Məhkəmə qərarları › İş №2-1(116)-1826/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1826/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1826/2025 03.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır. - 2007-ci ildə H.Əliyev adına AAHM-nə kursant kimi qəbul olunmuşdur. xx.xx.2010cu il tarixdə N saylı hərbi hissədə təcrübə keçən zaman gecə saat 01:10 radələrində növbətçi əsgərdən içməli su gətirməsini xahiş etmişdir. Növbətçi əsgər su çəninə tökülmüş akumulyator mayesini səhvən su bilərək ona vermiş və o həmin sudan 1 qurtum içən zaman qida borusunun kimyəvi yanığı xəsarətini almışdır. Həmin tarixdən xx.xx.2011-ci il tarixədək qısa fasilələrlə SQ BKH-da müalicə almışdır. xx.xx.2011-ci il tarixli 961 saylı “Xəstəlik haqqında şəhadətnamə” yə əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab olunmuşdur. Lakin həmin vaxt hərbi hissə komandiri tərəfindən travma haqqında arayış verilmədiyinə görə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi MN MHNK-sı tərəfindən '’Travmadır, hərbi xidməti dövründə alınmışdır" kimi təyin edilinmişdir. Həmin müddət ərzində çox saylı müalicələr almağı və ailə şəraitiylə əlaqədar olaraq travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən almağıyla bağlı müraciət etməmişdir. Sonradan səhhətinin və ailə şəraitinin yaxşılaşmasından sonra N saylı hərbi hissəyə müraciət edərək travmanı xidməti vəzifələrini yerinə yetirərkən aldığını və buna əsasən yeni “Travma haqqında arayış” verilməsini xahiş etmişdir. Müraciəti əsasında N saylı hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə yeni travma haqqında arayış verilmişdir. Bundan sonra MN MNHK-ya müraciət edərək şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır,hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılmasını xahiş etmişdir. Lakin müraciətinə müsbət cavab verilməmişdir. Buna əsasən iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının üzərinə xx.xx.2011-ci il tarixli, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirilərkən alınmışdır” kimi yazılması öhdəliyinin qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Şəki inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli № 2-1(116)-1972/2024 nömrəli qətnaməsi ilə iddiam təmin olunmuşdur. Bundan sonra hazır ki, iş üzrə cavabdehə müraciət edərək təyin olunmuş prezident təqaüdünün xx.xx.2011-ci il tarixdən hesablanması və geri dövrün ödənilməsini xahiş etmişdir. Cavabdeh müraciətinə 20 oktyabr 2024-cü il tarixdə № 3-17-1/2-C-283050/2024 nömrəli məktubla cavab verərək müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarındanda müəyyən olunur ki, 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsi dəyişdirilərək “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır kimi qeyd edilmişdir. Qərardan və işin hallarından müəyyən olunur ki, heç zaman başqa xəstəlikdən əziyyət çəkməmişdir və aidiyyəti dövlət qrumunun səhvi nəticəsində səhv şəhadətnamə tərtib olunmuşdur. Buna əsasən hazırki ərizə ilə məhkəməyə müraciət edir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2010-cu il tarixdə N saylı hərbi hissədə təcrübə keçən zaman bədbəxt hadisə nəticəsində qida borusunun kimyəvi yanığı xəsarəti almışdır. xx.xx.2011-ci il tarixli 961 saylı “Xəstəlik haqqında şəhadətnamə"yə əsasən hərbi uçotdan çıxarılaraq hərbi xidmətə yararsız hesab olunmuşdur. Onun aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi MN MHNK-sı tərəfindən “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1972/2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının üzərinə xx.xx.2011-ci il tarixli 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsi dəyişdirilərək,"Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirilərkən alınmışdır” kimi yazılması öhdəliyi qoyulmuşdur. İş materiallarına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təqaüdün hesablanaraq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmiş xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 350 manat, xx.xx.2023-cü il tarixdən 400 manat məbləğində müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı və məqsədi ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərq məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçıya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik xx.xx.2021-ci il tarixdən təyin edilmişdir. Göründüyü kimi iddiaçıya onun hərbi xidmət vəzifələrinin yerinə yetirilməklə əlaqədar əlilliyin müəyyən olunduğu tarixdən (xx.xx.2021-ci il) Prezident təqaüdü təyin olunub ödənilsə də, iddiaçı bununla razılaşmamışdır. İddiaçı təqaüdün ödənilməsini tələb etdiyi dövrlər üzrə ona təyin edilmiş əlilliyin səbəbi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən hərbi xidmət dövrü ilə əlaqədar olmuşdur. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya təyin olunmuş ikinci dərəcəli əlilliyin səbəbliəlaqəsinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən baş verməsi ilə bağlı olması xx.xx.2021-ci il tarixdə müəyyən olunduğundan, o, məhz həmin tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslərin əhatə dairəsinə düşmüş və onun həmin tarixdən etibarən Prezident təqaüdü almaq hüququ yaranmışdır. Buna görə də İddiaçı xx.xx.2021-ci il tarixdən əvvəlki dövrlər üzrə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 135 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və xx.xx.2011-ci ildə SQ Baş Klinik Hospitalının cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin olunduğu travma- diaqnoz: "Qida borusunun kimyəvi yanıqdan (xx.xx.2010) sonrakı total strikturası, funksiyanın mühüm dərəcədə pozulması ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 6 nömrəli göndərişi xx.xx.2024-cü il tarixli 159 nömrəli arayışı SQ Baş Klinik Hospilanın cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfində" verilmiş 18 05.2011-ci il tarixli 961 nömrəli xəstəlik haqqında şəhadətnamə Şəki İnzibatı Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1972 nömrəli qərarı MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). "HƏRBİ TRAVMADİR. HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR ' SQ Baş Klinik Hospitalının cərrahiyyə profilli hərbl-həkım komissiyası- tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 961 nömrəli xəstəlik haqqında şəhadətnamədəki travmanın hərbi xidmətlə səbəb əlaqəsi Şəki İnzibatı Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1972 nömrəli qərarına əsasən dəyişdirilmişdir. İş materiallarında olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçıya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik xx.xx.2021-ci il tarixdən təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyada) Maddə 1.0.1. əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı (iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: İ dərəcə əlilliyi olan şəxslərə – 400 manat; İİ dərəcə əlilliyi olan şəxslərə – 350 manat; İİİ dərəcə əlilliyi olan şəxslərə – 300 manat. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməli olan təqaüdün hesablanaraq ona ödənilməsinə nail olmaqdan ibarətdir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.2010-cu il tarixdə N saylı hərbi hissədə təcrübə keçən zaman bədbəxt hadisə nəticəsində qida borusunun kimyəvi yanığı xəsarəti almışdır. xx.xx.2011-ci il tarixli 961 saylı “Xəstəlik haqqında şəhadətnamə"yə əsasən hərbi uçotdan çıxarılaraq hərbi xidmətə yararsız hesab olunmuşdur. İddiaçıya sonuncu dəfə əlillik xx.xx.2021-ci il tarixdən təyin edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1972/2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının üzərinə xx.xx.2011-ci il tarixli 961 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan travmanın səbəb əlaqəsi dəyişdirilərək,"Hərbi travmadır, hərbi xidmət vəzifələri yerinə yetirilərkən alınmışdır” kimi yazılması öhdəliyi qoyulmuşdur. Göründüyü kimi, iddiaçının əlilliyinin səbəb əlaqəsi daha öncəki tarixə münasibətdə dəyişdirilmiş olsa da, ona əlillik sonuncu dəfə məhz xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normalara görə, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyasına görə, həmin təqaüd yalnız Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə ödənilir. İstinad olunan normanın təfsiri baxımından, cavabdehin iddiaçıya sözügedən Prezident təqaüdünü ödəmək öhdəliyi TSEK tərəfindən iddiaçının əlilliyinin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələri yerinə yetirərkən” olaraq müəyyən edildiyi və həmin əlilliyin təyin olunduğu müvafiq qərar əsasında yaranır. İddiaçıya münasibətdə belə qərar xx.xx.2021-ci il tarixdə ( sonuncu dəfə) qəbul olunmuşdur. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Cavabdeh həmin qərarın məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu baxımdan iddiaçıya “hərbi xidmət vəzifələri yerinə yetirərkən” əlilliyin təyin olunduğu tarixdən Prezident təqaüdü təyin etməkdə və ödəməkdə cavabdeh haqlı sayılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əlilliyin səbəbinin düzgün müəyyən edilmədiyini əsas gətirərək uzun illər ərzində aidiyyəti orqanlara hər hansı şikayət və ya müraciət təqdim etməmiş, yalnız 2022-ci ildə hərbi hissəyə müraciət edərək travmanın xidməti vəzifələrin yerinə yetirilməsi zamanı baş verdiyinə dair yeni arayış almışdır. Bu isə iddiaçının hüquqlarını vaxtında müdafiə etmək üçün zəruri hüquqi addımlar atmadığını və bu baxımdan yaranmış hüquqi nəticələrin onun öz hərəkətsizliyi ilə birbaşa əlaqəli olduğunu göstərir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının əlilliyi daha əvvəlki tarixlərdə də qeydə alınmış olsa da, sonuncu dəfə əlilliyi təsdiq edilmiş səbəbli əlaqəsi ilə birlikdə (hərbi xidmət vəzifələri yerinə yetirəkən) xx.xx.2021-ci il tarixində qeydə alınmış, bu səbəbə görə təqaüd də həmin tarixdən təyin olunmuşdur. Bu hal da dövlət orqanının yalnız qanunvericiliklə nəzərdə tutulmuş əsaslara uyğun olaraq qərar qəbul etdiyini göstərir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunların geriyə tətbiqi yalnız qanunvericilikdə açıq-aydın və konkret hallarda mümkün olur. Çünki ümumi hüquq prinsiplərinə görə belə hallarda hüquqi sabitlik qorunmalı və keçmiş dövrlərə təsir edilməməlidir. İş üzrə isə belə xüsusi normanın tətbiq edilməsi üçün əsas və ya istisna hal mövcud olmadığından iddiaçının keçmiş dövrlər üçün (xx.xx.2011-ci il tarixdən xx.xx.2021ci il tarixədək) təqaüdün hesablanaraq ona ödənilməsi tələbi hüquqi nəticə doğura bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə bir daha qeyd edir ki, iddiaçıya təyin olunmuş ikinci dərəcəli əlilliyin hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaranması xx.xx.2021-ci il tarixində rəsmi olaraq müəyyən edildiyindən, həmin tarixdən başlayaraq iddiaçı hərbi xidmət zamanı əlilliyi olan şəxslər kateqoriyasına daxil olmuş və yalnız bu tarixdən etibarən Prezident təqaüdü almaq hüququna malik olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməli olan təqaüdün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X2 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar