Məhkəmə qərarları › İş №2-1(116)-1885/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1885/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1885/2025 17.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X37 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydində ad, soyad və doğum tarixinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Qəbələ rayonu, Hacallı kənd İcra Nümayəndəliyində xx.xx.1952-ci il tarixində tərtib edilmiş 10 nömrəli doğum akt qeydində uşaq qrafasında soyadının “İbrahimxəlilova”dan “Nurəddinova”ya, adının “Solmaz”dan “Lətifə”yə, doğum tarixnin “xx.xx.1952-ci il”dən “xx.xx.1952-ci il” ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, xx.xx.1952-ci ildə Qəbələ rayonu, Qaradeyin kəndində anadan olmuşdur. Qəbələ rayonu Hacallı kəndində pasport qeydiyyatında olmaqla hazırda həmin ünvanda yaşayır. Barəsində xx.xx.1952-ci ildə tərtib edilmiş 10 nömrəli doğum akt qeydində ona məlum olmayan səbəblərdən uşaq qrafasında soyadı “İbrahimxəlilova”, adı “Solmaz”, doğum tarixi isə “12.031952-ci il” səhvən olaraq qeyd edilmişdir. Ona verilmiş ******* nömrəli şəxsiyət vəsiqəsində soyadı “Abdullayeva” (ərinin soyadı), adı “Lətifə”, doğum tarixi isə xx.xx.1952-ci il göstərilmişdir. Torpaq mülkiyyətinə dair mülki hüquqi hərəkətlər etmək istərkən ona məlum olmuşdur ki, tərtib edilmiş hüquqi sənədlərdə barəsində əks olunmuş məlumatlarla haqqında açılmış doğum akt qeydindəki qeydlər arasında uyğunsuzluq mövcuddur. Buna görə də cavabdeh quruma akt qeydindəki səhvlərin düzəldilməsi ilə bağlı müraciət etmiş, lakin həmin qurumdan imtina cavabı almışdır. Cavabdeh orqan imtinanı onunla əsaslandırmışdır ki, doğum akt qeydi ilkin sənəd olduğundan və oradakı səhvləri düzəltmək üçün heç bir əsas olmadığından qeyd edilən dəyişikliklərin edilməsi qeyri mümkündür. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, doğum akt qeydində düzəlişlərin edilməsinə etiraz etmirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər ttərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Bənd 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bənd 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı: Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə araşdırmasının predmetini təşkil edən: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ RİH-nin Hacallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu, Hacallı kəndində yaşayır. - Qəbələ RPŞ tərəfindən təsdiq edilmiş Fərdi uçot kartoçkasının surətindən görünür ki, qeydə alınan şəxs İddiaçıdır, doğum tarixi xx.xx.1952-ci ildir. Qeydiyyata alınmaq və şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olan sənədlər qrafasında AЗ 157394 seriya və nömrəli, xx.xx.1971-ci ildə verilmiş nikah haqqında şəhadətnaməvə və 2.11.1980-ci ildə verilmiş pasport qeyd edilmişdir. Valideynlər qrafasında ata X7, ana X6 qeyd edilmişdir. - AЗ 157394 seriya və nömrəli, xx.xx.1971-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, nikaha daxil olan şəxslər X17 və X8r. - AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə, Qəbələ rayonu Qaradeyin kəndində doğulmuşdur. - xx.xx.1952-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının məlumatları uşaq haqqında qrafada soyadı “İbrahimxəlilova”, adı “Solmaz”, doğum tarixi 12 mart 1952-ci il, kimi qeyd edilmişdir. Ata qrafasında X2, ana qrafasında X3 qeyd edilmişdir. xx.xx.1971-ci il tarixli 5 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, evlənənlər haqqında məlumatlar qrafasında X17 və Nurəddinova (Abdullayeva) Lətifə İsbəndiyar qızı qeyd edilmişdir. Nikah akt qeydində isə idiaçının doğum tarixi xx.xx.1952-ci il kimi qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyster baş idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı deyil, valideynləri X4 ilə X18 olan xx.xx.1952-ci il təvəllüdlü X1 doğumunun xx.xx.1952-ci ildə Qəbələ rayonunun Kürd icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Nurəddinova (Abdullayeva) Lətifə İsbəndiyar qızı ilə 1938-ci il təvəllüdlü X11 nikahı xx.xx.1971-ci ildə Qəbələ rayonunun Kürd icra nümayəndəliyində qeydə alınmışdır. Bu nikahdan xx.xx.1976-cı il təvəllüdlü X31, xx.xx.1973-cü il təvəllüdlü X28, xx.xx.1974-cü il təvəllüdlü X27 və xx.xx.1981-ci il təvəllüdlü X22 adlı övladları doğulmuşdur. xx.xx.1924-cü ildə doğulmuş və xx.xx.1980-ci ildə vəfat etmiş X5 ölümü xx.xx.1980-ci ildə Qəbələ rayonunun Kürd icra nümayəndəliyində qeydə alınmışdır. xx.xx.1915-ci ildə doğulmuş və xx.xx.1992-ci ildə vəfat etmiş X14 ölümü isə xx.xx.1992-ci ildə Qəbələ rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Həmçinin informasiya sisteminə baxış keçirilərkən İddiaçı soyadının, adının və ata adının dəyişdirilməsi, ölümü, eləcə də valideynlərinin doğumu barədə məlumat aşkar edilməmişdir. -08 nömrəli doğum akt qeydinin surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında doğum tarixi xx.xx.1959-cu il olan X15 qeyd edilmişdir. Valideynlər qrafasında ata X9, ana X34 qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı xx.xx.1952-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı tələbləri aşağıdakılardan ibarətdir: - soyadının “İbrahimxəlilova” deyil “Nurəddinova” - adının “Solmaz” deyil, “Lətifə” - doğum tarixinin “xx.xx.1952-ci il” deyil, xx.xx.1952-ci il kimi qeyd edilməsi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının doğum tarixi ilə bağlı ziddiyyətli qeydlər aparılmışdır. Belə ki, doğum akt qeydində və nikah haqqında şəhadətnamədə iddiaçının doğum tarixi xx.xx.1952-ci il kimi qeyd edilsə də şəxsiyyət vəsiqəsində xx.xx.1952-ci il, nikah akt qeydində isə xx.xx.1952-ci il kimi qeyd edilmişdir. Qeyd edilən ziddiyyətlə bağlı məhkəmə qeyd edir ki, fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən və şəxsiyyət vəsiqəsindən görünür ki, qeydə alınan şəxs İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna və həmin qanunun tətbiqi barədə xx.xx.2013-cü il tarixli əsasnaməyə əsasən rəsmiləşdirilir. Qeyd olunan normativ aktlara müvafiq olaraq şəxsiyyət vəsiqəsi müvafiq orqanlar tərəfindən təqdim olunmuş rəsmi və hüquqi qüvvəyə malik sənədlər (o cümlədən doğum haqqında şəhadətnamə, vətəndaşlıq vəziyyəti aktları və digər dövlət qeydiyyat sənədləri) əsasında tərtib edilir. Bu baxımdan məhkəmə hesab edir ki, vətəndaşın şəxsiyyət vəsiqəsində əks olunmuş doğum tarixi aidiyyəti dövlət orqanı tərəfindən təqdim olunmuş və şəxsiyyətin identifikasiyası məqsədi ilə əsas götürülən etibarlı mənbəyə istinadən müəyyən edilib. Əgər doğum akt qeydində bu məlumatla uyğunsuzluq müşahidə edilibsə, məhkəmə hesab edir ki, bu vətəndaşın iradəsindən kənar texniki və ya qeydiyyat xətası ola bilər. Odur ki, şəxsiyyət vəsiqəsindəki doğum tarixi rəsmi əsaslara söykənərək və qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib olunduğuna görə düzgün hesab edilməli və akt qeydindəki məlumat ona uyğunlaşdırılmalıdır. Məhkəmə, doğum tarixi ilə bağlı şəxsiyyət vəsiqəsindəki məlumata üstünlük verilməsini həm də onunla izah edir ki, qeydiyyat orqanı faktların düzgün və dəqiq qeyd olunmasına cavabdeh olduğu halda iki rəsmi sənəddə (nikah akt qeydi -xx.xx.1952 və doğum akt qeydi- xx.xx.1952) doğum tarixi ilə bağlı bir-birinə zidd məlumatlara yol vermişdir. Bu hal təqdim edilən məlumatların etibarlılığına əsaslı şübhə yaradır və həmin sənədlərdə texniki xətaya yol verdiyini göstərir. İş materiallarına əlavə edilmiş yuxarıda adları çəkilən sənədlərdə (şəxsiyyət vəsiqəsi, fərdu uçot kartoçkası, nikah haqqında şəhadətnamə, nikah akt qeydində qardaş barədə doğum haqqında akt qeydində) iddiaçının soyadı və adı Lətifə Nurəddinova kimi ardıcıl və dəyişməz formada göstərilmişdir. Doğum akt qeydində iddiaçının ad və soyadının, Solmaz İbrahimxəlilova, doğum tarixinin xx.xx.1952-ci il kimi əks olunması texniki xarakterli səbəblərlə bağlı olsa da, sonrakı dövrlərdə vətəndaşın hüquqi statusu və şəxsi identifikasiyası məhz yuxarıda sadalanan mötəbər sənədlər əsasında formalaşmışdır. Bu səbəbdən şəxsin adı, soyadı və doğum tarixi haqqında məlumatları həmin sənədlərdə əks olunmuş formada –hüquqi baxımdan qəbul edilmiş və tanınmış məlumat hesab edilməli, onun hüquqi və vətəndaşlıq münasibətlərində tətbiqi təmin edilməlidir. Başqa sözlə, iddiaçının adı Lətifə, soyadı Nurəddinova, doğum tarixi xx.xx.1952-ci il kimi qəbul edilməlidir. Beləliklə də, mübahisələndirilən doğum akt qeydinin tərtibi zamanı texniki xətalara yol verilmiş və düzəliş edilməsi tələb edilən qeydlərin düzgün olub-olmamasını müəyyən etmək üçün iddiaçı və onun ailə üzvləri barəsində tərtib edilmiş digər akt qeydləri və digər sənədlər mövcud olmuşdur. Müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı barəsində xx.xx.1952-ci il tarixində tərtib edilmiş 10 nömrəli doğum akt qeydində uşaq qrafasında doğum tarixinin “xx.xx.1952-ci il”, adının “Lətifə”, soyadının “Nurəddinova” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: X39

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar