Məhkəmə qərarları › İş №2-1(116)-188/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-188/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-188/2024 04.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhərinin Heydər Əliyev prospektində yerləşən 83.70 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhərinin Heydər Əliyev prospektində yerləşən 83.70 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-188/2024 nömrəli qərardadı ilə Yevlax Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Yevlax Bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli 97 nömrəli Qərarı ilə iddiaçıya Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan, şəhərin Heydər Əliyev prospektində boş və istifadəsiz qalan ərazidən 83.7 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə ayrılmışdır.Torpaqların alqı- satqısına dair Akt tərtib edilmiş , möhürlənmiş və AKT Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax şöbəsində 24 sentyabr 2008- ci il tarixdə 877 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı, alqı- satqının dəyəri olaraq 420 .0 ( dörd yüz iyirmi) manat pul vəsaitini Yevlax Bələdiyyəsinin hesabına 08 avqust 2008- ci il tarixdə ödəmişdir. Qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir.Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlər (surətlər) ekspertiza edilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair Yevlax Bələdiyyəsi tərəfindən qəbul edilmiş 29 avqust 2008-ci il tarixli, 97 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanmış "torpaq sahəsinin alqı-satqısına dair” aktı 877 qeydiyyat nömrəsi ilə ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsində xx.xx.2008-ci il tarixində qeydə alınmışdır ki, bu da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun "Bələdiyyələ dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466- İİİGD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Yevlax Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 97 saylı qərarı ilə İddiaçı 83.7 kv.m torpaq sahəsi ayrılmışdır.

3. 08.08.2008-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Yevlax Bələdiyyəsinin hesabına 420 AZN ödəniş edilmişdir.

4. Torpaqların alqı-satqısına dair Aktlarının surətlərindən görünür ki, Yevlax Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 97 saylı qərarı ilə İddiaçı 83.7 kv.m torpaq sahəsi ayrılmış, 420 manat bələdiyyənin hesabına ödənilmişdir.

5. DTXK-nın Yevlax rayon şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3985/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-538/2024 nömrəli Mütəxəssis rəyinə əlavədən görünür ki, Məlumat üçün bildiririk ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin xəritə materiallarına (DWJ- torpaq islahatının nəticələrini Özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “X1 Uçotu informasiya Sistemimə əsasən iddia olunan torpaq sahəsi, iddiaçıya ayrılan zaman və hazırda dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı 83.70 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Yevlax Bələdiyyəsinin 29 avqust 2008-ci il tarixli. 97 nömrəli qərarı ilə alınmış 83.70 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinə aid sxemi (ilkin torpaqayırma sənədləri), həmçinin torpaq sahəsinin dəqiq ölçülərin və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinə dair məlumatların verilmisə mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (ümumi istifadədə olan yaşayış binalarına aid torpaq sahəsi), mülkiyyətçisi dövlət mülkiyyəti kimi qeyd edilmişdir. Əlavə dəqiqləşdirmə zamanı müəyyən edilmişdir ki, “X1 Uçotu informasiya Sistemimə əsasən iddia olunan torpaq sahəsi, iddiaçıya ayrılan zaman və hazırda dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir. İş materiallarına əlavə olunan sxemdən də göründüyü kimi iddia olunan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının daxilində yerləşən ümumi istifadədə olan torpaq sahəsidir. Görqündüyü kimi iddia olunan torpaq sahəsi ayrıldığı zaman da, hazırda da Yevlax bələdiyyəsinin mülkiyyətində olmamışdır.Yəni bələdiyyə səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya ayırmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin oluna bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhərinin Heydər Əliyev prospektində yerləşən 83.70 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar