Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-185/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “1205,26 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2009-cu il tarixli X5 Kitabında 2829 nömrə ilə uçota alınmış A № ******* “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 1205,26 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1530/2022 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, A№ ******* “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 1205.36 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, torpaq sahəsi üzərində iddiaçının hüquqların yaranmasını təsdiq edən ilkin hüquq müəyyənedici sənədlərin olmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı əsasında onun mülkiyyətinə ayrılması, A№ ******* “Torpaq sahəsinin planı və ölçüsü sənədi”-nin tərtib edilməsi və faktiki olaraq istifadəsində olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını – iddiaçının mübahisəli torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədinin olmaması, ləğv edilmiş DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı 235180 nömrəli, 1205,26 kv.m həyətyanı torpaq sahəsinə dair X4 kitabında xx.xx.2009-cu il tarixində 2829 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü isə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən olan texniki sənəd olduğu üçün həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanun vericiliyin tələblərinə zidd olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, A235180 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, müvafiq sənədin hazırlanmasına əsas olaraq – Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli, 293 №-li sərəncamı qeyd edilmiş, 1205,26 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə ayrıldığı göstərilmişdir. - Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamından çıxarışdan görünür ki, müvafiq sərəncamın 2-ci bəndində qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsi Azərbaycan respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan "X1 X2 əsasən iddiaçının naturada göstərilmiş 1192.0 kv m torpaq sahəsinin təyinat yaşayış məntəqələrinin torpaqları, uqodıyası tikinti altında olan torpaqlar mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi 1192 kv.m torpaq sahəsi xx.xx.2009-cu il tarixli X3 2829 nömrə ilə uçota alınmış A2355180 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsindən 71 metr şimal-qərbdə yerləşir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunuun 8.0.5-ci maddəsində 06 iyul 2006-cı il tarixədək vətəndaşlara verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydə alınmasını müəyyən edilmişdir ki, iddiaçıda hər-hansı hüquqmüəyyənedici sənəd mövcud olması müəyyən edilmir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, hüquqmüəyyənedici sənəd kimi tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı təqdim edilmiş və torpaq sahəsinin plan və ölçüsü vaxtı ilə bu sahə üzrə səlahiyyətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir ki, bu sənədlər onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) : - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. İddiaçı belə akt kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli, 293 nömrəli sərəncamına istinad etmişdir. Azərbaycan Respublikası Torpq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşdirilmiş tələblərinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi” kimi adlandırılmaqla, bu müddətdən daha əvvəl fərdi qaydada fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı müxtəlif qurumlara verilmiş tapşırıqlarla əlaqədardır. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə izah edir ki, yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). İddia ərizəsində iddiaçı ilk abzasda aşağıdakıları qeyd edir: - Sovet İttifaqı dağıldıqdan sonra Sovet vaxtı ev növbəsində olan, ev üçün növbəyə yazılan və müraciət edən vətəndaşlara ev verilmədiyi üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinin evi olmayan və ev növbəsində olan şəxslərə ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı ilə Mingəçevir şəhərindən torpaq sahələri ayrılmışdır. O cümlədən mənə də qeyd edilən Sərəncam əsasında Mingəçevir şəhəri 1-ci Günəşli küçəsindən 1205.26 kv.m torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə o zaman fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən X4 Kitabında xx.xx.2009-cu il tarixdə 2829 nömrə ilə uçota alınaraq Torpaq sahəsinin elanı və ölçüsü səənədi işlənmişdir. Göründüyü kimi iddiaçı özü də torpaq sahəsinin ilk dəfə ona Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı əsasında ayrılmasını etiraf edir. Yəni, sözügedən torpaq sahəsi 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncam qəbul edilməmişdən əvvəl iddiaçının qanuni istifadəsində olmamışdır. Yuxarıda qeyd edildiyi kimi Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı torpağı olmayan şəxslərə torpaq sahəsinin ayrılması barədə yox, əvvəllər fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqların verilməsi ilə bağlı olmuşdur. Həmçinin 2004-cü ilə münasibətdə yerli icra hakimiyyəti orqanları həyətyanı torpaq sahələrinin ayrılmasında səlahiyyətli olmamışlar və həmin sərəncamda iddiaçıya fərdi qaydada torpaq sahəsinin ayrılması göstərilməmişdir. Odur ki, sözügedən sərəncamın torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası kimi nəzərdən keçirilməsi mümkün deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu 29 iyun 2001-ci il tarixdə qəbul edildiyindən və iddia olunan torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətində olduğundan Mingəçevir Şəhər İcra Hakimiyyətinin həmin torpaq sahəsini fiziki şəxslərə ayırması səlahiyyəti olmamışdır. Məhkəmə bir daha xüsusi olaraq vurğulayır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamının iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində qeyd edilməsi özlüyündə qanunsuzdur. Belə ki, həmin sənədi tərtib edən DT və XK-nin Mingəçevir şəhər şöbəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin kadastr göstəricilərinin qeyd olunduğu sənədə tamamilə başqa məsələləri nizamlayan və həmin torpaq sahəsinin ayrılmasını nəzərdə tutmayan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamını qeyd etməklə qanunsuz sənəd tərtib etmiş və iddia olunan torpaq sahəsinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı əsasında ayrılması görüntüsünü yaratmağa çalışmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı hüququn yaranma əsası kimi qiymətləndirilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “xx.xx.2009-cu il tarixli X5 Kitabında 2829 nömrə ilə uçota alınmış A № ******* “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 1205,26 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.