Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-188/2022 27.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh inzibati orqanın ona əsassız vergi hesablanmasına dair 08.06.2020-ci il tarixli, **********519200 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın ona əsassız vergi hesablanmasına dair 08.06.2020-ci il tarixli, **********519200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən E.Namazlının 23 iyun 2021-ci il tarixli, **********759000 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayətinin təmin edilməməsi, cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin 08.06.2020-ci il tarixli, **********519200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı aşağıda göstərilən əsaslara görə hesab edir ki, sözügedən Ərazi İdarəsinin 08.06.2020-ci il tarixli, **********519200 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iddiaçı və ailə üzvləri onların mülkiyyətində olan torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olaraq gəlir əldə edirlər. Mübahisə predmeti olan pul vəsaiti həmin kənd təsərrüfatı məhsullarının satışından, həmçinin ailəsinə məxsus olan mal-qaranın satışından əldə olunmuşdur. İddiaçı və onun ailə üzvləri neçə illər ərzində təsərrüfatlarından əldə etdikləri vəsaiti ölkədə ABŞ dollarının qalxmasından ehtiyatlanaraq, dollara münasibətdə valyuta mübadiləsi etmək qərarına gəlmişlər və iddiaçı bu məqsədlə qeyd edilən məbləğdə valyuta mübadiləsi etmişdir. Xarici valyutanın bir nəfər tərəfindən əldə edilməsi barəsində hər hansı bir problem və ya məhdudiyyət barədə bank tərəfindən iddiaçıya bildirilmədiyindən xarici valyutanın hamısını öz adına əldə etmişdir. İddiaçı 2016-cı ildən özəl şirkətlərdə rəsmi olaraq işləyib əmək haqqı alır. Onun heç bir sahibkarlıq fəaliyyəti yoxdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına açılan VÖEN-dən xəbərsiz olmuş və ona heç bir bildiriş, məktub və ya xəbərdarlıq təqdim edilməmişdir. 14 aprel 2021 ci il tarixində ona təqdim olunan icra məmurunun xəbərdarlığından sonra, bütün olanlardan məlumatlı olmuşdur. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, ailə üzvlərinin kənd təsərrüfatı məhsullarının, eləcə də mülkiyyətlərində olan xırda və iri buynuzlu heyvanların satışından əldə olunan 39.747,30 manat məbləğdə pul vəsaitini 23.350,0 ABŞ dollarına, 2019-cu ilin aprel-may ayında mübadilə etməsi səbəbindən yuxarıda qeyd olunan ərazi idarəsi tərəfindən 08.06.2020-ci il tarixli, **********519200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla ona 2019-cu ilin hesabat dövrü üzrə 5.564,62 manat məbləğdə gəlir vergisi hesablanmışdır. İddiaçı qeyd edir ki, o, heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və sahibkarlıq fəaliyyətindən heç bir gəlir əldə etməmişdir. Cavabdeh 20.08.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ərizəsində heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində olan kənd təsərrüfatı mallarının satışından, ailəsinə məxsus mal-qaranın satışından və həmçinin 2016-cı il tarixdən işlədiyi özəl şirkətdən aldığı əmək haqqından topladığı 39.747,30 manat məbləğdə pulu 23.350,0 (USD) məbləğinə konvertasiya etdiyinə görə vergi orqanı tərəfindən ona 5.564,62 manat məbləğində gəlir vergisi hesablandığını bildirmişdir. Göstərilənlərlə bağlı cavabdeh bildirir ki, uçot-baza məlumatına əsasən fiziki şəxs 19.05.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “digər pul vasitəçiliyi” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 39.747,30 manat məbləğində valyuta mübadiləsi (23.350,0 USD) əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21.05.2020-ci il tarixli **********797200 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 5.564,62 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 08.06.2020-ci il tarixli **********519200 nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı ərizəsində sahibkarlıq fəaliyyəti ilə məğul olmadığı dövrdə cavabdeh vergi orqanı tərəfindən 39.747,30 manat məbləğdə pul vəsaitin 23.350,0 USD konvertasiya etdiyi ilə əlaqədar 2019-cu il hesabat dövrü üzrə 5.564,62 manat məbləğdə gəlir vergisinin hesablanmasının səhv olduğu, tərəfindən vergi orqanına təqdim etdiyi sənədlərlə tam sübuta yetirildiyini qeyd etmişdir. Göstərilən ilə bağlı bildirilir ki, fiziki şəxsin konvertasiya olunmuş vəsaitin kənd təsərrüfatı məhsullarının satışından əldə edilməsinə baxmayaraq bu gəlirlərin əldə olunması ilə bağlı təsdiqedici sənədlər və bəyannamələr təqdim olunmamış, araşdırma dövründə gəlirlərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinin (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilməmişdir. Belə ki, fiziki şəxs müraciətində ailəliklə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğunu, həmin kənd təsərrüfatı məhsullarının və ailəsinə məxsus mal-qaranın satışından əldə etdiyi pulu konversiya etdiyini qeyd etmişdir. Lakin bununla bağlı mülkiyyətində və ya istifadəsində hər hansı torpaq sahəsinin olması barədə vergi orqanına heç bir sənəd təqdim etməmişdir. Yalnız Ucar rayon Qarabörk bələdiyyəsi tərəfindən verilmiş fərdi sahibkarın əkin, biçin, heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olduğu barədə arayışı təqdim etmişdir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçiriən fiziki şəxs ərizəsini, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi ödəyicisinin gəlirinin sahibkarlıq, qeyri-sahibkarlıq və ya muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir kimi nəzərə alınmaması həmin gəlirin qeyri-qanuni əldə edilən gəlir kimi qiymətləndirilir, həmin gəlirdə Vergi Məcəlləsinin 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Milli valyutanın xarici valyutaya mübadilə edilməsinin vergiyə cəlb edilən əməliyyat olması təsbit olunmasa da, həmin məbləğin əvvəllər vergiyə cəlb olunması ilə bağlı İddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Əgər İddiaçı valyuta alınmasına sərf edilmiş məbləğin hardan əldə olunması barədə əsaslı dəlillər təqdim etsəydi vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinə yenidən baxıla bilərdi. İddiaçı ərizəsində qeyd etmişdir ki, vergi orqanı sözügedən vəsaitin vergiyə cəlb edilməyən sahibkarlıq və ya Vergi Məcəlləsinin 99.3-cü maddəsində təsbit olunan qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir olmasın sübüt etməli, bu xüsusatı sübütetmə yükü cavadeh cavadeh vergi orqanının vəzifəsidir. Gəlirin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilməsi müəyyən edilməsə də, faktiki olaraq gəlir mövcuddur. Həmçinin İddiaçı ərizəsində sözügedən qərarın mübahisələndirilməsi ilə əlaqədar inzibati icraat qaydasında yuxarı vergi orqanına şikayət etdiyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması idarəsinin 23.06.2021-ci il tarixli **********759000 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə inzibati şikayətinin təmin edilməməsi və 9 saylı Ərazi Vergilər İdarəsinin 08.06.2020-ci il tarixli **********512900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını qeyd etmişdir. Qeyd olunan qərardan narazı qalan vergi ödəyicisi 26.04.2021-ci il tarixdə 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş, şikayət baxılması üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir. İnzibati şikayətin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə vergi ödəyicisinə 27.04.2021-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilmişdir. Fərdi sahibkara 24.05.2021-ci il tarixli **********682900 nömrəli məktubla “təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması barədə” məktub göndərilmiş, ödəyicinin şikayət məktubunda qeyd etdiyi fəaliyyət xüsusiyyətinin təsərrüfat subyektinin (obyektinin) olmasını tələb edən fəaliyyət növü olmasına baxmayaraq, fəaliyyət göstərdiyi təsərrüfat subyektinin (obyektinin) uçota alınması barədə vergi orqanına müraciət etməsi bildirilsə də, fərdi sahibkar tərəfindən obyektin qeydiyyatı ilə bağlı müvafiq ərizə ilə müraciət olunmamışdır. Müraciətin araşdırılması ilə əlaqədar vergi ödəyicisi ilə (055) ***-**-** telefon nömrəsi ilə fiziki şəxslə əlaqə yaradılaraq kameral vergi yoxlamasının əsasları izah olunmuş, mülahizələri dinlənilmişdir. Konvertasiya etdiyi məbləğin bir hissəsinin nənəsi tərəfindən ona verilmiş qızılların satışından, digər hissəsinin isə ailəsinə məxsus torpaqlarda becərilən kənd təsərrüfatı məhsullarının (taxıl) və özlərinə məxsus malqaranın satışından əldə etdiyini bildirmişdir. Lakin kənd təsərrüfatı məhsullarının istehsalı bununla bağlı mövcud resursları, habelə bu fəaliyyətin faktiki həyata keçirilməsi, əldə olunmuş gəlirlər barədə təsdiqedici sənədlərin olmadığını bildirmişdir. İnzibati araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən fərdi sahibkarın 01.04.2016-cı ildən 12.11,2018-ci ilədək “Vüqar təmir firması”-ında (VÖEN **********) muzdlu işçi kimi işlədiyini və əmək haqqın məbləğinin 340.0 manat olduğu, 02.09.2019-cu il tarixdən indiyədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) muzdlu işçi kimi çalışdığını və əmək haqqı məbləğinin 880.0 manat olduğu müəyyən edilmişdir. Fərdi sahibkarın təqdim etdiyi bank hesablarından çıxarışlara əsasən "xxxx" ASCdə mövcud olan hesabına 05.09.2016-cı il tarixdən 18.11.2018-ci il tarixədək 7.786.0 manat, “X3” ASC-də mövcud olan hesabına 01.10.2019-cu il tarixdən 15.04.2021-ci il tarixədək 11.345,8 manat məbləğində pul daxil olduğu müəyyən edilmişdir. Lakin 2019-cu ildə ödəyicinin bank hesabına ümumilikdə 2.225,0 manat ödəniş daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən fiziki şəxsin 26.04.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş və 9 saylı Ərazi Vergilər İdarəsinin 08.06.2020-ci il tarixli **********519200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə iddia qaldırıla bilər. Vergi ödəyicisi tərəfindən qeyd olunan qərardan şikayət etmə müddəti ötürülmüşdür. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məblğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. İddiaçının 9 saylı Ərazi Vergilər İdarəsinin 08.06.2020-ci il tarixli **********519200 nömrəli Qərarın ləğv edilməsi edilməsi barədə ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan 14.04.2021-ci il tarixdə xəbərdar olmuş, 26.04.2021-ci il tarixdə yuxarı vergi orqanına inzibati qaydada şikayət ünvanlamış, yuxarı vergi orqanının 23.06.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********759000 nömrəli qərarını aldıqdan sonra məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. İşdə mataeriallarına əlavə edilmiş cavabdehin 21.05.2020-ci il tarixli, **********797200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubunun təsdiq edilmiş surətindən görünür ki, cavabdeh orqan həmin məktubunda iddiaçıya bildirmişdir ki, onun tərəfindən mart ayı ərzində 23.350,00 (ekvivalenti 39.747,30 manat) USD xarici valyuta alınmışdır. Gəlirin əldə edilməsinin mənbəyi ilə bağlı təsdiqedici sənədləri vergi orqanına təqdim etmədiyi üçün Dövlət Vergi Xidmətindən daxil olmuş 12.03.2020-ci il tarixli **********352700 nömrəli “Valyuta mübadiləsi əməliyyatları üzrə vergi öhdəliklərinin müəyyən edilməsi haqqında” əmrə əsasən ona xərclər çıxılmadan gəlirinin 14% həcmində gəlir vergisi hesablanacaqdır. İşdə olan cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli **********519200 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 2019-cu il bəyannamə və hesabat dövrü üzrə bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 5.564,62 manat vergi və ya sığorta haqqı hesablanmışdır. Ucar rayon İcra və probasiya şöbəsinin 19.03.2021-ci il tarixli 64798/2021-54-7-003 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişinin təsdiq edilmiş surətindən görünür ki, cavabdehin **********861800 nömrəli, 11.02.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində ödənilməsi xahiş edilmişdir. Sözügedən bildirişi iddiaçı 14.04.2021-ci il tarixdə almışdır. Bildirişə əlavə edilmiş eyni tarixli “icraata başlamaq haqqında” qərarın təsdiq edilmiş surətindən görünür ki, icra sənədi üzrə borclu İddiaçı 7128.28 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. Cavabdehin iddiaçıya ünvanladığı 24.05.2021-ci il tarixli **********682900 nömrəli “Təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması barədə” bildirişin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya fəaliyyət göstərdiyi təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması və ərizəyə obyektin ünvanını təsdiq edən müvafiq sənədin surəti əlavə edilməklə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Dövlət Vergi Xidmətinin 23.06.2021-ci il tarixli, **********759000 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 26.04.2021-ci il tarixdə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli **********519200 nömrəli qərarından inzibati qaydada yuxarı vergi orqanına şikayət ünvanlamış, qeyd edilən qərarla onun şikayəti təmin edilməmiş və 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli **********519200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddia mahiyyət etibarilə əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (“VM”) əsasən: 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır; 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi... Maddə 66. Qeyri-qanuni gəlir Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir; 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. ... 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: 99.3.1. faiz gəliri; 99.3.2. dividend; 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; 99.3.4. royalti; 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla; 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar. Məhkəmə qanunvericiliyin tələblərinin işin faktiki hallarına tətbiqi baxımından iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, cavabdeh Vergi Məcəlləsinin 66 və 67-ci maddələrinə istinad edərək, iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və əlaqəli məlumatlardan istifadə edilməklə ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Məhkəmə bu məqamla razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 66-cı maddəsi ilə qeyri-qanuni gəlirin vergiyə cəlb edilmə qaydası tənzimlənir. Vergi Məcəlləsinin 66-cı maddəsinə görə qeyri-qanuni əldə edilən gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Belə ki, maddənin tələbinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparılan zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. İddiaçı valyuta mübadiləsi aparılan zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaqla fərdi sahibkar statusuna malik olmadığından apardığı əməliyyatlarla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, VM-in 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Valyuta mübadiləsi əməliyyatı aparan iddiaçının isə faktiki olaraq gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Bununla yanaşı Vergi Məcəlləsində 20.000 ABŞ dolları dəyətində valyuta mübadiləsi aparan fiziki şəxsin gəlir vergisi ödəmək öhdəliyi daşıması nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq valyuta mübadiləsi əməliyyatını aparmaqla qeyrisahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, VM-in 97.3-cü maddəsinə əsasən, fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir, həmçinin vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Məcəllənin 99-cu maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərindən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi barədə Məcəllənin 99.3-cü maddəsində hər hansı tələb mövcud deyildir. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi, valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi, valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri” anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. Bu səbəbdən iddiaçının fəaliyyətdə olan hər hansı bankda və ya baknın filialında valyuta mübadiləsi əməliyyatının aparması qeyri-qanuni gəlir kimi şərh edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1425/2021 nömrəli iş üzrə 11.08.2021-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə də heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının 2020-ci ilin aprel-may aylarında valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyri-qanuni gəlir əldə etməsi sübuta yetirilməmişdir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qanunsuz inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul olunmuş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********519200 nömrəli 08.06.2020-ci il tarixli Qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-188/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-188/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver