Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1829/2024 28.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın 1-ci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 2il müddətinə OFP-nın 1ci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı - 23 avqust 1992-ci ildə Göyçay rayonunun Bəydövül kəndində doğulmuşdur. Göyçay rayon orta məktəbin 11-ci sinfini bitirmişdir, ailəlidir. 2 Övladı (2019 və 2020 təvəllüdlü) var, işləmir. Hazırda Göyçay rayonunun Bəydövül kəndində yaşayır. SHXÇDX-nin Göyçay rayon şöbəsi tərəfindən 21 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə göndərilmişdir. ŞHXÇDX-nin Göyçay rayon şöbəsində qeydiyyatdadır - h/h 930). 21 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2020-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüqü uğrunda gedən döyüşlərdə Hadrut rayonu istiqamətində artilleriya mərmisinin partlaması nəticəsində xəsarət almışdır. İlk tibbi yardım döyüş meydanında olunduqdan sonra döyüşlərə geri qayıtmışdır. 10 noyabr 2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 23 fevral 2023-cü il tarixdə Göyçay RMX-da “Sol diz oynağında meniskin dəqiqləşdirilməmiş zədələnməsi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. 28 aprel 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (müharibə) keçdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. 08 may 2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında Psixi Sağlamlıq Mərkəzinin baş direktoru professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. 530 saylı tibbi rəydən də görünür ki, ona “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə F62.0” diaqnozu təyin olunmuşdur. 19 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-da kardioloq ilə konsuitasiya olunmuşdur. 28 aprel 2023-cÜ il tarixdən 01 iyun 2023-cü il tarixədək. 19 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında, 15 avqust 2023-cü il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Yaddaşı pozulub. Hər gün baş ağrıları, baş gicəllənməsi, yuxu pozulması, boyunbel ağrıları, sol dizində ağrıları olur, əsəbidir, yaddaşı tamamilə zəifləyib. MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyasının 21 avqust 2023-cü il tarixli 8894 saylı xəstəlik haqqında şəhadətnamədə də qeyd olunmuşdur ki, ona orta dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri diaqnozu qoyulmuşdur. həmçinin qeyd edilmişdir ki, “müşayiətçiyə zərurət var". Mərkəzi hərbi həkim komissiyasının qərarı: "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X5 Həkim Psixiatr Komissiyasının 04 may 2023-cü il tarixli 530 nömrəli rəyinə əsasən ona “fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri, kəkələmə ilə F 62.0" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4"nin Canlı şəxs və İş sənədləri üzrə K/84 saylı AKTdan görünür ki, 1992- ci il təvəllüdlü İddiaçı məhkəmə tibbi müayinəsi zamanı onun sağ qaşın bayır bucağında İ ədəd, alt çənənin sol yarısında İ ədəd, döş qəfəsinin Ön səthində 1 ədəd, sol ətin İİİ (üçüncü) barmağının orta falanqasının arxa səthində İ ədəd köhnə çapıq toxumalar və rentgenoloji olaraq döş qəfəsinin və sol əlin İİİ barmağının yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr) aşkar edilmişdir. Yaraların odli silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, bu xəsarətlər müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə. 2020-ci İlin oktyabr ayında odlu silah mərmi partlaması zamanı qəlpələrin təsirindən də törənə bilərdilər. Füzli, Qubadlı, Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir və buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə (1-64166) təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2371 nömrəli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunaraq ona Azərbaycan Respublikası Medalının N:İ-1758 saylı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunaraq ona Azərbaycan Respublikası Medalının N:İ-5568 saylı vəsiqəsi verilmişdir. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində adı çəkilən problemlərin olduğu bəlli olmuşdur. Stasionar müalicədən sonra onun xəstəliyinin ağır mərhələdə olması aşkardır. Ona görə də, sənədləri ona əlillik təyin olunması üçün cavabdehə göndərilməsinə baxmayaraq, hələ də ona əlillik dərəcəsi ləyin olunmamışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamədə göstərilən kateqoriyalar üzrə əlillik dərəcəsi təyin edilməli idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ona əlillik təyin edilməsi ilə əlaqədar müraciət etsə də, imtina verilmişdir. Müraciətinə imtinada qeyd edilmişdir: "Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli - sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə imtina edilib, səbəb isə “Diaqnoz əlillik əlaməti təyin etməməsi" göstərilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Baş beyinin zədələnməsi və disfunksiy ası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Baş beynin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Yumşaq toxumalarda qalmış yad cisim. Budun açıq yarası qeyd edilmişdir. Hesab edir ki, cavadehin imtinası əsassız və qanunsuzdur. Belə ki, ona qoyulmuş diaqnozlardan da aydın görünür ki, onda Partlayış travması, “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə ” diaqnozu qoyulmuş, “müşayiətçiyə zərurət var” qeyd edilmişdir. Səhhətində ağırlaşmalar getdikcə artır. Müayinə və müalicələrin heç bir müsbət təsiri yoxdur. Səhhətində olan ağırlaşmaları nəzərə alaraq cavabdeh orqana əlilliyin təyin olunması üçün müraciət etsə də əsassız olaraq imtina edilmişdir. Qeyd etmək istəyir ki, özü ailəli olmaqla himayəsində həyat yoldaşı, 2 azyaşlı övladı, ata və anası var. Bütün ailənin ağırlığı yükü onun üzərindədir. Valideynləri və yoldaşı işləmirlər. Özü dəfələrlə işləmək üçün müraciət etsə də, onun diaqnozuna baxıb, işlə təmin oluna bilməyəcəyini bildiriblər. Artıq həyatdan bezmişdir. Çünki ailəsinin, uşaqlarının üzünə baxa bilmir. Hazırda da X1 müalicə alır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND-da xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Göyçay rayon sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, M.Qurbarova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 21,08.2023-cü il tarixli 8894 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə. Dös qəfəsinin və sol əlin İİ barmağın yumsaq toxumalarının yad cismi (metal qəlpə) diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-01,06.2023-cü il tarixli 4676/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 530 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri və kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-13 09.2023-cü il tarixli 9634/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2533 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar, intihar cəhdləri, nitq Qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2023-cü il tarixli 13447/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar, intihar cəhdləri, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaş pozulmasından şikayətlənmişdir. Suallara könülsüz cavab vermiş, özünü süst göstərərək spesifik sualları cavablandırmaqdan yayınmış, ümumi sözlər danışıb sualın məğzindən diqqəti yayındırmağa çalışmışdır. İntihar cəhdləri barədə xeyli düşünərək dramatik cavablar vermiş və səbəbinin nə olduğunu əsaslandırmamışdır. Nümayişkar şəkildə geyimlərinin nimdaş və cırıq olduğunu göstərmiş, lakin geyiminin köhnə olmaması və bilərəkdən kəsiklər edildiyi nəzərə çarpmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Hal-hazırda nitq qüsuru aşkarlanmır. Fəlakətdən sonra isterik davamlı şəxsiyyət dəyişikliyi, nümayiskar davranış və aqravasiya elementləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AO ******* nömrəli Hərbi Bilet, Azərbaycan Respublikası Medalının İ-1758, İ-64166 nömrəli vəsiqələri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin K/84 nömrəli Aktı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli Rəyi, AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2024cü il tarixli Qərarı, TSEK-in Qiymətləndirmə nəticələri (xxxxxxx0001) Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilməmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edildiyindən iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “Diz oynağının digər daxili zədələnmələri, Sol diz oynağının zədələnməsi, Fəlakət (müharibə) keçdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri, nitq qüsuru ilə” olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4"nin canlı şəxs və İş sənədləri üzrə K/84 saylı AKTdan görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı məhkəmə tibbi müayinəsi zamanı onun sağ qaşın bayır bucağında İ ədəd, alt çənənin sol yarısında İ ədəd, döş qəfəsinin Ön səthində 1 ədəd, sol ətin İİİ (üçüncü) barmağının orta falanqasının arxa səthində İ ədəd köhnə çapıq toxumalar və rentgenoloji olaraq döş qəfəsinin və sol əlin İİİ barmağının yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr) aşkar edilmişdir. Yaraların odli silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, bu xəsarətlər müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə. 2020-ci İlin oktyabr ayında odlu silah mərmi partlaması zamanı qəlpələrin təsirindən də törənə bilərdilər. Eyni zamanda “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 530 saylı və 13.1.2023-cü il tarixli 2533 saylı tibbi rəylərindən görünür ki, iddiaçıya “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə, nitq qüsuru ilə F62.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozuna münasibətdə F.62.0 koduna istinad edilmişdir. Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Sözügedən F62.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (Spesifik şəxsiyyət pozuntuları) olaraq 7.7.1-ci bənddə nəzərdə tutulmuşdur. Həmin bəndə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. Həmin bəndə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.7.1.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60% (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski), 7.7.1.2-ci bəndə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatlarına istinad olunmaqla onun orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, iddiaçının anamnez məlumatlarında intihar fikirlərinin və cəhdlərinin olması (özünə zərər yetirmə riski) və davranış pozğunluqları öz əksini tapmışdır. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - orqanizmin funksiyalarının pozulması 2 il müddətinə 35-60 % müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş 21,08.2023-cü il tarixli 8894 nömrəli Şəhadətnamədən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz - “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar və intihar cəhdləri ilə. Dös qəfəsinin və sol əlin İİ barmağın yumşaq toxumalarının yad cismi (metal qəlpə) diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Səhiyyə müəssisəsi tərəfindən iddiaçıya qoyulmuş diaqnozla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş diaqnoz eyni olduğundan və həmin diaqnozla müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edildiyindən məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslı dəlillər mövcud olmuşdur. Buna görə də, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın 1-ci dərəcə məhdudlaşma halının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1829/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1829/2024
28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver