Məhkəmə qərarları › İş №2-1(116)-1840/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1840/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1840/2025 18.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “02 fevral 2024-cü il tarixdə ona təyin edilmiş müddətsiz 1-ci qrup əlillik dərəcəsinin səbəbli-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “02 fevral 2024-cü il tarixdə ona təyin edilmiş müddətsiz 1-ci qrup əlillik dərəcəsinin səbəbinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-4049/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx xxxxx 1973-cü ildə Kəlbəcər rayonu Quzeyçirkin kəndində anadan olmuşdur. Hazırda da, həmin kənddə qeydiyyatdadır. Məcburi köçkündür. Müvəqqəti olaraq Yevlax şəhəri 32-ci məhəllə bina 9 ev 58-də yaşayır. O, 1991-ci ilin dekabr ayından 1994-cü ilin may ayına kimi birinci Qarabağ Müharibəsində iştirak etmişdir. Əsasən Kəlbəcər, Laçın, Ağdərə, Murov və Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin aprel ayının 17-də Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Ona 2005-ci ildə 2-ci qrup əlillik təyin edilmiş və pensiya ödənilməyə başlanılmışdır. Bundan sonra o, hər il yenidən komissiyadan keçmiş və əlillik dərəcəsi yerində saxlanılmışdır. Sonuncu dəfə 2016-cı ildə o, yenidən komissiyadan keçmiş və yenə də 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu zaman ona aşağıdakı diaqnoz qoyulmuşdur: «Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin travması nəticəsində əmələ gələn kəskin ifadə olunan psixopata bənzər davranış». Bu zaman əlilliyin səbəbi kimi də «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» kimi göstərilmişdir. Həmçinin 2005-ci ildə ona ilk dəfə əlillik təyin edilən zaman və bundan sonra bütün illərdə də əlilliyin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» kimi göstərilmişdir. 2016-cı ildə ona əlillik təyin edildikdən sonra növbəti komissiya 5 il sonraya, yəni 2021-ci ilin may ayının 5-nə təyin edilmişdir. Lakin həmin tarixdə yəni 2021-ci ilin may ayında ona verilən əlillik dərəcəsi ləğv edilmiş, ona verilən pensiya dayandırılmışdır. Bundan sonra onun dəfələrlə rəsmi müraciətlərindən sonra 2024-cü ilin fevral ayının 2-də ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Bu zaman ona aşağıdakı diaqnoz qoyulmuşdur: «Prostat vəzinin xərçəngi, 4-cü mərhələ. Üzvi mənşəli (baş beyin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixapatobənzər davranış». Əlilliyin səbəbi kimi isə «ümumi xəstəlik» göstərilmişdir. Onun hazırkı şikayəti və tələbi məhz bu hissə ilə bağlıdır. Yəni yuxarıda da qeyd etdiyi kimi ona 2005-ci ildə əlillik təyin ediləndən 2021-ci ilə kimi (16 il) onun əlilliyinin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» kimi göstərilsə də, birdən birə səbəb dəyişərək ümumi xəstəlik kimi göstrilmişdir. 16 il ərzində qoyulan diaqnoz («Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin travması nəticəsində əmələ gələn kəskin ifadə olunan psixopata bənzər davranış) bu təyinat zamanı da ona qoyulmuşdur. Və həmin xəstəlik də məhz müharibə vaxtı - döyüş bölgəsində əmələ gəlmişdir. O, həmin xəstəlikdən sağalmadığı halda - həmin xəstəliyin hələ də, ona təyin edilmiş əlilliyin əsası olduğu halda necə olur ki, onun əlilliyinin səbəbi dəyişir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND-nın xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Prostat vəzin xərçəngi, İV mərhələ. Ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmışdır. Yevlax şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0300003AACKY nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 416 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Zəif kliniki əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, stressdən şikayətlənmişdir. Həmçinin yanaşı olaraq prostat vəzin onkologiyasından əziyyət şəkdiyini qeyd etmişdir. Psixi baxış: Somatik xəstəliyə bağlı astenik vəziyyətdə olmuşdur. İnstrumental olaraq travmadan sonra psixi pozuntuya səbəb ola biləcək patoloji sahəni təsdiqləyən sənəd təqdim edilməmişdir. Hal-hazırda somatik vəziyyətə bağlı asteno-nevrotik sindrom qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1730 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12440/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli Ambulator kartdan Arayışında diaqnoz “Prostat vəzinin bədxassəli yeni törəməsi cT3bN1M1 mərhələ İV. Prostat vəzin xərçəngi, limfa düyünlərə, sümüklərə mts. cT3bN1M1 mərhələ İV.” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən onkoloji xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 23 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0007 nömrəli sistemdən çıxarış, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi, AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 416 nömrəli qərarı, Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə nəticələri (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0007, xxxxxxx0008, xxxxxxx0010) Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan iddiaçıya xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin etmişdir. Cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətini Mingəçevir PND-nin E00163705ZPL №-li tibbi göndərişi əsasında qiymətləndirmişdir. Sözügedən tibbi göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnoz F07.0 XBT kodunda (üzvi mənşəli şəxsiyyət pozuntusu), yanaşı xəstəlik C61 XBT kodunda (prostat vəzinin bədxassəli yenitörəməsi, prostat vəzin xərçəngi, İV mərhələ) qeyd edilmişdir. Cavabdeh orqan ilkin olaraq əlillik təyinatı aparan zaman “prostat vəzinin xərçəngi, İV mərhələ. Üzvi mənşəli (baş-beynin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixapatabənzər davranış” diaqnozlarını əlilliyin təyini ilə bağlı sonuncu müayinəyə dair məlumatda qeyd etmişdir. Sözügedən sənəd iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Daha sonra isə cavabdeh orqan bu diaqnozlardan birini (F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu) səbəbi izah olunmadan sənədin məzmunundan çıxarmaqla qərarın məzmununu dəyişdirmiş və “prostat vəzinin xərçəngi, İV mərhələ” diaqnozuna münasibətdə 1-ci dərəcəli müddətsiz əlillik təyinatını aparmışdır. Məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur ki, cavabdeh orqan bir çox hallarda ilkin qəbul etdiyi qərarların məzmununu sonradan dəyişərək eyni məsələ ilə bağlı eyni tarixdə müxtəlif məzmunlu sənədlərin tərtibinə yol verir. Hazırkı işdə də, iddiaçıya təqdim edilmiş sonuncu müayinəyə dair məlumatda ona qoyulmuş “Üzvi mənşəli (baş-beynin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixapatabənzər davranış” diaqnozu öz əksini tapsa da, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş məlumatda həmin diaqnoz öz əksini tapmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazda “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun əlillik təyinatına əsas vermədiyini qeyd etsə də, faktiki olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş həmin diaqnoza münasibətdə gəldiyi qənaətini, yəni həmin diaqnoza münasibətdə xüsusi səbədən əlilliyin təyin edilməsindən imtina edilməsini göstərməmişdir. Məhkəmə qeyd edir ki, əgər cavabdeh orqan göndərişdə əsas diaqnoz kimi göstərilmiş “üzvi mənşəli şəxsiyyət pozuntusu”nun əlillik təyinatına əsas vermədiyi qənaətinə gəlmişdirsə, bu qənaətini qəbul etdiyi inzibati aktda açıq və əsaslandırılmış şəkildə göstərməli idi. Hazırkı vəziyyətdə isə cavabdeh orqanın həmin diaqnoza münasibətdə hansı hüquqi və tibbi nəticəyə gəldiyi barədə inzibati aktda hər hansı qeyd yoxdur. Bu isə həmin diaqnoz üzrə əlilliyin təyin edilib-edilmədiyi və ya niyə təyin edilmədiyi məsələsində qeyri-müəyyənlik yaradır. Əksinə, yuxarıda qeyd edildiyi kimi, iddiaçıya təqdim edilmiş məlumatda “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qeyd edilmiş, bununla da, iddiaçının faktiki olaraq cavabdeh orqanın hərəkətlərindən hüquqi müdafiə imkanları yanıltma yolu ilə məhdudlaşdırmışdır. Belə ki, səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə “üzvi mənşəli şəxsiyyət pozuntusu” əsas diaqnoz kimi göstərilmiş, həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş sonuncu müayinəyə dair məlumatda da həmin diaqnoz öz əksini tapmışdır. Bu hal iddiaçıda obyektiv surətdə həmin diaqnoza əsasən əlilliyin təyin edilməsi barədə qənaət yaratmışdır. Lakin cavabdeh orqan daha sonra qəbul etdiyi qərarın məzmununu dəyişmiş və “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunu sənədlərdən çıxarmışdır. Bununla belə, cavabdeh orqan nəzərə almamışdır ki, bu halda tibbi göndərişdə əsas diaqnoz kimi göstərilən həmin diaqnoza münasibətdə faktiki olaraq heç bir qərarın qəbul edilməməsi kimi hüquqi vəziyyət formalaşdırmışdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Cavabdeh orqan iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edildiyini bildirsə də, iddiaçının faktiki hüquqi marağı ona xüsusi səbəbdən – yəni Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik statusunun verilməsinə yönəlmişdir. Bu halda cavabdeh orqan, inzibati icraat zamanı iddiaçının hansı hüquqi maraqdan çıxış etdiyini müəyyən etməli, yalnız ümumi xəstəlik əsasında əlillik təyinatı aparmaq niyyətini bəyan etməli, eyni zamanda xüsusi səbəbdən əlilliyin təyin edilməməsi barədə mövqeyini açıq şəkildə izah etməli idi. Yalnız bu qaydada icraat aparıldığı halda, iddiaçı hüquqi mövqeyini düzgün müəyyənləşdirə və lazımi hüquq müdafiə vasitələrdən istifadə edə biləcəkdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 416 nömrəli Qərarında iddiaçıya “Zəif kliniki əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi ilə iddiaçıya üzvi şəxsiyyət pozuntusu diaqnozu qoyulmuş və həmin diaqnozun 1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində yaranması qeyd edilmişdir. İddiaçıya ilk dəfə əlilliyin təyin edildiyi 2005-ci ildən - 2021-ci ilə kimi (16 il) onun əlilliyinin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» qeyd edilmişdir. Sözügedən diaqnoz F07.0 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.6.2.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.6.2.2-ci bəndə isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir. Cavabdeh orqan sözügedən diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etsə də, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş anamnez məlumatları əsasında onun sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndinə uyğun olması müəyyən edilir. “İnzibati İcraat Haqqında” Qanunu: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 02 fevral 2024-cü il tarixdə təyin edilmiş müddətsiz 1-ci dərəcəli əlillik dərəcəsinin səbəbli-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar