Məhkəmə qərarları › İş №2-1(116)-186/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-186/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-186/2024 24.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının 10 fevral 2001-ci il tarixli 54 saylı Qərarı ilə JN-150 saylı 90104038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Yevlax rayon Ağqıraq kəndində yerləşən 2.19 ha (1.91 ha və 0.27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alaraq dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının 10 fevral 2001ci il tarixli 54 saylı Qərarı ilə iddiaçıya verilmiş, o cümlədən, hazırda JN-150 saylı 90104038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən yeganə ( tək) mülkiyyətçisi olduğu Yevlax rayon Ağqıraq kəndində yerləşən 2.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçıya mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Yevlax rayon Aqrar İslahat Komissiyasının 10 fevral 2001-ci il tarixli 54 saylı Qərarı ilə JN-150 saylı 90104038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş Yevlax rayon Ağqıraq kəndində yerləşən 2.18 ha (1.91 ha və 0.27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alaraq dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 10 fevral 2001-ci il tarixli 54 saylı Qərarı ilə iddiaçı və sabiq həyat yoldaşı X5 Yevlax rayon Ağqıraq kəndində 4.37 ha torpaq sahəsi verilmişdir. Sabiq həyat yoldaşı özünə məxsus hissəni xx.xx.2004-cüil tarixdə X1. Bu əqd xx.xx.2004-cü il tarixdə Yevlax 1ci növbə notariat kontorundan dövlət notariusu G.Q.Baxışova tərədindən təsdiq edilmişdir. İddiaçı özünə məxsus torpaq sahəsinə daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına reyestrdən çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsindən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Yevlax rayon Ağqıraq kəndində yerləşən 2.19 ha torpaq sahəsinə dair verilmiş JN-150 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktə Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən DTXK-nın Yevlax rayon Şöbəsi tərəfindən tərtib edilmişdir. Dövlət Aktı tərtib edilən zaman hüquq subyektlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Qanunvericiliyi tələblərinə uyğun olaraq başqa-başqa subyektlərin mülkiyyətində olan sənəddə hər hansı bir düzəlişin və ya hər hansı hüquq sahibinin ləğv edilməsi ərazi idarəsinin səlahiyyətinə aid deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-0150 kod 90104038 saylı Dövlət Aktının surətindən görünür ki, 2.19 ha torpaq sahəsi İddiaçı və X4 mülkiyyətinə verilmişdir.

3. xx.xx.2004-cü il tarixli 4Ə-240 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 özünə məxsus 2.185 ha torpaq sahəsini X1.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-271/2023 nömrəli məktubuna əlavə edilmiş X7 barəsində çıxarışdan görünür ki, iddiaçının keçmiş həyat yoldaşı İddiaçı qeyd edilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 54 nömrəli protokol, xx.xx.1999-cu il tarixli Yevlax rayon Ağqırax kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı və X4 adları qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-4120/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi- 1.9312 ha təşkil edir, təyinatı-kənd təsərrüfatı təyinatı, uqodiyası-əkin, 1.91 ha hissəsinin mülkiyyətçisi İddiaçı və X6r. Qalan 0.0212 ha hissəsinin mülkiyyətçisi Yevlax rayonu, Balçılı bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyti torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə olunan torpaq sahəsinin 0.0212 ha hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi bələdiyyənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

7. İddiaçının naturada göstərdiyi 0,27 ha torpaq sahəsi JN 0035 saylı Dövlət Aktının koordinatları ilə üst-üstə düşür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının və mərhum keçmiş həyat yoldaşının adına JN-0035 saylı 90104038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 4.37 ha torpaq sahəsi verilmişdir ki, bunun da 2.185 ha hissəsi X7 tərəfindən alqı-satqı əsasında satılmışdır. Araşdırma zamanı Təsərrüfatbaşına kitablardan çıxarışda mərhum iddiaçı və sabiq həyat yoldaşı X2 adına 4.37 ha torpaq sahəsinin qeydə alındığı aşkar edilmişdir. Göründüyü kimi iddiaçı mülkiyyətinə Dövlət Aktı əsasında (2.185 ha) olmaqla torpaq sahələri verilmiş olsa da hazırda JN-0035 saylı 90104038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasında mülkiyyət hüququnun qeydə alınması təmin olunmamışdur. Tələb olunan mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi iki planşetdə yerləşir.JN 0035 Dövlət Aktının 35 planşetində göstərilən torpaq sahəsi 1.91 ha, 035 A planşetində göstərilən torpağın sahəsi 0,27 ha dır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl də iddiaçının istifadəsində olmuş,həmin sahədə yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Yevlax rayonu Ağqırax kəndində yerləşən (JN-0035 Dövlət Aktının surətindən) 2.18 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 10 fevral 2001-ci il tarixli 54 saylı Qərarı ilə JN-0035 saylı 90104038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş, Yevlax rayon Ağqıraq kəndində yerləşən 2.18 ha (1.91 ha və 0.27 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnu qeydə alaraq çıxarış və “Torpaq sahəsinin plan ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar