Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1821/2023 03.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3- 16-5/2-13-936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3- 16-5/2-13-936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 22 dekabr 2022-ci ildə "Nicat" Sosial Təşəbbüskar İctimai birliyini təsis etmiş və onun təsis edilməsi haqqında qərar qəbul etmişlər. İctimai Birliyin əsas məqsədi sosial hüquqların təmin olunması istiqamətində monitorinqlər aparmaq, sosial problemlər sahəsində tədqiqatlar aparmaq və bu tadqiqatları dərc etmek, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq va onlarla əməkdaşlıq etmekdən ibarətdir. İddiaçılar lazım olan sanədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim etmişdir. Cavabdeh 14 mart 2023-cü il tarixli məktubla sənədləri geri qaytarmışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, "Nicat" Sosial Taşəbbüslər İctimai Birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Teşkilatın əsas məqsədi sosial hüquqların təmin olunması istiqamətində monitorinqlər aparmaq, sosial problemlər sahəsində tədqiqatlar aparmaq və bu tədqiqatları derc etmək, bu sahədə qabaqcıl beynəlxalq tecrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla eməkdaşlıq etməkdən ibarətdir. Qurumun təsis sənedləri ilk dəfə xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uygunluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə nöqsanın aradan qaldrılmasının zəruriliyi barədə qeyd olunmaqla geri qaytarılmışdır. Belə ki, müraciət ərizəsi notariat qaydasında təsdiq olunmamışdır. Növbəti dəfə sənədlər xx.xx.2023-cü il tarixdə nazirliyə daxil olmuşdur. Ərizə bütün təsisçilər tərəfindən imzalanmadığından tələbin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin,iddia mahiyyət etibarı ilə əsaslı deyildir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmamalıdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Qanunun 17.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Həmin Qanunun 17.3-cü maddəsinə görə qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur; Həmin Qanunun 2.0.14-cü maddəsində deyilir ki, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Sözügedən Qanunun: 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; Hazırkı iddia tələbi üzrə iddiaçıların hüquqi marağı Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınmasından ibarətdir.Bu məqsədlə cavabdehə müraciət olunmuş,cavabdeh inzibati orqan tərəfindən tələb təmin olunmamışdır. İddiaçıların cavabdeh inzibati orqana ilkin müraciəti,təqdim edilən sənədlər,habelə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat materialları nəzərdən keçirilmişdir. Cavabdehin imtina məktubu və təqdim oluna etirazından görünür ki,imtina əsası olaraq ərizə bütün təsisçilər tərəfindən imzalanmadığı qeyd edilmişdir.İddiaçılar tərəfindən isə təmsilçi vasitəsi ilə imzalanmanın kifayət etdiyi bildirilmişdir. Yuxarıda qeyd olunan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2 -ci maddəsinin tələbinə əsasən ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmalı olduğu təsbi edilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən tələb olunan inzibati prosedura riayət edilməmiş,sənədlərin bütün təsisçilər tərəfindən imzalanması həyata keçirilməmişdir.Bu baxımdan cavabdeh tərəfindən iddiaçının qanuni mənafeyinin pozulmadığı,inzibati icraata qaydalarına uyğun nəticəyə gəldiyi müəyyən edilir.Odur ki,iddia tələbi təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3- 16-5/2-13-936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə