hüquqları mövcud olmamış, 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsinə münasibətdə hüquq subyekti X6 olmuşdur. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, 05.10.1989-cu ildə X3 tərəfindən iddiaçıya satılmış 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi ilə bağlı əqddə iştirak edən - X5, satıcı İntiqam Muradovanın etibarnamə üzrə nümayəndəsi olmuş və məhz sonuncunun, 29.09.1989-cu ildə notarial qaydada verdiyi etibarnamə əsasında həmin əqddə səlahiyyətli nümayəndə qismində iştirak edərək müvafiq əqdi bağlamışdır. Həmin yaşayış sahəsi ilə bağlı notariat işində mövcud olan, TİB tərəfindən verilmiş 29.09.1989-cu il tarixli arayışda Lenin küçəsi 80 №-li yaşayış evinin X1 xüsusi mülkiyyətində olması qeyd edilmişdir. Xüsusi mülkiyyət hüququnun yaranma əsası olaraq isə 09.09.1988-ci il tarixli reyestr-2-40 №-li “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qeyd edilmişdir. Cavabdehin təqdim etdiyi 976 №-li texniki pasportların tərtib edilmə tarixləri isə 1983 və 1987-ci illərə aid olmaqla istinad olunan arayışın tərtib edilməsindən əvvəlki tarixlərə aiddir. Belə olan halda 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsinin X1 xüsusi mülkiyyətində olması və 05.10.1989-cu ildə iddiaçıya satılmaqla özgəninkiləşdirilməsi heç bir şübhə doğurmur. Həmin yaşayış sahəsinə bitişik, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi isə 28.11.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılarkən Mənzil İstismar Sahəsinin mühasibi olan X8 Qax rayon XDS İK tərəfindən 21.11.1990-cı ildə vəkalətnamə verilmişdir. 24 kv.m yaşayış sahəsi olan 1 otaqdan ibarət yaşayış evi Mənzil İstismar Sahəsinin balansında olduğundan Qax rayon XDS İK-nin verdiyi etibarnamə əsasında Əzim Muradov həmin əqddə səlahiyyətli nümayəndə qismində iştirak edərək müvafiq əqdi bağlamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini İddiaçı adına vahid mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar