Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1884/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “19 may 2004-cü il tarixli JN-620A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı, həmçinin mərhum əri X7 və qızları X8 və X3 mülkiyyətində olan 0,31 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 2004-cü il tarixli JN-620A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı, həmçinin mərhum əri X7 və qızları X8 və X3 mülkiyyətində olan 0,31 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx xxxx 1967-ci ildə Kəlbəcər rayonu Kəlbəcər qəsəbəsində anadan olmuşdur. Hazırda Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olsa da, faktiki olaraq Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi ev 71-də yaşayır. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 nömrəli qərarı ilə ona, yəni İddiaçı, həmçinin əri X7 və qızları X8 və X4 0,31 ha torpaq sahəsi verilmişdir. X17 30 dekabr 2021-ci ildə vəfat ketmişdir. Həmin torpaq sahəsi ilə bağlı ona 19 may 2004-cü il tarixli JN-620A saylı (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. 3 ildən çoxdur ki, o, ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən maneəsiz istifadə edir. Hazırda o, mülkiyyətində olan həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax ərazi idarəsinə ərizə ilə müraciət etsə də, idarənin 02 avqust 2022-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********24 nömrəli imtina məktubunda qeyd etmişdir ki, idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN- 620A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax rayonu, Tanrıqulular kəndi üzrə elektron xəritə bazasında (DWJ) JN- 620A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi yoxdur, həmçinin elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-620A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2022-ci il tarixli 66/10 nömrəli məktubundan görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Tanrıqulular kənd sovetliyinin 1991-1995-ci illərə dair 08№-li təsərrüfatbaşına kitabın 35-ci səhifəsinin 634-cü qeydinə əsasən sənəddə xx.xx.1952-ci il təvəllüdlü X5 təsərrüfatda tək yaşaması, Yevlax “Nərmin” kooperativində fəhlə işləməsi və xx.xx.1991-ci il tarixdən Mingəçevir şəhərindən gəldiyi yazılmışdır. X1 təsərrüfatının xüsusi mülkiyyətində 0,10 ha (on sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********76 nömrəli məktubundan görünür ki, JN -1102BB (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nüsxəsi və subyektlərin siyahısında X9 və onun ailə üzvlərinin adları aşkar edilməmişdir. Şəhadətnamələrin qeydiyyat kitabında 620 nömrə ilə qeydiyyata alınan şəhadətnamə olmadığı üçün kitabın həmin səhifəsindən çıxarışın verilməsi mümkün olmamışdır.
3. Qonşu torpaq sahələri olan JN-622A saylı (KOD ********) və JN-621A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” lərin arxiv nüsxələrindən görünür ki,iddiaçın iddia etdiyi torpaq sahəsi JN-1102 BB kodlu bələdiyyə torpağıdır.
4. “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X7 xx.xx.2022ci il tarixdə vəfat etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş qeyd olunan Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X9 və onun ailə üzvlərinin adları aşkar edilməmişdir. Həmçinin, şəhadətnamənin arxiv nüsxəsi və “Şəhadətnamələrin qeydiyyat kitabı”nda 620 nömrə ilə qeydiyyata alınan şəhadətnamə aşkar olunmamışdır. İddiaçı tərəfindən təqdim olunan JN-620A saylı (KOD ********) şəhadətnamənin torpaq sahəsinin yerləşdiyi sxeminə əsasən qonşu torpaq sahələri kimi JN-622A saylı və JN-621A saylı torpaq sahələri göstərilmişdir.Ancaq həmin torpaq sahələrinin yerləşdiyi sxemdə iddiaçının iddia etdiyi torpaq sahəsi JN-1102 BB kodlu bələdiyyə torpağı olaraq görünür. Yevlax ŞHİB-nın Tanrıqulular KİƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki,iddiaçının istifadəsində 0.12 ha həyətyanı pay torpaq sahəsi var.Torpaq islahatı aparılarkən hazırkı torpaq sahəsinin ayrıldığı iddia olunan 1998-ci il tarixdə X9 və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha pay torpaq sahəsi olmuşdur. X6 adına tərtib edilmiş JN-620 kod KOD 90110018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “19 may 2004-cü il tarixli JN-620A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı, həmçinin mərhum əri X7 və qızları X8 və X3 mülkiyyətində olan 0,31 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə