Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-189/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab şəhəri, Zərdab-Ucar yolunun sol tərəfində “Dörd yol” adlanan ərazidə yerləşən 24 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin Zərdab şəhəri, Zərdab-Ucar yolunun sol tərəfində “Dörd-yol” adlanan ərazidə yerləşən 24,0 kv. metr və 43,2 kv.metr qeyri yaşayış sahələrinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinasını qanunsuz hesab edilməsi, faktiki istifadə etdiyi koordinatlara uyğun olan həmin 67,2 kv.metr torpaq sahəsinə və onun üzərində inşa edilmiş 24 kv.m qeyri yaşayış obyektinə mülkiyyət hüququnun qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “Zərdab şəhəri, Zərdab-Ucar yolunun sol tərəfində “Dörd yol” adlanan ərazidə yerləşən 67.2 kv.m torpaq sahəsinə və onun üzərində inşa edilmiş 24 kv.m qeyri yaşayış sahəsinə dair mərhum atası X2 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-189/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-189/2022 nömrəli qərardadı ilə Zərdab bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Zərdab şəhəri, Zərdab-Ucar yolunun sol tərəfində “Dörd yol” adlanan ərazidə yerləşən 24 kv.m və 43.12 kv.m torpaq sahələri və 24 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, növbəti dəfə tələbini dəqiqləşdirərək, iddia tələbinin “Zərdab şəhəri, Zərdab- Ucar yolunun sol tərəfində “Dörd yol” adlanan ərazidə yerləşən 24 kv.m və 43.12 kv.m torpaq sahələri üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsindən imtina etdiyini bildirmiş, “Zərdab şəhəri, Zərdab-Ucar yolunun sol tərəfində “Dörd yol” adlanan ərazidə yerləşən 24 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - Zərdab RİH Başçısının 16 oktyabr 1998-ci il tarixli, 298 nömrəli sərəncamı ilə Zərdab RİH Başçısı Aparatı nəzdində Torpaq Komissiyasının 24 sentyabr 1998-ci il tarixli, 10 saylı iclasının qərarı təsdiq edilərək Zərdab şəhərinin “Dörd yol” adlanan ərazisindən boş və istifadəsiz torpaq sahəsindən 24 kv.metr torpaq sahəsi mərhum atası X3 mağaza tikintisi üçün ayrılmışdır. X5 03 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. O, atasının qanun üzrə vərəsəsi olsa da, mərhum atasının adına olan qeyri- yaşayış sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Belə ki, Zərdab Rayon Dövlət Notariat Ofisi 281 saylı, 08 iyun 2021-ci il tarixli məktubla sözügedən qeyri-yaşayış sahəsinin hüquq müəyyənedici sənədləri olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. İndiyədək müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən ona məxsus olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilməyib. Torpaq sahəsindən köçürülməsi, onun başqa müvafiq torpaq sahəsi ilə əvəz edilməsi barədə dövlət orqanının və ya məhkəmənin qərarı yoxdur. Zərdab RİHB Aparatının memarlıq və tikinti şöbəsinin 23 iyul 2021-ci il tarixli, 38 nömrəli məktubuna görə mərhum atasına Zərdab RİHB-nın 16 oktyabr 1998-ci il tarixli, 298 nömrəli qərarı ilə 24 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpağın ayrılması barədə DT və XK-nin Zərdab rayon şöbəsinin, Rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin rəy və sxemləri, tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsindən yeraltı telefon, qaz, kabel xəttləri keçinir. Tikinti işlərinə 2007-ci ilin fevral ayında başlanılmış və həmin ilin sentyabr ayında başa çatmışdır. Tikinti işləri təsdiq olunmuş layihə əsasında aparılmışdır. Buna görə də, cavabdeh orqanın imtinasını əsassız hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı ərizəsinə əlavə olunan sənəddən məlum olmuşdur ki, X3 Zərdab RİHB-nın xx.xx.1998-ci il tarixli, 298 nömrəli Sərəncamı ilə Torpaq Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı təsdiq edilərək, 24 kv.m torpaq sahəsi ayrılmışdır. (Ayrılmış torpaq sahəsinə dair texniki sənədlər ərizəsinə əlavə olunmayıb). İddiaçı ərizəsinə əlavə olunan sənəddən məlum olmuşdur ki, X3 Zərdab bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə 43.2 kvm torpaq sahəsi ayrılmışdır. (Ayrılmış torpaq sahəsinə dair Alqı-satqı aktı və texniki sənədlər ərizəsinə əlavə olunmayıb, həmçinin Zərdab bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarında torpaq sahəsinin icarəyə, istifadəyə, mülkiyyətə verilməsi qeyd olunmayıb). Həmçinin ərizəyə X3 tikintinin inşasına icazə verilməsi barədə Zərdab RİH tərəfindən verilməli olan sərəncam əlavə olunmamış, həmçinin Obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı tam şəkildə doldurulmamış və müvafiq qurumlarla razılaşdırılmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zərdab RİHB-nın xx.xx.1998-ci il tarixli 298 №-li sərəncamından görünür ki, torpaq komissiyasının xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilmiş, şəhərin dörd yol ərazisində boş və istifadəsiz torpaq sahəsindən 24 kv.m torpaq sahəsi şəhər sakini X4 mağaza tikintisi üçün ayrılmışdır. - Zərdab RİH-nin memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, Zərdab rayon sakini X3 Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 16 oktyabr 1998-cı il tarixli 298 nömrəli qərarı ilə 24 kv.metr və Zərdab bələdiyyəsinin 19 dekabr 2006-cı il tarixli 11 saylı qərarı ilə 43,2 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpağın ayrılması barədə DT və XK-in Zərdab rayon şöbəsinin, Rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin rəy və sxemləri, tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsindən yeraltı telefon, qaz, kabel xətləri keçmir. Tikinti işlərinə 2007-ci ilin fevral ayında başlanılmış və həmin ilin sentyabr ayında başa çatmışdır. Tikinti işləri təsdiq olunmuş layihə əsasında aparılmışdır. İnşa olunmuş obyekt şəhərsalmanın əsas anlayışlarından olan qırmızı, tənzimləmə xətlərini pozmur. Obyekt memarlıq cəhətdən şəhərin şəhərin görünüşünə xələl gətirmir. Obyekt tikinti norma və qaydalarına tam cavab verməklə tam yararlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü ildən qüvvədədir. Məcəllədə tikintiyə icazə verilməsinin qaydaları öz əksini tapmışdır. Qeyd olunan obyekt isə 2007-ci ildə inşa edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X2 inşa etdiyi tikilinin qeydiyyata alınmasını məqsədəuyğun hesab edirik. - Zərdab rayon sakini X3 mağaza tikintisi üçün ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Rayon İHBA-nın memarlıq və tikinti şöbəsi tərəfindən Rəydə qeyd edilmişdir ki, Zərdab rayon sakini X3 Zərdab Rayon icra Hakimiyyəti Başçısının 16 oktyabr 1998-ci il tarixli 298 nömrəli və Zərdab bələdiyyəsinin 19 dekabr 2006-cı il tarixli 11 saylı qərarı ilə torpaq sahəsi ayrılmışdır. Torpağın ayrılması barədə DT və XK-nın Zərdab rayon şöbəsinin, Rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin rəy və sxemləri, torpaqların alqı-satqısına dair akt, layihə-smeta sənədləri tərtib edilərək təsdiq edilmişdir. Həmin əraziyə baxış keçirilmiş, oradan kabel, qaz, elektrik xətlərinin keçmədiyi müəyyən edilmişdir. Rayon İHB Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş layihə-smeta sənədləri əsasında mağaza tikintisinə icazə verilməsi məqsədəuyğun hesab edilmişdir. - X3 məxsus mağaza tikintisinin layihəsindən görünür ki, müvafiq layihə Zərdab RİHB-nın memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. - “Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi” haqqında aktdan görünür ki, tikintisi başa çatmış, şəhərin Dörd Yol adlanan ərazisində yerləşən mağazanın istismara tam hazır olması qeyd edilmiş və qəbul komissiyasının üzvləri tərəfindən müvafiq akt imzalanmışdır. - Zərdab rayon Dövlət Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 281 №-li məktubunda qeyd edilmişdir ki, İddiaçı atası X2 qanun üzrə vərəsələrindən biridir. - AZ-İ 896268 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - Zərdab RİHB-nın xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının 16 sentyabr 1998-ci il tarixli 298 nömrəli sərəncamı ilə Zərdab şəhər sakini X3 mağaza tikintisi üçün 24 kv.metr torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 67,2 kv.metr olan mağaza binası təyinatı üzrə istifadəyə tam yararlı olmaqla tikinti norma və qaydalarına cavab verir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında aktda qəbul komissiyasının sədrinin imzası və möhürü olmamışdır. Zərdab Rayon İcra Hakimiyyətinin arxivində məktubda qeyd olunan sənədlər yoxdur. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, mülkiyyət hüququnun qeydə alınması tələb edilən tikilinin ümumi sahəsi 24 kv.m təşkil edir. İddia olunan tikili naturadan götürülmüş faktiki koordinatlara əsasən yoxlanıldı, Zərdab rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 298 nömrəli sərəncamı və Zərdab bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı əsasında ayrılmış, cəmi sahəsi 67.2 kv.metr olan torpaq sahələri üzərində yerləşdiyi müəyyən edildi. Zərdab rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış 24.0 kv.metr torpaq sahəsi, elektron (DWG) baza xəritəsində yaşayış məntəqələri hüdudları daxilində, ictimai tikililər altında olan torpaqlardır. Mülkiyyətçi mərhum X5, faktiki istifadəçi İddiaçıdur. - cavabdehin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən və xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sözgedən qeyri-yaşayış binasının 24 kv.m tikintialtı sahəsi Zərdab RİHB-nın xx.xx.1998-ci il tarixli 298 №-li sərəncamı ilə ayrılmış 0.0024 ha torpaq sahəsinin üzərində yerləşir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətidir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia tələbindən göründüyü kimi hazırkı tələbl məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Zərdab RİH Başçısının 16 oktyabr 1998-ci il tarixli, 298 nömrəli sərəncamı ilə mərhum atasının istifadəsinə verilmiş, 24 kv.m torpaq sahəsi üzəridə inşa edilmiş, 24 kv.m sahəsi olan qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır. Zərdab RİH-nin memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddia olunan tikili 2007-ci ildə inşa edilmişdir. Odur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilibyetirilməməsinə hüquqi qiymət verilməlidir. İstinad olunan Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair - ... qeyri-yaşayış binalarına ... münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının, üzərində mərhum atasının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, dövlət mülkiyyəti olmaqla Zərdab RİH Başçısının 16 oktyabr 1998-ci il tarixli, 298 nömrəli sərəncamı ilə iddiaçının mərhum atasının istifadəsinə verilmişdir. İşdə olan mağaza tikintisinin layihəsindən görünür ki, müvafiq layihə Zərdab RİHBnın memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilərək razılaşdırılmışdır. Cavabdehin iddiaya qarşı dəlili - tikintinin inşasına icazə verilməsi barədə Zərdab RİH-nin sərəncamının olmaması, obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı tam şəkildə doldurulmaması və müvafiq qurumlarla razılaşdırılmaması ilə bağlıdır. Cavabdehin etirazının – “obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı tam şəkildə doldurulmaması və müvafiq qurumlarla razılaşdırılmaması ilə bağlı” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə məlumatların qeyd edilməməsi və ya düzgün qeyd edilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Odur ki, müvafiq aktın natamam doldurulması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Zərdab RİH cavabdehlik daşımış və sonuncu tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət vermək isə Zərdab Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Hər bir halda nəzərə alınmalıdır ki, müvafiq aktda “tikintisi başa çatmış, şəhərin Dörd Yol adlanan ərazisində yerləşən mağazanın istismara tam hazır olması” qeydi, iddia olunan tikilinin Zərdab RİH tərəfindən istismara qəbul edilməsini birbaşa sübut edir. Bundan başqa Zərdab RİH-nin memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli arayışı müvafiq istismara qəbul aktında yol verilmiş natamam məlumatları tamamlamaqla, tikilinin istismara yararlı olmasını təsdiq edir. Belə ki, həmin arayışda tikinti işlərinin təsdiq olunmuş layihə əsasında aparılması, inşa olunmuş obyektin şəhərsalmanın əsas anlayışlarından olan qırmızı, tənzimləmə xətlərini pozmaması, obyektin memarlıq cəhətdən şəhərin görünüşünə xələl gətirməməsi, obyektin tikinti norma və qaydalarına tam cavab verməklə tam yararlı olması barədə məlumatlar öz əksini tapmışdır. Cavabdehin etirazının – “tikintinin inşasına icazə verilməsi barədə Zərdab RİH-nin sərəncamının olmaması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qanunverici icazənin verilməli olması ilə bağlı normanı həmin icazənin məhz qərar (sərəncam) formasında olması ilə məhdudlaşdırmamışdır. İş materialları ilə müəyyən edilir ki, Zərdab rayon sakini X3 mağaza tikintisi üçün ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Rayon İHBA-nın memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, Zərdab rayon sakini X3 Zərdab Rayon icra Hakimiyyəti Başçısının 16 oktyabr 1998-ci il tarixli 298 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində Rayon İHB Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş layihəsmeta sənədləri əsasında mağaza tikintisinə icazə verilməsi məqsədəuyğun hesab edilmişdir. Yəni, mərhum Teymur Əhmədova tikilinin inşası üçün icazə buna səlahiyyətli olan inzibati orqan tərəfindən verilmiş, müvafiq rəy inzibati orqanın iradə ifadəsi olmuşdur. İnzibati praktikaya əsasən tikintiyə icazə sənədi adətən qərar (sərəncam) formasında tərtib edilsə də, hazırkı halda icazənin rəy fomasında tərtib edilməsi heç də tikintiyə icazənin verilməməsi kimi qiymətləndirilməməlidir (yaxud tikilinin özbaşına tikili hesab edilməsinə səbəb olmamalıdır). İcazə sənədinin hansı formada verilməli olmasına cavabdehliyi Zərdab RİH daşımış və iddiaçının inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqı olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, Zərdab Rayon icra Hakimiyyəti Başçısının 16 oktyabr 1998-ci il tarixli 298 nömrəli sərəncamı ilə mərhum Əhməd Teymurova torpaq sahəsinin ayrılmasında məqsəd mağaza binasının tikintisi olmuşdur. Belə ki, Zərdab Rayon İcra Hakimiyyəti müvafiq torpaq sahəsini faktiki olaraq hansı məqsəd üçün ayırmasını da həmin sərəncamda həll etmiş və mərhum Teymur Əhmədovun həmin torpaq sahəsində mağaza binası inşa etməsi, torpaq sahəsinin ayrılması məqsədinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmçinin «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Eyni zamanda 15.2-ci maddədə qeyd olunmuşdur ki, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab şəhəri, Zərdab-Ucar yolunun sol tərəfində “Dörd yol” adlanan ərazidə yerləşən 24 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.