Məhkəmə qərarları › İş №2-1(116)-1839/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1839/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1839/2025 23.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxsinə qarşı “Göyçay rayon Qarabaqqal kənd ərazisində iddiaçıya məxsus olan 0.045 ka torpaq sahəsindən keçən kabel xəttinin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Qarabaqqal kənd ərazisində iddiaçıya məxsus olan 0.045 ka torpaq sahəsindən keçən kabel xəttinin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-15435/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon Qarabaqqal kəndində JN- 023F saylı şəhadətnamə əsasında 0,125 ha torpaq sahəsi valideynlərinin mülkiyyətinə verilmişdir. Onalrın ölümündən sonra vərəsəliklə torpaq sahəsi və fərdi yaşayış evi vərəsə kimi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin Vərəsəlik və şəhadətnamə əsasında adına 2012-ci ildə çıxarış almışdır. Sözü gedən torpaq sahəsinin 0,045 ha torpaq sahəsindən 2000-ci ildə cavabdeh tərəfindən heç bir icazə olmadan özbaşına internet kabel xətti çəkilmişdir. Kabel xətti keçən hissə yolun kənarına yaxın hissədə yerləşir. Odur ki, həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etdirmək istəyir. Cavabdeh isə 24 ildir ki, kabel xətti keçən hissədən sağ və sol hissəsindən 6 metr mühafizə zolağı olmaqla torpaq sahəsindən istifadə etməyini qadağan edir. Xüsusi mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən 24 ildir istismar olunur. Belə ki, dəfələrlə cavabdehə müraciət etsə də, müraciəti heç bir nəticə verməmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilə bilməz. Belə ki, İddiaçı müvafiq iddia tələbi üzrə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi cavabdeh qismində çıxış etmir. Qeyd edirik ki, İddiaçı məxsus torpaq sahəsindən keçən Trans- Asiya-Avropa (TAE) beynəlxalq fiber-optik kabel xəttinin çıxarılması və ya kabel xəttinin torpaq sahəsindən keçməsinin qarşılığı olaraq kompensasiya verilməsi barədə iddiaçının nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə aidiyyəti üzrə Agentlikdə baxılmışdır. Belə ki, həmin müraciətlə bağlı məlumat əldə etmək üçün Agentlik tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş və Cəmiyyət tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair Agentliyə bildirilmişdir ki, “həmin torpaq sahəsindən keçən Trans-Asiya-Avropa FO-20 maqistral kabel xətti 2000-ci ildə çəkilmişdir. Eyni zamanda bildirilmişdir ki, müraciətdə təqdim edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli Çıxarışa əsasən sözügedən torpaq sahəsi xx.xx.2012-ci il tarixindən İddiaçı Eyyub oğlunun mülkiyyətinə verilmişdir. Qeyd edilən kabel xəttinin 2000-ci ildə, yəni həmin torpaq sahəsinin X3 mülkiyyətinə verilməsindən əvvəl çəkildiyini nəzərə alaraq, sözügedən torpaq sahəsindən keçən kabel xəttinin yerinin köçürülməsi sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin razılığı və texniki şərtlərinə uyğun şəkildə həyata keçirilməsi mümkündür.” Qeyd olunan məlumatlar əsasında Agentlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-27- 107/2-M-4196/1 -30/2024/2164 nömrəli məktubla vətəndaşa cavab verilmişdir. Həmçinin, X1 tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli eyni məzmunlu təkrar müraciətə Agentlikdə baxılaraq, xx.xx.2024-cü il tarixli 3-27-107/2-M-4196/1-30/2024/2784 nömrəli məktubla cavablandırılmışdır. Qeyd olunanlara əsasən bildiririk ki, telekommunikasiya operatorları və provayderlərinə məxsus telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının yerləşdirilməsi və quraşdın İması na görə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi heç bir cavabdehlik daşımır və Nizamnaməsində müəyyən edilmiş hüquq, vəzifə və funksiyalarına uyğun olaraq Agentliyin səlahiyyət dairəsinə daxil deyildir. Nəticədə, müvafiq iddia tələbi üzrə cavabdeh qismində ümumiyyətlə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi çıxış edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq torpaq sahəsindən keçən fiber-optik kabel xətti Agentliyin mülkiyyətində və ya balansında deyildir. Nizamnaməsinə uyğun olaraq, Agentlik telekommunikasiya və poçt sahəsində tənzimləmə və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir və müvafiq sahədə telekommunikasiya və poçt xidmətləri göstərən aidiyyəti subyektlərin fəaliyyətinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirir. Agentlik, müvafiq sahə üzrə tənzimləyici qurum qismində fəaliyyət göstərir və sahibkarlıq subyekti kimi heç bir telekommunikasiya xidməti göstərmir. Nəticədə, Agentlik, telekommunikasiya xidmətinin göstərilməsi məqsədilə sahibkarlıq subyekti kimi telekommunikasiya infrastrukturuna, eləcə də fiber-optik kabel xəttinə malik deyildir. Qeyd olunanlara əsasən bildiririk ki, torpaq sahəsindən keçən fiber-optik kabel xətti Agentliyin mülkiyyətində deyildir və həmin kabel xəttinin torpaq sahəsindən çıxarılmasına dair öhdəliyin məhz həmin kabel xəttinin mülkiyyətçisinin üzərinə qoyulması məsələsinə baxıla bilər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına tərəflər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Göyşay rayonu Qarabaqqal kəndində yerləşən 0.25 ha torpaq sahəsi X4 mülkiyyətindədir.

3. 408-13/761 invertar nömrəli xx.xx.2012-ci il tarixli texniki pasportun surətindən görünür ki, Göyşay rayonu Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evinin hüquqi subyekti X5r.

4. JN 023F KOD 40806018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon X2 xx.xx.1998-ci il tarixli 42 saylı qərarı ilə X7 və ailə üzvünün mülkiyyətinə 0.25 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi :

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi,müvafiq təkliflər verilməsi və hüquqi marağına uyğun hüquqi yardım göstərilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixili məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı hissələrdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçı iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir.Göründüyü kimi iddiaçı qeyd olunan məhkəmə iclaslarında iştirak edəcəyi halda ona hüquqi yardım göstərilməklə nail olmaq istədiyi hüquqi nəticə müəyyənləşdirilə,düzgün iddia tələbinin irəli sürülməsinə nail oluna bilərdi. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı Göyçay rayon Qarabaqqal kənd ərazisində iddiaçıya məxsus olan 0.045 ha torpaq sahəsindən keçən kabel xəttinin cavabdehin hesabına yerinin dəyişdirilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsində cavabdeh qismində inzibati orqan kimi “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxsi göstərsə də, iddiaçının irəli sürdüyü tələb mülki xarakterlidir. Belə ki,iddia ərizəsinin məzmunundan görünür ki,hazırkı iddia tələbi mülkiyyət hüququnun pozulmasının qarşısının alınması ilə bağlıdır. Bu mənada iddiaçı hazırkı tələbi irəli sürərkən hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. İddiaçı məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli 9 saylı Qərarı : 14-cü bənd aşağıdakı redaksiyada verilsin: “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.) Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından və həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxsinə qarşı “Göyçay rayon Qarabaqqal kənd ərazisində iddiaçıya məxsus olan 0.045 ka torpaq sahəsindən keçən kabel xəttinin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar