Məhkəmə qərarları › İş №2-1(116)-184/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-184/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-184/2023 08.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən iddiaçıya Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən iddiaçıya Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ərizə ilə Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək, qeyri-yaşayış sahəsi tikmək üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən onun ərizəsi nəzərə alınaraq, Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin, ona satılmalı olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. İddiaçıya ayrılan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktları tərtib edilmiş və aidiyyəti orqanlar (idarələr) həmin aktın doğruluğunu təsdiq etmişlər. Bu əsaslarla iddiaçı özünə ayrılmış 200 kv.m torpaq sahəsində qeyri-yaşayış binası tikmişdir. Həmin qeyri-yaşayış binasının rekonstruksiya olunması üçün eskiz layihəsi və smetası işlənilərək hazirlanmışdır. İddiaçı həmin qeyri-yaşayış binasını hazırlanmış eskiz layihəsinə və işlənilmiş smetasına uyğun inşa etdirmişdir. Hal-hazırda həmin qeyri-yaşayış binasının tikintisi başa çatmışdır. Lakin bunlara baxmayaraq o, mülkiyyətçisi olduğu və uzun müddətdir ki, istifadəsində olan həmin qeyri-yaşayış binasına (mağaza binasına) öz mülkiyyət hüququnu tanıtdıra, yəni adına rəsmiləşdirə bilmir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********17 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizəyə Şəki şəhəri, S.Mümtaz küçəsində mağaza tikintisi üçün 200 kv.m torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının, 01 mart 2006-cı il tarixli, 1/47 saylı Sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi (ləğv edilmiş DTXK-nın Şəki şəhər şöbəsi tərəfindən təsdiqlənməyib), eskiz layihə (1-ci səhifə baş memar tərəfindən təsdiqlənib, digər səhifələr təsdiqlənməyib) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 rəyi əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minnənədək (2013cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikinti obyektinin istismara qəbul aktı təqdim edilmədiyindən, təqdim edilmiş sənədlərdə çatışmazlıq olduğundan, həmçinin inşa edilmiş qeyri-yaşayış binasının 11 metr məsafəsindən 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyindən ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu ödənilərək müraciət edilərsə və qeydiyyata alınmalı qeyri-yaşayış binası yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşməzsə hüquqların dövlət qeydiyyatının aparılmasına qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır. İddiaçıya və onun vəkilinə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddia tələbinə məhkəmə tərəfindən artıq hüquqi qiymət verildiyindən eyni tələbə yenidən baxıla bilməz. Belə ki, iddiaçının analoji iddia tələbinə xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-47/2020 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş, iddia təmin edilməmişdir. Sözügedən qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məktub iddiaçının vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Yardım məktubunda iddiaçıya və onun vəkilinə məktubda qeyd olunanlarla bağlı yazılı münasibət bildirmələri təklif olunsa da, iddia tərəfi yardım məktubunda qeyd olunanlarla bağlı münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılaraq, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının analoji iddia tələbinə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-47/2020 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş, iddia təmin edilməmişdir. Sözügedən qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasında iştirak edən iddiaçının vəkilinə iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkilinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri bir daha izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinə artıq inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən iddiaçıya Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar