Məhkəmə qərarları › İş №2-1(116)-1887/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1887/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1887/2025 19.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, xx.xx.1961-ci il təvəllüdlü olmaqla xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir, (iş stajı 2 il) xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci ilədək “Qafqazenerjiquraşdırma” Trestin Mingəçevir quraşdırma idarəsində 5-ci dərəcəli boruçəkmə üzrə quraşdırıcı-çilingər işləmişdir. (iş stajı 13 il). xx.xx.1995-ci ildən xx.xx.2002-cı ilədək Nijnevartovsk Quraşdırma İdarəsinin "xxxx" ASC-də vaxta üsulu üzrə iş sahəsində 5-ci dərəcəli boruçəkmə üzrə quraşdırıcı-çilingər işləmişdir. ( iş stajı 7 il, 4 ay ). xx.xx.2003-xx.xx.2003-ci illərdə köçürmə yolu ilə Sibirdə enerji avadanlıqların quraşdırması üzrə "xxxx" ASC-yə texnoloji boru kəmərlərin hissə və avadanlıqlarının hazırlanması üzrə vaxta üsulu ilə 5-ci dərəcəli quraşdırıcı-çilinqər işləmişdir. ( iş stajı 4 ay 26 gün) xx.xx.2006- xx.xx.2006-ci illərdə "xxxx" MMC-nin EMQ sahəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir. ( iş stajı 4 ay 21 gün) xx.xx.2006- xx.xx.2009-ci illərdə "xxxx" MMC” MMC-nin EAQ və T İdarəsi Mingəçevir tikinti quraşdırma sahəsində 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir. (iş stajı 2 il 9 ay 25 gün ). xx.xx.2009-xx.xx.2019-ci illərdə "xxxx" MMC-nin 2 saylı Quraşdırma İdarəsində 5-ci dərəcəliquraşdırıcı-çilingər işləmişdir. ( iş stajı 2 ay 28 gün ). xx.xx.2019-xx.xx.2020-ci illərdə”FARCON” MMC-də 5-ci dərəcəli çilingər işləmişdir. xx.xx.2020-ci ildən "xxxx" MMC turbin və köməkçi avadanlıqları üzrə təmir quraşdırma sazlama qrupunun 5-ci dərəcəli çilingər peşəsində çalışır. Beləliklə, ümumi və güzəştli şərtlərlə iş stajı 37 il 6 ay 27 gün təşkil edir. Ümumi iş stajı, eləcədə güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2021-ci il tarixli ********** saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 29-cu bölməsində Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri yarımbəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Hesab edir ki, cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. Belə ki, işlədiyi quraşdırıcı- çilingər vəzifəsi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının (XXVİİ)- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (KOD 10304400а- 1753а təmirçi çilingər, elektrik qaz qaynaqçısı, əl ilə elektrik qaynaqçı, elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyorları, (KOD 2290000а—14612 polad və dəmir beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, 1030300а-11618 isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri ) və Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının (29-cu bölmə)-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsi bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Onun işlədiyi iş sahəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verməsi əmək kitabçası, Mingəçevir Enerjiquraşdırma ATSC- nin 26 saylı xx.xx.2021 -ci il tarixli güzəştli arayışı ilə də öz təstiqini tapır. Belə olan halda, cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması zərurəti vardır. Hesab edir ki, xx.xx.1961- ci il təvəllüdlü olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci ildən etibarən yaranmış və həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh orqan, iddia tələbinə dair 10 mart 2025-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, imtinaları qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında və Mingəçevir Enerjiquraşdırma ATCS-nin 22 oktyabr 2021-ci il tarixli 23 nömrəli arayışında onun xx.xx.1982-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı çilingər və xx.xx.1985-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində əl ilə boru çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Yuxarıda qeyd edilən səbəbdən dolayı iddiaçının güzəştli iş stajı yoxdur. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin 4.1.20-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM- in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunması üçün ganunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələblərinə əsasən mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu; Mingəçevir Enerjiquraşdırma ATSC- nin 26 saylı xx.xx.2021-ci il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair güzəştli arayışı; AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi; НЗ ******* nömrəli hərbi biletin surəti; ИT-İ ******* №-li əmək kitabçasının surəti; Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialının 3-17-1/2- 105200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiya) M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (1 yanvar 2006-cı ilədək qüvvədə olmuş) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmənin qənaətinə görə iddia “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianın əsaslılığı: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixinədək iddiaçının ümumi iş stajını 30 il 8 ay 12 gün olaraq qəbul edir. Həmçinin cavabdeh orqanın mövqeyinə görə iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixinə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 43781,60 manat təşkil etmişdir. Yəni, iddiaçının ümumi iş stajını və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını cavabdeh orqan mübahisələndirilmir. Bununla belə, cavabdeh orqan iddiaçının güzəştli iş stajının olmadığını bildirir və bunu onunla əsaslandırır ki, iddiaçının işlədiyi quraşdırıcı çilingər və əl ilə boru çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-u bölməsində nəzərdə tutulan polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyildir. Məhkəmə cavabdeh orqanın iddianın təmin edilməməsi ilə bağlı dəlilləri ilə razılaşmır və aşağıda göstərilənləri qeyd etməyi zəruri bilir. İş materiallarına əlavə edilmiş Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarlarına uyğun (kodlar ******* a-1753a-təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçılar, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, 2290000a-14612-polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar 2290000a-11618-isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri uyğun olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının (29) –Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Qeyd edilən arayışın məzmunundan həmçinin görünür ki, iddiaçı işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağı legirli polad boruların, buxar qazanların daxilində legirli polad boruların quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin edilmişdir. Mingəçevir Enerjiquraşdırma ATSC-nin “şəxsin güzəştli şərtlərlə pensiya hüquq verən işdə çalışmasına dair” blank formasında təqdim etdiyi digər arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi əl ilə qazla kəsici və boru kəmərlərinin quraşdırılması üzrə boruçilingəri vəzifəsi (kodlar : 2290000a-14612; 1030300a-11618 uyğun olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 29-cu bəndinin “a” yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İddiaçının işlədiyi vəzifə üzrə sosial sığorta stajı 13 ildir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunvericiliyə zidd olmaqla heç bir əsasla əsaslandırılmamışdır. İş üzrə toplanmış sübutlarla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə işləməsi və həmin müddətin tələb olunan 12 il 6 aydan artıq olması, həmçinin iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə tutduğu vəzifə onun istinad olunan Siyahıda qeyd edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu təsdiq etdiyi halda, cavabdeh orqanın hansı meyara əsasən iddiaçının həmin hüququnu tanımaması məhkəmə üçün aydın deyildir. Məhkəmə qeyd edir ki, əldə edilmiş sənədlərə əsasən iddiaçının 1982-1985 və 1985-1995-ci illərdə əl ilə boru çilingər və quraşdırıcı çilingər kimi çalışdığı vəzifələrin mahiyyəti məhz elə polad və dəmir beton konstruksiyaların quraşdırılması, kəsilməsi, birləşdirilməsi, qaynaq edilməsi və s. bu kimi işlərdən ibarət olmuşdur. İddiaçı icra etdiyi vəzifələr funksional təyinatına və məzmununa görə Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə təstiq edilmiş siyahıda göstərilən Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri yarımbəndində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi ilə eynilik təşkil etmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan yarandığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar