Məhkəmə qərarları › İş №2-1(116)-1879/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1879/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1879/2025 08.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində Qəbələ bələdiyyəsi və X3 cəlb olunmaqla) «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra – DTXK) Qəbələ rayon şöbəsi tərəfindən Qəbələ şəhərində yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair JN-1948F kod 40601004 nömrəli şəhadətnamə verilmiş və şəhadətnamədə onun verilməsinə əsas olan sənəd kimi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı göstərilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR PHŞ) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Qəbələ şəhərində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bildirmişdir ki, JN-1948F saylı şəhadətnamədə göstərilən torpaq sahəsi elektron kadastr məlumat bazasında 0,06 ha qeyd olunduğu halda, təqdim olunan şəhadətnamədə torpaq sahəsi 0,12 ha göstərilmişdir. Bundan sonra İddiaçı cavabdeh DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı JN-1948F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətə verilmiş, Qəbələ şəhərində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə ona ayrılmış 0,12 ha torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmin torpaq sahəsi hazırda da onun mülkiyyətində və istifadəsindədir. DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassızdır. Torpaq sahəsinin ona məxsus olması ətrafda hamıya məlumdur. Heç kəslə torpaq sahəsi ilə bağlı mübahisəsi yoxdur. O, həmin sahədə ev tikmişdir və orada da yaşayır. Elektron baza məlumatlarında həmin torpaq sahəsi ilə bağlı uyğunsuzluqları aradan qaldırmaq DTXK ləğv edildikdən sonra Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeliyində olan qurumların səlahiyyətlərindədir. Cavabdehin imtina cavabı onun hüquqlarını pozur. DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəməyə ünvanladığı 14 fevral 2025-ci il tarixli etiraz məktubunda iddiaya etiraz edir və bildirir ki, İddiaçı Qəbələ şəhəri ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evinin adına qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçıya Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsinə dair JN-1948F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir və Ərazi İdarəsinin arxivində həmin şəhadətnamə mövcuddur. Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı əsasında verilmiş JN-1948F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında 0,06 ha kimi öz əksini tapmışdır. Qeyd olunan səbəbə görə müraciətin icrası mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə icraatında DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsindən müvafiq suallar üzrə aşağıdakı məzmunda mütəxəssis rəyi alınmışdır: - İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,12 ha torpaq sahəsi Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ şəhər inzibati ərazisinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı olan, 0,06 ha hissəsi xüsusi mülkiyyət (JN- 1948F) 0,006 ha hissəsi bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. X5 İnformasiya Sisteminə (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlar, uqodiyası tikintialtı, bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir. İddiaçının iddia etdiyi naturada ölçülmüş 0,12 ha tirpaq sahəsinin 0,06 ha hissəsi JN-1948F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilmiş 0,06 ha torpaq sahəsi ilə, qalan 0,06 ha hissəsi Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki naturada ölçülmüş 0,12 ha torpaq sahəsinin kənarları mişar daşı ilə bərkidilmiş qapalı həyət daxilindədir. Torpaq sahəsinin üzərində İddiaçı və X3 tərəfindən inşa edilmiş fərdi yaşayış evləri, günlüklər (talvar) mövcuddur. Məhkəmənin 30 dekabr 2025-ci il tarixli qərardadı ilə Qəbələ bələdiyyəsi və X3 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə icraatının gedişində Əmlak Məsələləri Dövlət Xidmətinin Ali Məhkəməyə ünvanlanmış 1 dekabr 2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 58-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə iş üzrə cavabdeh DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsini DƏDKR publik hüquqi şəxsi ilə əvəz etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X3 iddiaya etiraz etmədiyini bildirdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müvafiq inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina edildiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Qəbələ rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçının mülkiyyətinə Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı əsasında tərtib edilmiş JN-1948F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş, Qəbələ şəhərində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «Torpaq islahatı haqqında» Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 14-cü maddəsinə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-cü maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun “Ümumi müddəalar” adlı İ fəslinin 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun “Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası” adlı İİ fəslinin 8-ci maddəsində daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edilmiş və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyətləri) tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Göründüyü kimi, sözügedən Qanunun həmin müddəaları daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə əvvəllər ayrı-ayrı qeydiyyat orqanlarının apardığı qeydiyyatın bir tərəfdən öz qüvvəsini saxlamasını təsbit etmiş, digər tərəfdən isə yeni qeydiyyat üçün əsas kimi müəyyən etmişdir. Lakin məhkəmənin mövqeyinə görə hazırkı İddiaçı Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə aqrar islahat çərçivəsində mülkiyyətinə verilmiş müvafiq torpaq sahəsinə hüququnu təsdiq edən şəhadətnamə mövcud olduğundan DƏDKR PHŞ ərazi idarəsində aparılmış icraat mahiyyətcə yeni qeydiyyatın aparılması deyil, qeydiyyat sənədlərinin yeni nümunə ilə əvəz edilməsini əhatə edir. Nəzərə alınmalıdır ki, əvvəlki qeydiyyat orqanının verdiyi qeydiyyat sənədlərinin qüvvəsini saxlaması bu Qanunun “Ümumi müddəalar”ında əks olunmuşdur və ayrıca qeydiyyat üzrə icraata formal daxildir. Bundan başqa, həmin Qanunun 4-cü maddəsinin mahiyyəti belə deməyə əsas verir ki, əvvəlki qeydiyyat orqanı tərəfindən aparılmış qeydiyyata dair sənədlər və məlumatlar əsasında reyestrdə müvafiq qeydlər aparmaq və məlumatlar daxil etmək hüquq sahibinin müraciətindən asılı olmayaraq, həmin orqanla yeni qeydiyyat orqanı (DƏDKR) arasında mərhələli ötürülmə institutu çərçivəsindədir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 65.1 və 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin akta münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin akt tam və ya müvafiq hissədə ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə vurğulayır ki, DƏDKR PHŞ Ərazi İdarəsinin baza məlumatlarında fərqli ölçüdə əks olunsa da, torpaq sahəsinin ölçüsü 0,12 ha göstərilmiş, İddiaçı verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Ərazi İdarəsinin arxivində mövcuddur. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı Qəbələ şəhərində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməlidir. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh JN-1948F saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı haqqında reyestrdən çıxarış verilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı əsasında tərtib edilmiş JN- 1948F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş, Qəbələ şəhərində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh DƏDKR publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110-cu maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir (maddə 110.1). Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər (maddə 110.4). MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarından görünür ki, hazırkı məhkəmə icraatında aidiyyəti suallar üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı DƏDKR publik hüquqi şəxsinin müvafiq bank hesabına 95 manat pul vəsaiti ödəmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə icraatda 95 manat məbləğində mütəxəssisə ödənilmiş prosessual xərc inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin təqsiri üzündən yaranmamışdır. Odur ki, cavabdeh DƏDKR publik hüquqi şəxsi məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən məhkəmə icraatında mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaitini iddiaçıya ödəməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı əsasında tərtib edilmiş JN-1948F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş, Qəbələ şəhərində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaitini iddiaçıya ödəsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar