Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1869/2023 06.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının hüquqi varisi X3 cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Əlyar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin 0.42 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Əlyar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin 0.42 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1869/2023 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X8 ilə əvəz edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.42 ha torpaq sahəsi ayrılmış, bununla bağlı X10 Komitəsinin Şəki rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və xx.xx.2010-cü il tarixdə 4731 nömrəsi ilə X18 kitabında uçota alınmışdır.Bundan başqa Aydınbulaq kənd ərazi nümayəndəliyinin 04 nömrəli təsərrüfbaşına kitabın 149-cu səhifəsində 1971-ci ildə tikilmiş 50 kv.m ümumi, 24 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0.42 ha həyətyanı torpaq sahəsinin iddiaçının adına olduğu qeyd edilmişdir. İddiaçı Şəki rayon Əliyar kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin və 0.42 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bundan imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə X7, X8, X2 fərdi yaşayış evi tikmək üçün Şəki rayon Əliyar kəndindən ayrılmış 4200 kv.m torpaq sahəsi ilə bağlı X18 kitabında xx.xx.2010-cu il tarixdə 4731 nömrəsi ilə uçota alınmış A 201945 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi olsa da, daşınmaz əmlakın texniki vəziyyətinin xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinəsi zamanı İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün hüquq müəyyənedici sənəddə göstərilən ölçüdən az olduğu müəyyən edildiyindən və ərizəçi tərəfindən yeni müəyyənedici sənəd olan çıxarışda torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə notarial qaydada təsdiq olunmuş yazılı razılıq təqdim olunmadığından vətəndaşın tələbinin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının hüquqi varisi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur
2. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd ərazi nümayəndəsinin 262 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı;
3. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd ərazi nümayəndəsinin 207 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat edib və Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X8, X6, X9 onun vərəsələridir.
4. Az-İİ 349771 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir;
5. AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir;
6. İİİ-ЖГ 301918 seriya nömrəli iddiaçıya aid “Doğum haqqında Şəhadətnamə”in surəti;
7. A seriyalı 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 4200 kv. metr torpaq sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı adına verilmişdir.
8. Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Şəki şəhər İHB-nın Aydınbulaq kənd İcra Numayəndəliyinin 1996-2000, 2001-2006-cı illərin Təsərrüfatbaşına kitabın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuşdur.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli Şəki rayonu Əliyar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və ailə üzvləri Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X8, X1 adları qeyd olunmuşdur .
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2051/2023 nömrəli məktubuna əlavə edilmiş, həyətyanı torpaq sahəsi alacaq subyektlər siyahısından görünür ki, torpaq sahəsi İddiaçı və ailə üzvləri Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X8, X1 ümumi birgə mülkiyyətinə verilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3922/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş A 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi uyğunsuzluq təşkil edir. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi 2785 kv.metrdir. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələri və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş, bələdiyyə mülkiyyətində olan ərazidir.İstifadə olunan torpaq sahəsi A 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür.Sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq olduğundan verilən 3-cü sualin tələb olunan dəqiqliklə cavablandırılması mümkün olmamışdır.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı Şəki rayonu Əlyar kəndində yerləşən fərdi yaşayış evi A 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması olmuşdur.İş məhkəmə icraatında olduğu müddətdə iddiaçı vəfat etmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nın Aydınbulaq kənd İcra Numayəndəliyinin 1996-2000, 2001-2006-cı illərin Təsərrüfatbaşına kitabın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı fərdi yaşayış evi olduğu qeyd edilmişdir.İddia həmin hissədə əsaslıdır.Lakin,iddia olunan torpaq sahəsinə dair hissədə qismən əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,iddia olunan 4200 kv.m torpaq sahəsi naturada iddiaçının,hazırda da hüquqi varisinin istifadəsində yoxdur.Verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki,iddiaçının qanuni istifadəsində 0,22 ha həyətyanı torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023ci il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli Şəki rayonu Əlyar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, iddiaçının və X4,X8, X1 adları qeyd olunmuşdur,Həmin cədvəldə qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,22 ha olaraq qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, həmin sənəddə yalnız İddiaçı adının qeyd edilməsi ayrılmış torpaq sahəsinin yalnız onun mülkiyyətinə verilməsi kimi nəzərdən keçirilə bilməz. Belə ki, işdə olan təsərrüfatbaşına kitabdan çıxarış və torpaq payı almaq hüququ olan subyektlər siyahısından çıxarışdan görünür ki, torpaq islahatı aparılan zaman Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X8, X6 eyni təsərrüfatda olmuş, ayrılmış torpaq sahəsi də təsərrüfat üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Məhkəmə hesab edir ki, A 201945 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 4200 kv.m torpaq sahəsinin də faktiki olaraq İddiaçı, Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X8, X1 ümumi birgə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsinə aid mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 2785 kv.metr olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 39 saylı qərarı ilə mərhum İddiaçı mülkiyyətinə verilən torpaq sahəsi A seriyalı 201945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 0,42 ha qeyd edilsə də ölçmə işləri doğru aparılmadığından və ya ümumiyyətlə ölçülmədiyindən istifadə olan torpaq sahəsi ilə mülkiyyətə verilən torpaq sahəsi arasında uyğunsuzluq yaranmışdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq qeyd edilmişdir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Əlyar kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olması haqqında elektron arayışın verilməsi,həmin evin yerləşdiyi 2785 kv.metr torpaq sahəsi üzərində İddiaçı, Güləhmədova (Qurbanova) Nərminə Dostu qızı, X8 və X1 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyi qoyulur İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə