Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1888/2023 27.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçıların vəkili Vəkil və üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, "xxxx" MMC "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixdə 240/14 saylı kredit müqaviləsi bağlayaraq bir neçə dəfə borc götürmüş və həmin kredit müqavilələrinin təminatı kimi X6 və X12 mülkiyyətlərində olan İsmayıllı şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksini Banka ipotekaya qoyaraq aralarında xx.xx.2015-ci il tarixli 240/14/1 saylı sonrakı ipoteka müqaviləsi bağlamışlar. Borcu ödəyə bilmədiklərinə və əlavə faizlər yığıldığına görə X2 müraciət edərək, ipotekada olan əmlak kompleksini sataraq əldə olunan vəsaiti kredit müqavilələri üzrə ümumilikdə 1.090.333,34 manat borcun Bankın hesabına köçürülməsinə dair razılıq verilməsini xahiş etmiş və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2019-cu il tarixdə X4 razılıq məktubu vermişdir. Bundan sonra X6 bildirmişdir ki, təsisçisi olduğu "xxxx" MMCnin "xxxx" ASC ilə bağladığı Kredit müqaviləsinə əsasən Bankın tərtib etdiyi kreditin ödənilməsi cədvəli üzrə borcun qaytarılması üçün son müddət xx.xx.2021-ci il müəyyən edilmiş və 500.000 manat Bankın hesabına ödəniləndən sonra cədvəldə göstərilən müddətə borcları bağlanır. Həmin cədvələ uyğun olaraq 2 (iki) il 4 (dörd) ay ərzində, yəni xx.xx.2021-ci il tarixədək qalan 590.333,34 manat borcunu hissə-hissə hər ay özü tərəfindən Fonda ödəyəcəyini, eyni zamanda alıcıya ipotekadan azad çıxarış verməyi üzərinə götürərək, əmlak kompleksini almağı İddiaçı1 və onun qohumu İddiaçı2 təklif etmişdir. Onun təklifi ilə razılaşaraq xx.xx.2019-cu il tarixdə AN-1, ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 və İddiaçı2 əmlak kompleksini almışlar. Əmlak kompleksinə görə 500.000 manat Bankın hesabına ödəmiş, qalan 590.333,34 manat vəsaiti isə X4 vermişlər. Bundan sonra X6 əmlak kompleksinə iddiaçıların mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq onların adına DƏDRX 9 saylı Qəbələ ərazi idarəsindən yeni çıxarış almışlar. X6 iddiaçılar tərəfindən ona ödənilən vəsaitdən VM-nin 220.8-ci maddəsinə əsasən torpaq və qeyri-yaşayış sahəsinin təqdim edilməsinə görə 52380.52 manat sadələşdirilmiş vergiləri tam olaraq ödəmişdir. X1 iddiaçılara ipotekadan azad yeni çıxarış təqdim ediləcəyini üzərinə götürdüyünə görə, alqı-satqı müqaviləsində bu nəzərə alınaraq qeyd olunmuşdur ki, Satıcılar Alıcılara üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür (Alqı-satqı müqaviləsi bənd 8). Odur ki, X1 əmlak kompleksini reyestr xidmətində qeydiyyata aldıraraq iddiaçılara ipotekadan azad çıxarış təqdim edəndən sonra İsmayıllı şəhəri H.Əliyev pr.7 ünvanında yerləşən, mülkiyyətlərində olan əmlak kompleksinə cəmi 2.818.300 manat məbləğində əsaslı təmir-tikinti və sair yaxşılaşdırma işlər aparılmışdır. Sonradan məlum olmuşdur ki, X6 əmlakı satandan sonra Bankın borcunu bağlamamışdır. Bank isə 2 (iki) il, 7 (yeddi) ay ərzində "xxxx" MMC-nin cədvəl üzrə aylıq kredit borcunu ödəmədiyi barəsində iddiaçılara heç bir məlumat verməmişdir. Yalnız qeyd edilən müddətdən sonra Bank Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin kredit borcunu iddiaçıların mülkiyyətində olan əmlak kompleksinə yönəldilməsini xahiş edərək, məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən çıxarış təqdim edib, əmlak kompleksinin ipotekada olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçıların mülkiyyətində olan əmlak kompleksini iddiaçılarla Bank arasında heç bir müqavilə, eyni zamanda Bank qarşısında heç bir öhdəlikləri olmadığı halda ipoteka ilə yüklü etməkdə qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı2 cavabdeh orqana ərizə ilə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-342/2-Z00xx-xx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X6 və X3 şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin xx.xx.2019-cu ildə İddiaçı2 və İddiaçı1 daşınmaz əmlakın alqı-satqısı zamanı qeyd edilən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü olmuş və bankın ipoteka predmentinin üzərində yüklülüyün saxlanılması şərti ilə razılıq məktubu əsasında alqı-satqı olunmuşdur. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü maddəsində əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü olduğu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 4Ə-873 nömrəli alqı-satqı müqaviləsi elektron olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə daxil olmuş və xx.xx.2019-cu ildə işin icrasına ipoteka ilə yüklü olduğu üçün dayandırılma verilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli **********302 nömrəli daşınmaz əmlakın yüklülük saxlanılması şərti ilə qeydiyyata alınmasına etiraz etməməsi barədə məktubu ərazi idarəsinə daxil olduqdan sonra hüquqların dövlət qeydiyyatına alınması əməliyyatı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qeyd edilən alqı-satqı müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuş xüsusatlar həmin müqavilə üzrə tərəflərin öhdəlikləridir. Qeyd olunan öhdəliklərin tam və ya qismən yerinə yetirilməsi və yaxud yerinə yetirilməməsi tərəflərin müqavilə şərtlərinə əməl etməməsi kimi dəyərləndirilmədi. Bu halda yaranmış mübahisə bank və tərəflər arasında məhkəmə qaydasında həll edilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İpotekanın dövlət qeydiyyatı haqqında qanunun 15.1-ci madəsinə uyğun olaraq ipotekanın qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-2800/2023 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1888/2023 nömrəli qərardadı ilə ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə dair etiraz daxil olmuşdur. Etiraz məktubunda qeyd olunmuşdur ki, ləğv prosesində olan "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X6 və X9 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin "xxxx" MMC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada, vaxtlı-vaxtında icra edə bilməmiş və bununla da kredit müqaviləsinin şərtləri dəfərlərlə pozulmuşdur. Borcun qaytarılması üçün ipoteka qoyanlar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ipoteka predmetinin satılmasına və satışdan əldə olunacaq vəsaitin borclu "xxxx" MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında icra olunmamış öhdəliklərinə yönəldilməsinə dair razılığın verilməsini xahiş etmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka qoyanlar X6 və X9 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompeksinin ipotekada (girovda)qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu "xxxx" MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq LPO "xxxx" ASC-nin hesablaşma hesabına köçürülməsi şərti ilə etiraz edilməməsi barədə 12 saylı notariat ofisinə xx.xx.2019-cu il tarixli, **********750 saylı razılıq məktubu verilmişdir. Lakin daha sonra müəyyən edilmişdir ki, LPO "xxxx" ASC-nin kommersiya maraqları pozulmaqla, İpoteka qoyanlar X6 və X12 tərəfindən ipoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2019-cu il tarixli AN – 1 ******* saylı alqı-satqı müqaviləsi əsasında alıcılar İddiaçı2 və İddiaçı1 satılmış və qeyd edilən alqı-satqı müqaviləsi 12 saylı notariat ofisi tərəfindən təsdiqlənmişdir. Belə ki, alıcılar Fond tərəfindən təqdim olunan xx.xx.2019-cu il tarixli razılıq məktubunda qeyd olunan 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borcun yalnız 500.000 (beş yüz min) manatını Banka ödəmişlər. Qalan 590.333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc Banka ödənilməmişdir. xx.xx.2021-ci il tarixə "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli 240/14 saylı kredit müqaviləsi üzrə 248.488,89 (iki yüz qırx səkkiz min dörd yüz səksən səkkiz manat, 89 qəpik) manat əsas, 30.229,35 (otuz min iki yüz iyirmi doqquz manat, 35 qəpik) faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 3554,53 (üç min beş yüz əlli dörd manat, 53 qəpik) manat faiz borcu olmaqla, cəmi 282.272,77 (iki yüz səksən iki min iki yüz yetmiş iki manat, 77 qəpik) manat, xx.xx.2015-ci il tarixli 099/15 saylı kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas, 70.400 (yetmiş min dörd yüz) manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 4292,01 (dörd min iki yüz doxsan iki manat, 01 qəpik) manat faiz borcu olmaqla, cəmi 374.692,01 (üç yüz yetmiş dörd min altı yüz doxsan iki manat, 01 qəpik) manat, ümumilikdə 656.969,78 (altı yüz əlli altı min doqquz yüz altmış doqquz manat, 78 qəpik) manat təşkil edir. Borcun qaytarılması məqsədilə iddiaçı LPO "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılaraq cavabdeh "xxxx" MMC-dən iki kredit müqaviləsi üzrə cəmi 656.969,78 (altı yüz əlli altı min doqquz yüz altmış doqquz manat, 78 qəpik) manat kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 130 (bir yüz otuz) manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2.125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəlməsi, yuxarıdakı əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Fondun qeyd olunan iddia ərizəsi Bakı Kommersiya Məhkəməsində icraata qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-365/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hakim tərəfindən iş üzrə İddiaçı2 və İddiaçı1 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2.125 ha torpaq sahəsində yerləşən 4.136,6 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisənin likvid və bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və ipoteka saxlayanın iştirakı ilə ipoteka predmetinin likvid və bazar dəyərinin müəyyən edilməsi məqsədilə əmlaka baxış keçirilmişdir. Qeyd edildiyi kimi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka qoyanlar X6 və X9 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekada (girovda) qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notariat, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu "xxxx" MMC-nin kreditor LPO "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq məktubda qeyd olunan LPO "xxxx"ASC-nin hesablaşma hesabına köçürülməsi şərtilə etiraz edilməməsi barədə xx.xx.2019-cu il tarixli **********750 saylı razılıq məktubu verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X6 və X12 birgə mülkiyyət üzrə onlara məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4.136,6 kv.m olan əmlak kompleksi kimi müəssisəni alıcılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilməsini öz öhdəliyinə götürmüşlər. Həmin müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, satılan daşınmaz əmlaklar real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (qeyriyaşayış sahəsi) və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən torpaq sahəsi yüklüdür. LPO "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, **********750 saylı məktubunda həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq verilmişdir. Göründüyü kimi ipoteka saxlayan LPO "xxxx" ASC İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni İddiaçı2 və İddiaçı1 satılmasına yalnız ipoteka yüklülüyündə qalması şərti ilə razılıq vermişdir. Həmin şərt tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində öz əksini tapdığı üçün Azərbaycan Respublikası İstisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni yeni mülkiyyətçiləri olan İddiaçı2 və İddiaçı1 adlarına LPO "xxxx" ASC-nin yüklülüyü qalmaq şərtilə xx.xx.2019-cu il tarixdə yeni çıxarış vermişdir. Hal-hazırda İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə LPO "xxxx" ASC-nin ceyrinə yüklüdür və bunu təsdiq edən ********** saylı çıxarış mövcuddur. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 öz iddialarında 1.090.333,34 (bir milyon doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat məbləğində olan borc öhdəliyinin bir qismini, yəni 500.000 (beş yüz min) manatın banka köçürüldüyünü, qalan 590.333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat, 34 qəpik) manat borcun X4 verdiklərini bildirirlər. Ancaq X1 həmin vəsaitin ona verilməməsi, iş üzrə vəsaitin verilməsini təsdiq edən heç bir sübutun olmamasını iddia edir və bu səbəbdən alqı-satqı üzrə qalıq vəsaitin onun tərəfindən ödənilməsi mümkün deyil. Bu günə qədər LPO "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, **********750 nömrəli məktubunda nə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsinə uyğun olaraq 590.333,34 manat məbləğində vəsait banka ödənilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi öz etirazında qeyd edildiyi kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinin tələbi icra edilmişdir, ipoteka predmeti olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi əsasında alıcılar İddiaçı2 və İddiaçı1 satılmasını təsdiq edən müqavilə ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti və LPO "xxxx" ASC-nin daşınmaz əmlakın üzərində yüklülüyün saxlanılması barədə xx.xx.2019-cu il tarixli **********302 nömrəli məktubu DƏDRX ərazi idarəsinə təqdim edilmişdir. İpoteka saxlayan ləğv prosesində olan LPO "xxxx" ASC İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka yüklülüyündən yalnız "xxxx" MMC-nin banka olan borcu ödənildiyi halda azad edə bilər. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən 2,125 ha torpaq sahəsi və onun üzərində yerləşən 4136,6 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə X6 və X8 ümumi birgə mülkiyyətində olmuşdur. RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X6 və X9 məxsus, İsmayıllı şəhəri, H.Əliyev prospektində, 2,125 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2014-cü il tarixli 240/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən 84 ay müddətinə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. "xxxx" ASC-nin cavabdehə ünvanladığı xx.xx.2015-ci il tarixli 04/K-22 nömrəli məktubunda qeyd olunur ki, "xxxx" ASC ilə hüquqi şəxs "xxxx"MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 224/13 saylı kredit müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2014cü il tarixli 279/14/1 nömrəli ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan, X6 və X9 xüsusi mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında, 2,125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ipotekasını qüvvədə olan qanunvericiliyə əsasən təkrar dövlət qeydiyyatına alınması xahiş olunur. RX seriyalı ******* və ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, X6 və X9 məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 2,125 ha torpaq sahəsi ilə birlikdə 279/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında yüklülüyü xx.xx.2014-cü il tarixdən 84 ay müddətinə "xxxx" ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. LPO "xxxx" ASC-nin cavabdehə ünvanladığı **********302 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunur ki, X6 və X9 mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən (seriya RX 0592409, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il) əmlak kompleksinin alqı-satqı müqaviləsinin ipoteka predmetinin üzərində yüklülüyün saxlanılması şərti ilə rəsmiləşdirilməsinə etiraz edilmir. Reyestrdə 4Ə 873 nömrə ilə qeyd olunmuş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X6 və X3 şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 4136,6 kv.m olan qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən 2,125 ha torpaq sahəsini alıcılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə vermişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş onlarda saxlanılan elektron müqavilənin təsdiq edilmiş arxiv nüsxəsinin üçüncü bəndində göstərilmişdir ki, satılan daşınmaz əmlaklar, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yüklüdür. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri H.Əliyev prospekti 7 ünvanında yerləşən torpaq sahəsi yüklüdür. İddiaçılar tərəfindən təqdim edilmiş AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, müqavilənin 3-cü bəndində "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli **********750 saylı məktubunda həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq verildiyi qeyd olunmuşdur. xx.xx.2019-cu il qeydiyyat tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 2,125 ha torpaq sahəsi üzərində ½ pay hüququ olmaqla İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyət hüquqi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Digər xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla isə İddiaçı2 və İddiaçı1 məxsus, İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən 2,125 ha torpaq sahəsi və onun üzərində yerləşən 4136,6 kv.m əmlak kompleksi kimi müəssisənin 279/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən 84 ay müddətinə yüklülüyü LPO "xxxx" ASC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı1 və Zeynalov X10 şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən, ümumi sahəsi 4136,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və 2,1250 ha torpaq sahəsini "xxxx" MMC-yə xx.xx.2070-ci ilədək icarəyə vermişlər. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 20.3. İpotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. 20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 883-İİQ nömrəli Qanununa görə: 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. 14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə keçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir. 14.2-1. İpotekanın əlavə dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. ... 14.5. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçılar tələbi əsaslandırmaq üçün satıcının müqavilədə nəzərdə tutulmuş şəkildə alıcılara üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür müddəasına əsaslanmağa çalışırlar ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiçılar artıq müqaviləni bağladıqları zaman müqavilənin üçüncü bəndinə əsasən müqavilə predmetinin, yəni torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü olmasından məlumatlı idilər. Onlar müqaviləni imzalamaqla göstərilən şərti qəbul etmiş, həmin şərtlərlə əmakın alğı-satqısını həyata keçirmişlər. Bununla yanaşı ipoteka saxlayan qismində çıxış edən "xxxx" ASC ipoteka predmeti üzərində yüklülüyün saxlanılması şərtilə alğı-satqının rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmə işin faktiki hallarına yuxarıda qeyd edilən normaların tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, ipotekaya xitam verilməsi barədə hərhansı hüquqi əsas mövcud olmadığından və yüklü edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi üçün hüquqi əsas qismində çıxış etmədiyindən iddia təmin edilməməlidir. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mülkiyyətlərində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1888/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1888/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver