Məhkəmə qərarları › İş №2-1(116)-1831/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1831/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1831/2023 23.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-888A nömrəli şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və 0,0206 ha torpaq sahəsi üzərində tam xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,0806 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1-(116)-1831/2023 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi, X1, X3, Haşımova (Daşdəmirli) Leyla Rüfət qızı və X7 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "JN-888A nömrəli şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və 0,0206 ha torpaq sahəsi üzərində tam xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçılar İddiaçı oglu və qeyriləri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0806 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri’' X8 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçılar İddiaçı və ailə üzvlərinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0806 ha torpaq sahəsinin 0,0206 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, İddiaçı və qeyrilərinin adına 0,06 ha həyətyanı torpaq sahəsinə dair JN-888A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanaraq verilmişdir. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər: Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktublara əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, may 1977-ci il tarixli 404 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin situasiya planına əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0945 ha torpaq sahəsinin 0,0605 ha hissəsi, JN-888A nömrəli şəhadətnaməyə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,0075 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Bələdiyyə mülkiyyəti torpaqlarına, 0,0153 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla Bələdiyyə mülkiyyətində olan torpaqlarına və 0,0112 ha hissəsi isə yol yerinə düşür. JN 888A kod 40501004 nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,0605 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi istifadəsində olan faktiki naturada ölçülmüş 0,0945 ha torpaq sahəsi ilə eyni ərazidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi may 1977-ci il tarixli 404 inventar nömrəli və JN 888A kod 40501004 nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsində yerləşir. Fərdi yaşayış evinin hündürlüyü 6,3 metrdir. - JN-888A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə (X1, X2, X4 və X7) 0,06 ha torpaq sahəsi ayrılmışdır. - 2294 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - may 1977-ci il tarixli 404 inventar nömrəli texniki pasportdan görünür ki, Vartaşen şəhəri Komsomol 16 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 121,9 kv.m, tikildiyi il 1961-1967-ci illər, fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - ünvan 1 ünvanında yerləşən JN-888A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və may 1977-ci il tarixli 404 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin 0,0206 ha hissəsi üzərində tam xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “may 1977-ci il tarixli”, 404 inventar nömrəli texniki pasport və JN 888A kod 40501004 nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsində yerləşir. may 1977-ci il tarixli 404 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin situasiya planına əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidir. İddia tələbinin “JN-888A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,06 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbləri baxımından iddiaçının sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyatına alınmasını tələb etmək hüququ olmuşdur. Belə ki, sözügedən maddi hüquq normasına görə 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh orqan JN-888A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mötəbərliyinə şübhə yaradacaq hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da sözügedən şəhadətnamə əsasında iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hər hansı hal aşkar edilməmişdir. İddia tələbinin “may 1977-ci il tarixli 404 inventar nömrəli texniki pasportda qeyd edilmiş qalan 0.0206 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsində məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsasını Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsi təşkil edir. Belə ki, həmin maddənin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbayan Respublikası Prezidentinin xx.xx.2015 ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın” 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddia olunan 0.0206 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində 2294 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair tətib edilmiş may 1977-ci il tarixli 404 inventar nömrəli texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 823 kv.m göstərilmişdir. Sözügedən torpaq sahəsinin 600 kv.m hissəsi JN-888A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” ilə üst-üstə düşdüyündən, iddiaçı qalan 0.0206 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan iddiaçı, torpaq sahəsi ilə bərabər həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə 2294 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsinə istinad etməklə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-888A nömrəli şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və 0,0206 ha torpaq sahəsi üzərində isə tam xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar