Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-186/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı qarşı “anadangəlmə fiziki qüsurlu şəxs olduğu nəzərə alınaraq xx.xx.2021-ci il tarixədək əvvəlki dövrlərə görə verilməli olan, lakin verilməyən sosial müavinət məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 anadangəlmə fiziki qüsurlu əlil şəxs (İ qrup) olduğu müəyyən edilərək xx.xx.2021-ci il tarixinədək verilməyən sosial müavinət məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək iddiaçı olaraq özünün, yəni İddiaçı1 qeyd edilməsini, anadangəlmə fiziki qüsurlu şəxs olduğu nəzərə alınaraq xx.xx.2021-ci il tarixədək əvvəlki dövrlərə görə verilməli olan, lakin verilməyən sosial müavinət məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə, İddiaçı1 xx xxxxxx 1997-ci il tarixində Qəbələ rayonu, Soltan Nuxa kəndində anadan olmuş, doğulan zaman fiziki qüsurlu olduğundan daim müalicə və müayinə aparılmış, hal-hazıradək iddiaçı yataq şəraitində olmaqla kənar şəxsin qulluğuna ehtiyacı olduğundan anası tərəfindən qulluq göstərilir. 6-7 aylığından müalicəsi xəstəxanalarda aparılmış, Qəbələ Rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhəri 3 saylı Nevroloji Xəstəxanasında müayinə və müalicə aparılmışdır. Uşaqlıqdan xx.xx.2021-ci il tarixinədək Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə müddətsiz İ qrup əlillik və sosial müavinət təyin olunanadək, əlilliyi ilə əlaqədar hər hansı sosial yardım və müavinət almamışdır. 2021-ci ildə müraciət etdikdə “Qəbələ Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixli 0240003AAG9Z №-li göndərişə əsasən Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən Kvadropledik spastik serebral iflic. Uşaq serebral iflici, tetraplegik forma diaqnoz qoyulmaqla, kənar şəxsin qulluğuna ehtiyac olmaqla, müddətsiz İ qrup əlilliyi olan şəxs kimi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixindən isə 280 manat sosail müavinət və İ qrup əlilliyi olan şəxsə qulluğa gorə 50 manat pul təyin olunmuş, 2022-ci il tarixindən isə məbləğ artaraq 350 manat və və İ qrup əlilliyi olan şəxsə qulluğa gorə 80 manat olmuşdur. xx.xx.2021-ci il tarixinədək əvvəlki dövrlərə görə verilməli olan, lakin verilməyən sosial müavinət məbləğinin hesablanaraq ödənilməsi xahiş edərək bu barədə ərizə ilə müraciət etsə də, iddiaçının müraciəti təmin olunmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı1 xx.xx.2021-ci ildən əvvəlki dövr üçün ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdən əvvəlki dövr üzrə əlilliyi aşkarlanmadığından ona həmin dövrlər üzrə İ dərəcə əlilliyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdən ilkin olaraq müddətsiz şəkildə İ dərəcə əlillik təyin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 əlilliyi xx.xx.2021-ci il tarixdə müəyyən olunduğu üçün əlilliyə görə verilən sosial müavinət müvafiq tarixdən təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgündür. Yuxarıda qeyd olunanların nəzərə alınmasını iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmdən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. -Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 15 nömrəli arayışından görünür ki, İddiaçı1 xx.xx.1997-ci ildə Qəbələ rayonu Soltannuxa kəndində anadan olmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçının əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0243000AAG9Z nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubuna əlavə olunmuş Tibbi Sosial Ekspertiza və X1 görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən nəzarətə götürülmüş, xx.xx.2021-ci il tarixdə ümumi xəstəliklə 0240003AAG9Z nömrəli göndəriş verilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə 2.1 Birinci dərəcə əlillik=>2.1.3 ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beyin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri diaqnozu ilə əlillik təyin olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Digər İddiaçı2 məhkəmə iclasında oğlunun xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyini bildirərək, dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etmiş və iddiaçı olaraq oğlu - Əmirxan Əlifovun qeyd edilməsi ilə bağlı ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Hazırkı mübahisə ilə birbaşa subyektiv hüquqi marağına toxunulan şəxs – İddiaçı1 iddiaçı olaraq özünün tanınmasını xahiş etdiyindən və digər İddiaçı2 həmin ərizə ilə razılaşdığından məhkəmə tərəfindən iş üzrə iddiaçı olaraq İddiaçı1 qəbul edilmiş, İddiaçı2 tərəfindən oğlunun adından məhkəmədə çıxış etmək səlahiyyətini təsdiq edən etibarnamə təqdim edilmədiyindən o, iddiaçının nümayəndəsi olaraq qəbul edilməmiş, onun və vəkili – Vəkil iştirakı nəzərə alınmamışdır. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə əsaslandıraraq xx.xx.2021-ci il tarixdən, yəni əlilliyin təyin edildiyi tarixdən əvvəlki dövr üçün müavinətin ödənilməsini tələb edir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə. İstinad olunan normanın məzmunundan göründüyü kimi əlilliyə görə aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi üçün onu almaq hüququnun yarandığı vaxt müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3- cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən aşağıdakı müavinətlər təyin edilir:
1. aylıq müavinətlər: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; yaşınadək uşağa qulluğa görə müavinət; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 1 yaşınadək uşağı olan az təminatlı ailələrə müavinət; vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; beşdən çox uşağı olan qadınlara müavinət; övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından və xx.xx.2021-ci il tarixədək iddiaçının əlilliyi müəyyən edilmədiyindən, onun həmin tarixədək əlilliyə görə müavinət almaq hüququ yaranmamışdır. Odur ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı qarşı “anadangəlmə fiziki qüsurlu şəxs olduğu nəzərə alınaraq xx.xx.2021-ci il tarixədək əvvəlki dövrlərə görə verilməli olan, lakin verilməyən sosial müavinət məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.