Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1875/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Vətən müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vətən müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1985-ci ildə keçmiş (Vartaşen) Oğuz rayonunda anadan olmuş, 2014-cü ildən Müdafiə Nazirliyinin Hərbi X1 şəhərində yerləşən N saylı hərbi hissəsinə müqavilə əsasında əsgər vəzifəsinə qəbul edilmişdir. Sonradan 2015-ci ildə yerdəyişmə əsasında Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinə köçürülmüşdür. xx.xx.2020-ci il tarixdə başlayan Vətən müharibəsi vaxtı o, Ağcəbədi rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində Şəxsiyyətin uçotu -kadrlar bölməsində kargüzaroperator vəzifəsində işləmişdir. Müharibə zamanı döyüş növbəliyində hərbi hissənin digər hərbiçiləri kimi iddiaçının da adı olmuşdur. Sonradan müharibə bitdikdən sonra hərbi hissənin şəxsi heyyətinin hamısının adlı siyahısı Müharibə veteranı adı və veteran vəsiqəsinin alınması üçün göndərilmişdir. 2023-cü ilin may ayında səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu göndərilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş arayış məlumatdan görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin nizami hissəsinin kargüzar-operatoru vəzifəsində xidmət etmiş və hərbi hissədə xx.xx.2020-ci il tarixində şəxsi heyətin qəbul məntəqəsinin açılması ilə əlagədar SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrindən qəbul olunmuş hərbi vəzifələr bölüşdürülməsində vəzifə borclarını layiqincə yerinə yetirmiş. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks-hücum fəaliyyətləri zamanı hərbi hissəyə ezam olunmuş şəxsi heyətin hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına yazılmasında, yazışmaların və telefonoqramların icrasında kargüzar-operator fəaliyyət göstərmişdir. Göründüyü kimi döyüş əməliyyatları zamanı iddiaçı Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissədə öz vəzifə borclarını yerinə yetirmiş, döyüş təminatı ilə bağlı heç bir fəaliyyət göstərməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və əlavə olunan sənədlər;
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 824 nömrəli əmrindən çıxarışın surəti.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 155 nömrəli əmrindən çıxarışın surəti.
4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 346 nömrəli əmrindən çıxarışın surəti.
5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 205 nömrəli əmrindən çıxarışın surəti.
6. İddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surəti;
7. İddiaçıya məxsus 02.03.223-cü il tarixli 346 nömrəli Xəstəlik haqqında Şəhadətnamə.
8. SHXÇDX-nin Oğuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və qeydiyyat kartası;
9. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu;
10. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarət olmuşdur.İddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı döyüş əməliyyatları zamanı Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin nizami hissəsinin kargüzar-operatoru vəzifəsində xidmət etmişdir. Verilmiş sorğulara cavab olaraq Müdafiə Nazirliyi etiraz məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks-hücum fəaliyyətləri zamanı hərbi hissəyə ezam olunmuş şəxsi heyətin hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına yazılmasında, yazışmaların və telefonoqramların icrasında kargüzar-operator fəaliyyət göstərmişdir. Göründüyü kimi döyüş əməliyyatları zamanı iddiaçı Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissədə öz vəzifə borclarını yerinə yetirmiş, döyüş təminatı ilə bağlı heç bir fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adının verilməsi əsası göstərilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi yuxarıdakı normalara əsasən “müharibə veteranı” adının verilməsi üçün iki əsas kriteriya müəyyən edilmişdir.
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Əsasnamədə göstərilən ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müvafiq sənədlər əsasında;
2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; İş materiallarına əsasən müəyyən olunur olunur ki,İddiaçı birbaşa döyüş əməliyyatlarında iştirak etməmişdir.İddiaçının xidmət ərazisi birinci kateqoriya şəxslərə aid olmadığından onun təminat növünün yoxlanılması ikinci kateqoriyaya münasibətdə araşdırılmışdır. İddiaçı barəsində tərtib edilmiş arayış-məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin tərkibində N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Ağcabədi rayonu ərazisində xidmət etmişdir.İddiaçı N saylı hərbi hissənin kargüzar-operator vəzifəsində xidmət etmişdir.Arayışın 9-cu bəndində görünür ki,iddiaçının birbaşa vəzifəsi hərbi hissəyə ezam olunmuş şəxsi heyətin hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabına yazılmasında, yazışmaların və telefonoqramların icrasının təmin edilməsindən ibarət olmuşdur.Bu təminat növü isə Əsasnaməyə əsasən müharibə veteranı adı verilməsi nəzərdə tutulan kriteriaya daxil edilmədiyindən məhkəmə hesab edir ki,cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Vətən müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə