Məhkəmə qərarları › İş №2-1(116)-189/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-189/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-189/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi üzərində “xxxx” MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Həmin cəmiyyətin təsisçisi X4 Kooperatividir və həmin kooperativin təsisçisi də iddiaçıdır. Zaqatala rayon “K.Marks” adına kolxozun xx xxx 1989cu il 2 saylı qərarı ilə “K.Marks” adına kolxozun idarə heyətinin xx xxxx 1989-cu il tarixli 3 saylı qərarına və Zaqatala rayon XDS İK-nın xx xxxx 1989-cu il tarixli 337 saylı məktubuna əsasən "İnşaat" (X4 Kooperativi) kooperativinə 0.12 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi K.Marks adına kolxozun səlahiyyətli vəzifəli şəxsləri tərəfindən ayrılaraq akt tərtib edilərək və ölçülərək iddiaçıya təhvil verilmişdir. Həmin torpağın ayrılması və iddiaçıya təhvil verilməsi barədə xx xxxxxx 1989-cu il tarixli akt tərtib edilmişdir. Həmin torpaq sahəsinin yerləşmə vəziyyətinə dair Danaçı Bələdiyyəsi tərəfindən yerquruluşu baş planından çıxarış da hazırlanıb verilmişdir. Lakin torpaq islahatı zamanı həmin torpağın sənədləri Torpaq şöbəsi tərəfindən hazırlanmamışdır. Buna görə də iddiaçıya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı həmin torpaq sahəsində müvafiq tikinti işləri apararaq lazımi qeyriyaşayış binasını inşa edə bilməmişdir. Lakin həmin torpaq sahəsində müxtəlif işlərin aparılması üçün yardımçı təsərrüfat tikilisi (altıaçıq) inşa etmişdir. Torpaq sahəsindən isə indiyə kimi iddiaçı istifadə edir. İddiaçı həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilat ona imtina verərək torpaq sahəsinin qeydiyyata alınmasından imtina etmişdir. İmtinanın əsasını isə "qeyri yaşayış binasına dair razılaşdırılmış layihənin olmaması, tikilinin inşa edilməsinə icazə barədə qərarının olmaması və istismara qəbul aktının olmaması" təşkil edir. Lakin iddiaçı bildirir ki, cavabdeh təşkilatdan yalnız torpaq sahəsinin qeydiyyata alınmasını xahiş etmişdir. Həmin torpaq sahəsində yerləşən tikililər qeyri-yaşayış binası deyil, iddiaçı indidən sonra həmin torpaq sahəsində qanuni şəkildə qeyri-yaşayış binası inşa etmək istəyir, bunun üçün isə ilk növbədə torpaq sahəsini qeydiyyata aldırmaq istəyir. Bu səbəblə iddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı “xxxx” MMC-nin balansında olan ünvan 1i ünvanında 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədilə 18 saylı X5 ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan qeyri-yaşayış binası yerində yoxdur. Həmin 0,12 ha torpaq sahəsində altıaçıq inşa edilmişdir. Həmin altıaçığın yerləşdiyi 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarında bələdiyyə mülkiyyətinə aid olan örüş sahəsi kimi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsində qeyd olunur ki, ümumi istifadədə olan küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Zaqatala rayon “K.Marks” adına kolxozun xx.xx.1989-cu il tarixli 2 saylı protokol qərarı və xx.xx.1989-cu il tarixli Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, “K.Marks” adına kolxozun idarə heyətinin xx xxxx 1989-cu il tarixli 3 saylı qərarına və Zaqatala rayon XDS İK-nın xx xxxx 1989-cu il tarixli 337 saylı məktubuna əsasən "İnşaat" (X4 Kooperativi) Kooperativinə 0.12 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan “xxxx” MMC-nin Nizamnaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, sözügedən Cəmiyyət Azərbaycan Respublikası Zaqatala XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış X2 çevrilmə yolu ilə yenidən təşkil edilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir. İş materiallarında olan Vergilər Nazirliyi 13 saylı X7 tərəfindən verilən xx.xx.2018-ci il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, dövlət qeydiyyat nömrəsi ********** olan “xxxx” MMC vergi orqanında xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. MMC-nin təsisçisi iş üzrə İddiaçıdur. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********64 nömrəli məktubundan müəyyən edilir ki, məhkəmə tərəfindən orqana sorğu göndərilmiş və sorğunun nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir:

1. İddiaçı iddia etdiyi ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan örüş sahəsində yerləşir. Bələdiyyənin qeyd olunan örüş sahəsi üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır.

2. 18 saylı X3 istifadəsində olan mövcud məlumatlarda iddia predmetinə aid olan 0,12 ha torpaq sahəsi - bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Onunla qonşu olan torpaq sahələri bir tərəfdən bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi, digər tərəfdən isə dövlət mülkiyyəti meşə fonduna aid torpaq sahəsi ilə həmsərhədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********81 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı iddia etdiyi və göstərdiyi torpaq sahəsi naturada ölçülmüş və kameral şəraitdə araşdırılmışdır. Həmin torpaq sahəsi “xxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapmış Kompleks yerquruluşu layihələrinə əsasən Dövlət mülkiyyətində saxlanılan Dövlət Meşə Fondu torpaqlarına aiddir.

İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********41 nömrəli imtina məktubu, Zaqatala rayon “K.Marks” adına kolxozun xx.xx.1989-cu il tarixli 2 saylı protokol qərarının təsdiq edilmiş surəti, xx.xx.1989-cu il tarixli Aktın təsdiq edilmiş surəti, Vergilər Nazirliyi 13 saylı X7 tərəfindən verilən xx.xx.2018-ci il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surəti, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********64 nömrəli məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli, **********77 nömrəli etiraz məktubu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********81 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddiaçının faktiki istifadəsində olan və faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi Dövlət Meşə Fonduna aiddir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. (1-5-ci bəndlər) Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi üzərində “xxxx” MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 115 manat 20 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar