Məhkəmə qərarları › İş №2-1(116)-1891/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1891/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1891/2022 11.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Qumlaq kəndində yerləşən, mərhum atasından miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0.42 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X3 adına hazırlanmış xx.xx.2014-cü il tarixli **********95-10301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “Oğuz rayonu Qumlaq kəndində yerləşən, mərhum atasından miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0.42 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X3 adına hazırlanmış xx.xx.2014-cü il tarixli **********95-10301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinə görə iddiaçı 1975-ci ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. X1 vəfat etdikdən sonra mərhum atasından miras qalmış evdə qardaşı, hazırki iş üzrə üçüncü şəxs X9 yaşayır. İddia ərizəsində göstərilir : “Bu yaxınlarda mən mərhum atasından miras qalmış evə getmək istəyərkən cavabdeh məni evə buraxmamışdır.Mərhum atamdan miras qalmış evin sənədləri ilə maraqlanan zaman cavabdeh yenə bizə maneə törədir və evi öz adma sənədləşdirdiyini və satacağım bildirir.Ailə üzvlərimizdən heç kim atamdan miras qalmış evin satılmasını istəmir. Eyni zamanda evdən istifadə etməyimizə cavabdeh tərəfindən maneə törədilməsinin qarşısını almaq üçün onun adına olan qeydiyyat ləğv olunmalıdır.Cavabdehin bizim mülkiyyətimizdə olan və qeydiyyatda olduğumuz evə münasibətdə bizim mülkiyyət hüquqlarımızı həyata keçirməyimizə maneə törətməsinin əsasları bizə məlum deyil”. Hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş,cavabdeh tərfindən tələbin icrasından imtina edilərək məhkəməyə müraciət etmə tövsiyə edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1891/2022 nömrəli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin iddia tələbinə rəsmi münasibətinə uyğun izahat verərək bildirdi ki, Oğuz rayonu Qumlaq kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsinə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərar əsasında X5 adına JN-114F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir.Qeyd edilən fərdi yaşayış evinin X7 məxsus olmasına dair Oğuz rayonu Qumlaq ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2012-ci il tarixli,797 saylı arayışı təqdim olunmuşdur.Təqdim edilən sənədlər əsasında 0.42 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 adına rəsmiləşdirilmişdir.Daha sonra 0.42 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X10 tərəfindən xx.xx.2012-ci il tarixdə notarial qaydada X6 bağışlanmışdır. xx.xx.2014-cü il tarixdə Oğuz rayon Qumlaq kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.42 ha həyətyanı torpaq sahəsinə dair Oğuz Rayon Notarial Kontoru tərəfindən verilmiş bağışlama müqaviləsi əsasında ********** qeydiyyat nömrəli çıxarışla X2 adına rəsmiləşdirilmişdir.Odur ki,məhkəmədən iddianın təmin edilməməyini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçın vəkili və etibarnamə üzrə nümayəndəsinin diqqətinə hazırkı iddia tələbində mübahisələndirilən X3 adına qeydə alınmış, RX 046885 seriyalı, xx.xx.2014-cü il tarixli, **********95-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun xx.xx.2012-ci il tarixli “Yaşayış evinin bağışlanma müqaviləsi” əsasında verildiyi çatdırılmışdır. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir :

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. Oğuz RİHB-nın Qumlaq İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X8 1994-cü ildə vəfat etmişdir.

3. Oğuz Rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki,iddiaçının X1 barəsində hər hansı vərəsəlik işinin açılması barədə məlumat aşkar olunmamışdır.

4. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Oğuz rayonu Qumlaq kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X5 mülkiyyət hüquqları qeydiyyata alınaraq, RX ******* seriyalı,xx.xx.2012-ci il tarixli “Çıxarış” verilmişdir.

5. X10 xx.xx.2012-ci il tarixli “Yaşayış evinin bağışlanma müqaviləsi” əsasında göstərilən əmlakı oğlu X6 bağışlamışdır.

6. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Oğuz rayonu Qumlaq kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X3 adına RX 046885 seriyalı, xx.xx.2014-cü il tarixli “Çıxarış” verilmişdir.

7. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən həmin fərdi yaşayış evinə xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə ki,iddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı qardaşı X3 adına verilmiş RX 046885 seriyalı, xx.xx.2014-cü il tarixli “Çıxarış”ın və Daşınmaz əmlakın texniki pasportunun ləğvi olmuşdur. Lakin iddiaçının mübahisələndiriyi fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.42 ha həyətyanı torpaq sahəsinə dair subyektiv hüququnun olmadığı müəyyən edilmişdir.Belə ki,mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin iddiaçının atasından miras qalması faktı müəyyən olunmur. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə,iddiaçının mübahisəli torpaq və yaşayış sahəsinə dair hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də onun tərəfindən bu hüququ təsdiq edən sənədlər təqdim olunmadığından, hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüquqları yaranmır. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçılar hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmamalıdır. Digər tərəfdən həmin əmlak iddiaçının anasının mülkiyyətində olmuş,mülki əqd əsasında hazırkı iş üzrə üçüncü şəxsə bağışlanmışdır. Məhkəmə bildirməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququ yaranmış olsaydı da hazırkı iş üzrə “Çıxarış”ın mülki hüquqi əqd əsasında qeydə alınması səbəbindən iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququ mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı :

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs: X9) qarşı “Oğuz rayonu Qumlaq kəndində yerləşən, mərhum atasından miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0.42 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X3 adına hazırlanmış xx.xx.2014-cü il tarixli **********95-10301 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar