Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1853/2025 23.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “İddiaçı Şəki şəhəri Qoxmuq kəndində yerləşən Qoxmuq STMF ev 3/1 saylı mənzilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlaka dair dövlət reyestrində qeydə alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının Şəki şəhəri Qoxmuq kəndində yerləşən Qoxmuq STMF ev 3/1 saylı mənzilinə daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, İddiaçı Şəki şəhəri Qoxmuq kəndində yerləşən Qoxmuq STMF ev 3/1 saylı mənzilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlaka dair dövlət reyestrində qeydə alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə iclasının protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Şəki şəhəri Qoxmuq kəndində yerləşən Şəki şəhəri, Qoxmuq STMF, ev 3/1 saylı mənzilinə dair İddiaçı adına 1 saylı order verilmişdir. İddiaçı həmin mənzilə İddiaçı dair dövlət reyestrindən çıxarış verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş,lakin 04 dekabr 2024-cü il tarixli imtina məktubu ilə müraciətinə imtina verilmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, müraciətə mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair xx.xx.1988-ci il tarixli, 01 nömrəli order (bundan sonra – order) əlavə edilmişdir. Orderin məzmunundan görünür ki, bu sənəd X2 İcrayyə Komitəsi (bundan sonra – XDS-nin İK) tərəfindən deyil, mənzilin yerləşdiyi binanın balanssaxlayıcısı – müəssisə tərəfindən verilmişdir. Order, mənzil yerli XDS-in və ya ictimai mənzil fondu binalarında olduqda XDS-in İcrayyə Komitəsi tərəfindən verilməli, idarə tipli mənzil fondu binalarında olduqda isə müəssisə-balanssaxlayıcı tərəfindən verilməli, XDS-in İcrayyə Komitəsi tərəfindən təsdiq edilməlidir. XDS-nin İcrayyə Komitəsi tərəfindən təsdiq edilmiş order təqdim edilmədiyindən mənzil üzərində hüquqların dövlət qeydiyyatının aparılması mümkün olmamış və vətəndaşın ərizəsinin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin 3-21-3-39/2-Z-0006-8/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət arxivinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunan sənədlər.
3. Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il 1/480 nömrəli sərəncamı;
4. Şəki Sənaye Tikinti Kombinatının xx.xx.1997-ci il tarixli iclasının protokolu;
5. “Yaşayış sahəsindən və yataqxanadan istifadə hüququ” haqqında İddiaçı adına verilmiş 01 saylı Order.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki Sənaye Tikinti Kombinatının xx.xx.1997-ci il tarixli iclasının protokolunun qərarı ilə verilmiş Şəki rayon Qoxmuq kəndində yerləşən Qoxmuq STMF ev 3/1 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinə nail olmaqdır. Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il 1/480 nömrəli sərəncamına əsasən Şəki Sənaye Tikinti Kombinatının müdriyyəti ilə Həmkarlar təşkilatının xx.xx.1997 və xx.xx.1997-ci il tarixli yığıcağının birgə qərarları təsdiq olunmuş, Şəki rayon Qoxmuq kəndində yerləşən Qoxmuq STMF ictimai yaşayış binasının İ blok, İ mərtəbəsində yerləşən, 18,31 kv.m yaşayış sahəsi olan 3 nömrəli mənzili İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin Sərəncamdan əvvəl də iddiaçının adına İdarəetmə və Həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli qərarı protokol əsasında order tərtib edilmişdir. Cavabdeh mənzilin X2 İcrayyə tərəfindən deyil, mənzilin yerləşdiyi binanın balanssaxlayıcısı – müəssisə tərəfindən ayrılmasına istinad edərək imtina cavabı vermişdir. Məhkəmə həmin dəlilə münasibətdə qeyd edir ki, Dövlət və ya ictimai mənzil fondunda olan mənzilin özəlləşdirilməs üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11 və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməlidir. Azərbaycan Respublikası Mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Aşağıda qeyd olunan normaları işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X2 İcraiyyə komitəsi tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Nəzərə almaq lazımdır ki, nəinki iddiaçıya, ümumiyyətlə şəxsə icra hakimiyyəti orqanı tərəfindən mənzilin ayrılması və bununla bağlı müvafiq sənədləşdirmənin aparılması həmin orqanın səlahiyyət sferasına aiddir. Sənədləşmə ilə bağlı qüsurlar, sənədləşdirmə zamanı yol verilən prosedur pozuntular şəxsin təqsirkar davranışından irəli gəlmədiyi hallarda onun ziyanına təfsir oluna bilməz. Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il 1/480 nömrəli Sərəncamına əsasən Şəki Sənaye Tikinti Kombinatının müdriyyəti ilə Həmkarlar təşkilatının xx.xx.1997 və xx.xx.1997-ci il tarixli yığıcağının birgə qərarları təsdiq olunmuş, Şəki rayon Qoxmuq kəndində yerləşən Qoxmuq STMF ictimai yaşayış binasının İ blok, İ mərtəbəsində yerləşən, 18,31 kv.m yaşayış sahəsi olan 3 nömrəli mənzili İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır.Həmin sənədlərdə mənzilin daimi istifadəyə verilməsinin hər hansı öhdəliklə şərtləndirildiyi görünmür. Başqa sözlə, mənzil qeyd-şərtsiz ayrılmış və bu baxımdan mənzilin mülkiyyətinə verilməsinə dair qanuni gözləntilər yaranmışdır. Belə hallarda etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Belə ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, icra hakimiyyəti orqanının mənzilin mülkiyyətə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azından məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, qərarda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanılması barədə müddəa nəzərdə tutulmalı idi. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin qərarla bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan mənzil İddiaçı verilmiş mənzil olmaqla onun istifadəsindədir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, “Yaşayış sahəsindən və yataqxanadan istifadə hüququ” haqqında 01 saylı Order əsasında İddiaçı verilmiş Şəki şəhəri Qoxmuq kəndində yerləşən Qoxmuq STMF ev 3/1 saylı mənzilinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlaka dair dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə Şəki rayon Qoxmuq kəndində yerləşən Qoxmuq STMF 3 nömrəli ictimai yaşayış binasının İ blok, İ mərtəbəsində yerləşən, 18,31 kv.m yaşayış sahəsi olan 1 nömrəli mənzilinin üzərində İddiaçı mülkiyyət hüququnu qeydə alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.