Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-188/2025 15.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “22 iyul 2017ci il tarixdə Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndində (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyyata buraxılmasıyla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirinin 22 iyul 2017-ci il tarixli 0516 nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 157-ci Hərbi Hissənin 2-ci Tabor 4-cü Bölüyün komandiri vəzifəsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilməklə bərpa edilməyi barədə qərar qəbul edilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-15237/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “məcburi işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçı 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə oranı bitirib, həmin ilin dekabr ayında leytenant rütbəsini alaraq, İ Ordu Korpusunun tabeliyindəki Hərbi Hissədə xidmətə başlamışdır. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Döyüş zamanı apardığı əməliyyat yerli televiziya kanallarında nümayiş etdirilmiş və bu haqda müsahibələr alınmışdır. Bundan başqa 10 - a qədər müxtəlif fəxri fərmanla təltif edilmişdir, Müdafiə naziri tərəfindən təntənəli şəkildə saat hədiyyə edilmişdir. Həmçinin, 9 il boyu ön cəbhədə xidmətdə olmuş və 10 illik Qüsursuz Xidmətə görə medal ilə təltif edilmişdir. 2017-ci ildə baş verən “Tərtər işi” adlanan hadisələrə qədər xidmətini aparmış və xidmətdə olduğu müddət ərzində intizamı pozmamaqla, xidmətin öhdəsindən layiqincə gəlmişdir, hətta yuxarı komandanlıq tərəfindən iddiaçıya heç bir irad, xəbərdarlıq olunmamışdır. Məlum “Tərtər hadisələri” ilə bağlı 2017-ci ilin may ayında Marquşavanda yerləşən köhnə hərbi hissələr ərazisində işgəncələrə məruz qalmışdır. Bundan sonra işgəncələr 708-ci Hərbi Hissədə davam etdirilmişdir, qeyri-insani rəftar etdikdən sonra, ölümcül vəziyyətə salınaraq, 708-ci Hərbi Hissənin qarşısında yerləşən idman normativlərinin götürülməsi üçün müəyyən olunmuş avtomobil yoluna gətirilib, idman imtahanına cəlb olunmuşdur. Təbii ki, yarımcan vəziyyətdə hər hansı aktiv hərəkətlər etməyi fiziki olaraq qeyri-mümkün idi. Bunu da əsas gətirib 12 iyul 2017-ci il tarixdə Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin E bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin 12 iyul 2017-ci il tarixli 0516 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı qeyd edir ki, biliklərin yoxlanılması imtahanına da cəlb edilmişdir. 100 test sualından 86 düzgün cavab verməklə yüksək nəticə əldə etmişdir. Hazırda yuxarıda qeyd etdiyi “Tərtər hadisələri” ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda istintaq olunan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı qeyd edir ki, onun təxris əmrini yazan polkovnik hazırda bu hadisələrlə əlaqəli həbsdədir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən nazirliyin qəbul etdiyi əmr qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin əmr ləğv edilməlidir. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə (hazırkı vəsatətə əlavə olunur) ilə müraciət edərək, bildirmişdir ki, o, hərbi xidmətə bərpa olunmaq və xidmətimi davam etmək istəyir və xidmətə bərpa olunduğunu və itirilmiş illərin əmək stajına hesablandığı təqdirdə Şəki İnzibati Məhkəməsində baxılan inzibati iş üzrə iddia tələbindən imtina edəcəkdir. İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə iddiaçı N nömrəli hərbi hissəyə hərbi xidmətə bərpa olunmuşdur. İddiaçının yanvar 2024-cü il tarixli ərizəsinin olduğunu nəzərə alaraq və iddia tələbindən imtina edəcəyini bildirilməsini nəzərə alaraq iş üzrə icraat xitam verməyinizi xahiş edilir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. İddiaçının zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2021-ci il tarixli qərarın surəti.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı;
3. Cavabdehin xx.xx.2024-cü il tarixli vəsatəti;
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu;
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər;
6. xx.xx.2024-cü tarixli 0230 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrindən çıxarışın surəti.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ilkin müraciəti zamanı irəli sürdüyü tələblər cavabdeh tərəfindən qismən təmin edilmişdir. Belə ki, təqdim olunan iddia ərizəsindən görünür ki, iddia tələbi aşağıdakı hissələrdən ibarət olmuşdur.
1. İddiaçı barəsində “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma ilə bağlı xx.xx.2017-ci il tarixli əmrin ləğv edilməsi;
2. işə bərpa edilmə;
3. məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktuba əlavə olunan Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinin 2-ci abzasına müvafiq olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 12 iyul 2017-ci il tarixli 0516 nömrəli şəxsi heyət üzrə əmrinin 1-ci bəndi (051 nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin 1572-ci motoatıcı taborunun motoatıcı bölüyünün sabiq komandiri) kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv olunmuş, kapitan İddiaçı N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin edilərək 12 iyul 2017-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunmuş hesab edilmişdir. Məhkəmənin təkrar sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə iddiaçı N nömrəli hərbi hissəyə hərbi xidmətə bərpa olunmuşdur. İddiaçı iddia tələbinin həcmini azaltığından (iddia ərizəsi məhkəmə icraatında olduğu zaman tələbin məhkəmədən kənar həll olunan hissələri nəzərə alınmaqla) Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (.) 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: (-) 42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun : -26.1-ci maddəsinə əsasən, dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. -26.2-ci maddəsinə əsasən, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. -26.3-cü maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd edilməlidir ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətin uyğunsuzluğa görə) ehtiyata buraxılması ilə bağlı xx.xx.2017-ci il tarixli əmr ləğv edildiyindən və iddiaçı işə bərpa edildiyindən məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməlidir. Cavabdeh kassasiya şikayətində məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi tələbi üzrə özünün öhdəlik daşımadığını mübahisələndirir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və o, xx.xx.2022-ci il tarixindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxıldığından məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1343/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək məcburi iş buraxma müddəti ərzində İddiaçı ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.