Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-187/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X11 qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 30.08.2019-cu il tarixli, 221/2 nömrəli imtina məktubunun qanunsuz və əsassız hesab edilməsi, doğum akt qeydləri kitabında 10.03.2017-ci il təvəllüdlü X2 “Abdullah” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 14.09.2011-ci il tarixdə X4 ilə Cavabdehndə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladları - 10.09.2012-ci il təvəllüdlü X10 və 10.03.2017-ci il təvəllüdlü X12 doğulmuşdur. Oğlu X2 “Abdullah” kimi qeyd olunması üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh 30.08.2019-cu il tarixli, 221/2 nömrəli məktubla müraciətinin icrasından imtina etmiş və həmin məktubda göstərmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 53.3cü maddəsinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılıması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli, 495 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları - “ov”, - “yev” sonluqlu soyadlarını - “lı” (sözün kökündən asılı olaraq - “li”, - “lu”, - “lü”), - “zadə”, - “oğlu”, - “qızı” sonluğu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər...”. Hesab edir ki, Cavabdeh imtina məktubu qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İş materiallarında olan AZ-İ seriyalı 14.09.2011-ci il tarixli 675931 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X4 arasında 14.09.2011-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İV seriyalı 233128 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 10.03.2017-ci il tarixində anadan olmuşdur. Atası İddiaçı, anası X3r. İş materiallarında olan 23.07.2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, X4 oğlu X2 “Abdullah” soyadına dəyişdirilməsinə etiraz etmir, razıdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli ş/v-nin surəti, Cavabdeh 30.08.2019-cu il tarixli 221/2 nömrəli imtina məktubu, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.09.2018-ci il tarixli 2-1(84)- 1023/2018 nömrəli Qərarının təsdiqlənmiş surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı 18.08.2020-ci il tarixli ərizə ilə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna zidddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 04 nömrəli qərarının 9.1ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə əssən uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 10.03.2017ci ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında qeydiyyat aparılmış, atası İddiaçı, anası isə X1 olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, X5 sonluğuna dəyişiklik edilməlidir. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Göründüyü kimi qərar sonluqsuz soyadların darəsini müəyyən etməmiş və məhdudlaşdırıcı mənaya malik deyildir. Cavabdeh məhz adı cəkilən qərara istinadən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, iddiaçının müraciəti də məhz sonluqsuz soyadlarla bağlıdır ki, Abdulla və Abdullah soyadları sonluqsuz soyadlarının dairəsinə aiddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X8 doğum akt qeydində soyad sonluğunun dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə X9 aid 05.07.2019-cu il tarixli 100 nömrəli doğum akt qeydində soyadının “Abdullah” kimi qeyd olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-187/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-187/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver