Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1866/2024 02.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə1 cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1999-cu il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi çilingər, xx.xx.2011-ci il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçının hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1999cu il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi çilingər, xx.xx.2011-ci il tarixdən halhazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçının hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1961-ci ildə Qax rayonu Lələpaşa kəndində anadan olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiyanın Rostov şəhərində kino-texnik ixtisası üzrə texnikumda təhsil almışdır. Texnikumda təhsil aldığı müddətdə təhsili müvəqqəti dayandıraraq xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra texnikumda təhsilini davam etdirərək xx.xx.1985-ci ildə təhsilini bitirmişdir. Əmək fəaliyyətinə xx.xx.1985-ci ildə Rusiyanın Kalmıkya şəhərində kino avadanlıqlarının təmiri sexində kino slesar kimi başlamış və xx.xx.1985-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə kimi Şüşə zavodunda, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Mingəçevir Maşın Təmir ATSC-də çilingər peşəsində, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Azərbaycan DRES-də kimya sexinin elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə aparatçı vəzifəsində, xx.xx.1998xx.xx.1999-cu il tarixlərində aparatçı, xx.xx.1999-xx.xx.2011-ci il tarixlərdə kimya sexinin elektrik stansiyalarının avadanlıqlarına xidmət edən 4-cü qrup çilingər, xx.xx.2011-ci il tarixdən hal-hazıradək kimya sexinin növbə rəisi vəzifəsində işləyir. Qeyd edilən vəzifələr üzrə vəzifə funksiyalarını yerinə yetirərkən müxtəlif zərərli faklorlarıntaqressiv kimyəvi maddələrin, titrəmə, səs-küy yüksək temperatur) təsirinə məruz qalmışdır. İş şəraiti ağır və zərərli olduğuna görə xx.xx.1997-cı il tarixdən halhazıradək aylıq məvacibinin 12-16% məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə 6 təqvim günü əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. xx.xx.1999cı il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi çilingər, xx.xx.2011-ci il tarixdən halhazıradək işlədiyi növbə rəisi vəzifələri güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdi. Lakin, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajının qanunvericiliklə tələb olunan müddətdən (12 il 6 ay) az olması (5 il 4 ay 28 gün (xx.xx.1991- xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 aymı həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Buna baxmayaraq iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC "xxxx" MMC-nin ona dair 07-06, 07-07 və 07-08 nömrəli arayışlarında isə sözügedən müəssisədə işlədiyi sahə və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyqun olması barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 2691/2023 nömrəli qərarına əsasən nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı zamanı suiistifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Həmçinin analoji digər iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalı olduğu izah edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. ИТ-İV seriyalı ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur.
2. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;
3. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-cü il təvəllüdlüdür.
4. "xxxx" X5 Cəmiyyətinin xx.xx.2019-cu il tarixli güzəştli arayışı.
5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 07-07 nömrəli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış
6. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 07-08 nömrəli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış,
7. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 07-06 nömrəli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış,
8. İstehsal fəaliyyəti haqqında arayış,
9. Dövlət Sosial Sığorta Şəhadətnaməsi.
10. ЭТ seriyalı 970499 nömrəli Diplomun surəti;
11. НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti;
12. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli 336 nömrəli arayışı.
13. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququ yarandığı traixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdehin imtina və etiraz məktublarından göründüyü kimi iddiaçının 25 il ümumi sosial sığorta stajına malik olması mübahisöələndirilməmiş,həmçinin, iddiaçının xx.xx.1991- xx.xx.1997-ci il tarixləri arasındakı Mingəçevir Maşın Təmir ATSC-də çilingər peşəsində işlədiyi 5 il 4 ay 28 gün dövr xüsusi staj kimi qəbul edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X2 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir.Həmin dövrlər məhkəmə tərəfindən qəbul edilməklə aşağıdakılar qeyd edilir. Cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən xx.xx.1991- xx.xx.1997-ci il tarixləri arasındakı Mingəçevir Maşın Təmir ATSCdə çilingər peşəsində işlədiyi 5 il 4 ay 28 gün dövr xüsusi staj kimi qəbul edilmişdir Əmək kiotabçasına əsasən iddiaçı xx.xx.1999-xx.xx.2011-ci il tarixlərində,11 il 09 ay 20 gün müddətində kimya sexinin elektrik stansiyalarının avadanlıqlarına xidmət edən 4cü qurup çilingər vəzifəsində işləmişdir.İddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının Qərarının 2 nömrəli siyahısının Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsinin “a” bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı təmiri” bölməsinin a bəndində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” peşəsi nəzərdə tutulur.Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 01 iyul 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). Həmçinin, iddiaçı hüququnun yarandığı tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən yuxarıda qeyd olunan dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı hüququnun yarandığı 01 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.