Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-189/2023 20.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X4 adına arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Bum bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum həyat yoldaşı X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədləri üçün ayrılmış, 23 fevral 2006-cı il tarixində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 seriyalı 40600038 kod nömrəli”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsi ilə bağlı hüquqların adına təkrar qeydiyyatının mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla aparılaraq buna dair ona çıxarış və texniki sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon Bum Bələdiyyəsinin 07 dekabr 2002ci il tarixli, 12 saylı qərarına əsasən iddiaçının mərhum həyat yoldaşı X6 Qəbələ rayonu, Bum qəsəbəsində tikinti məqsədləri üçün 0,0338 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. İddiaçının mərhum ərinin torpaq sahəsi üzərindəki hüququ 23 fevral 2006-cı il tarixində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində qeydiyyata alınmış və ona JN 0711 seriyalı, 40600038 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. İddiaçının əri 22 yanvar 2017-ci il tarixində vəfat etmişdir. Ərinin ölümündən sonra ərizəsi üzrə Qəbələ regional “Asan Xidməd” mərkəzindəki notariat ofisində V-390 nömrəli vərəsəlik işi açılmış, iddiaçı varis olaraq tanınmışdır. İddiaçı onu da qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında həyat yoldaşının soyadı səhvən “Əzənmədov” yerinə, “Əzməmmədov” şəklində qeyd olunmuşdur. Bu xəta məhkəmə aktı ilə aradan qaldırılmışdır. Belə ki, iddiaçının ərizəsi üzrə işə xüsusi icraat qaydasında baxan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-150/2022 saylı qətnaməsi ilə “Qəbələ rayon Bum Bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN 0711 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının mərhum X6 məxsus olması hüquqi faktı” müəyyən edilmişdir. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı bildirir ki, mərhum ərinin 2006-cı ildə sözügedən torpaq sahəsi ilə bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və öz hüquqi qüvvəsini saxlamaqdadır. İndiyə qədər bu hüquq hər hansı orqan, yaxud fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş, bununla bağlı daşınmaz əmlakın ərazi dövlət reyestri orqanına və ya yerli bələdiyyə orqanına, yaxud da həmin orqanlardan sair qurumlardan ünvanına hər hansı etiraz, iddia, tələb daxil olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********78 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin mütəxəssisləri torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında araşdırılmışdır. Aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında 350 m məsafə fərqi var. Həmçinin faktiki torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza xəritəsində məktəb ərazisi kimi qeyd edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********51 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X4 adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasında ərizə məhkəmə iclasının qərardadı ilə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-189/2023 nömrəli qərardadı ilə X12 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: JN-0711 kod 40600038 nömrəli Dövlət Aktından görünür ki, Qəbələ rayonu Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 12 nömrəli qərarı ilə 0,0338 ha torpaq sahəsi tikinti məqsədilə X5 ayrılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-150/2022 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN-711 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının mərhum X6 məxsus olması hüquqi faktı müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubuna əlavə olaraq JN- 0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq olunmuş arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması məqsədi ilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ rayonu Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,0228 hektar torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər (müəsissə və təşkilatların yerləşdiyi ərazi) olan ərazidir. Torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçının istifadəsində olan 0,0228 hektar torpaq sahəsi Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər (müəsissə və təşkilatların yerləşdiyi ərazi) olmaqla Bum bələdiyyəsinin ərazisindən ayrılmışdır. X1 adına tərtib edilmiş JN 0711 nömrəli “Torpağa mülkyyət hüququna dair” Dövlət Aktının 711A nömrəli konturunda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1472/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması məqsədi ilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisləri 10 Mart 2023cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,0228 hektar torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbə inzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” üçün ayrılmış ərazidə yerləşir. Torpaq sahəsi İddiaçı istifadəsindədir. Digər mülkiyyətçilərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. X1 adına tərtib edilmiş JN 0711 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür. JN-0711 seriyalı kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 711 konturunda göstərilmiş 110 kv.m torpaq sahəsi ölçülən zaman Bum qəsəbə sakini X12 həmin torpaq sahəsinin uzun müddətdir istifadəsində olduğunu bildirərək ərazidə ölçü işinin aparılmasına icazə verməyəcəyini bildirdi. Bu səbəbdən həmin torpaq sahəsi ölçülməmişdir. Cavabdeh orqana xx.xx.2023-cü il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, X1 adına tərtib edilmiş JN-0711 nömrəli “Torpağa mülkyyət hüququna dair” Dövlət Aktının 711A nömrəli konturunda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üstüstə düşür. Lakin cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1472/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində isə qeyd olunur ki, X1 adına tərtib edilmiş JN-0711 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür. Göstərilən ziddiyyətin aradan qaldırılması və qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün cavabdehə vaxt verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-2270/2023 nörməli məktubunda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində mərhum X2 adına tərtib edilmiş JN-0711 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 711A nömrəli konturunda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi texniki səhv olaraq üstüstə düşür yazılmışdır. xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1472/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində mərhum X2 adına tərtib edilmiş JN-0711 nömrəli 'Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür düzgün yazılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir; 23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Həmin Məcəllənin: 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. İddiaçının isə faktiki olaraq istifadəsində olduğunu iddia etdiyi, sənədlər üzrə ayrılmış torpaq sahəsi ilə faktiki koordinatları fərqli olan torpaq sahəsi məktəb ərazisi olmaqla, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar üçün ayrılmış ərazidədir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mərhum X2 adına tərtib edilmiş JN- 0711 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür, 110 kv.m. torpaq sahəsi isə başqa şəxsin istifadəsində olan torpaq sahəsi olmaqla hər iki torpaq sahəsi sənəd üzrə ayrılmış torpaq sahəsindən aralı yerləşir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında 350 m məsafə fərqi vardır. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət aktında göstərilmiş torpaq sahəsi iki planşet hissəsindən ibarət olmaqla (228,34 və 110,22 kv.m) iki fərqli ərazidə yerləşir, bir-birinə qonşu (bitişik) torpaq sahələri deyildir. Odur ki, onların iddiaçının tələbinə uyğun olaraq vahid daşınmaz əmlak kimi qeydə alınması da yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə göstərilən mövqedən çıxış edərək Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X4 adına arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-189/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-189/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver