Məhkəmə qərarları › İş №2-1(116)-183/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-183/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-183/2021 17.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının hüququ varisinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax Şəhər XDS Rəyasət Heyətinin qərarı ilə ayrılmış torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilmiş, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yevlax Şəhər XDS Rəyasət Heyətinin 25.05.1993-cü il tarixli 62 nömrəli qərarı ilə X6 ərazisində yaşayan fəhlə və qulluqçulara yaşayış evi və ona köməkçi tikililərin inşası, habelə yardımçı təsərrüfat üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə X2 icarə kollektivinin vəsatəti nəzərə alınmış və İddiaçı 0,08 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 08.08.2020-ci il tarixli **********20 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı (örüş) torpaqlarına aid olması müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "Yevlax Şəhər XDS Rəyasət Heyətinin qərarı ilə ayrılmış torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilmiş, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, onun X2 rəhbərliyinə müraciəti əsasında ona ünvan 1 olan ərazidən mülkiyyətinə 0,08 ha torpaq sahəsi ayrılmışdır və o, həmin torpaq sahəsindən bugünədək istifadə edir. Cavabdeh iddiaya qarşı 16.10.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. İddiaçı 20.01.2021-ci ildə vəfat etmiş və Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli 2-1(116)-183/2021 nömrəli qərardadı ilə o, hüquq varisi X7 ilə əvəz edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, AZ-İİ seriyalı 143946 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 20.01.2021-ci ildə ölmüşdür. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 13.07.2020-ci il tarixli 19/11 nömrəli qərardan çıxarışından görünür ki, Yevlax Şəhər Xalq X3 Heyətinin 25.05.1993-cü il tarixli 62 nömrəli qərarı ilə X6 ərazisində yaşayan fəhlə və qulluqçulara yaşayış evi və ona köməkçi tikililərin inşası, habelə yardımçı təsərrüfat üçün həyətyanı torpaq verilməsi barədə X2 icarə kollektivinin vəsatəti nəzərə alınmış, Tərəvəzçilik icarə kollektivinin üzvlərinin 01.10.1991-ci il tarixli ümumi yığıncağının qərarına, İddiaçı 0,08 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - İşdə olan, cavabdehin 08.08.2020-ci il tarixli **********20 nömrəli imtina məktubundan görünür ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı (örüş) torpaqlarına aid olması müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.12.2020-ci il tarixli **********27 nömrəli məktubundan görünür ki, İddiaçı məxsusu 0,08 ha torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Müəyyən edildi ki, iddiaçıya verilmiş 0,08 ha torpaq sahəsi örüş olmaqla ümumi istifadədə olan torpaq sahələrinə aiddir. Belə ki, Mingəçevir Bələdiyyəsinin sədri tərəfindən imza və möhürlə təsdiq edilmiş "ünvan 1 ünvanında fərdi mənzil tikintisi üçün İddiaçı mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin cizgisi"ndə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimi göstərilmişdir: 667855.452 4513614.442 667870.232 4513607.852 667851.369 4513564.476 667835.218 4513571.689 Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış 02.12.2020-ci il tarixli **********27 nömrəli arayışla müəyyən edildi ki, elektron baza məlumatlarına əsasən, koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci hissəsinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin maddənin 3-cü hissəsinə görə, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaqlara aiddir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə görə, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi əhalinin mal-qarası üçün istifadə olunan örüş sahəsidir, örüş sahələrinin isə xüsusi mülkiyyətə verilməsi qadağandır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh həmin 0,08 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax Şəhər XDS Rəyasət Heyətinin qərarı ilə ayrılmış torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilmiş, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar