Məhkəmə qərarları › İş №2-1(116)-1892/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1892/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1892/2025 26.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddaçının vəkili X1, cavabdehin nümayəndəsi X6 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Qax rayonu, Əmbərçay kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (yerləşdiyi yer: Şəki şəhəri, H.Əliyev prospekti 9A) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Qax rayonu Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Qax rayonunun Əmbərçay kəndində yerləşən 8.108 kv.m torpaq sahəsi İddiaçı və müvafiq siyahıda adları qeyd olunan qohumlarına ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Dövlət Aktı” və “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 20 noyabr 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını sahənin kənd təsərrüfatı təyinatlı olması, orada fərdi yaşayış evi inşa edilməklə həyətyanı məqsədlə istifadə edilməsi ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Qax rayon AİK-nın 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə ona və qohumlarına kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə rayonun Əmbərçay kəndində ayrılmış 8.108 kv.m torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, qurum 20 noyabr 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır, lakin həyətyanı məqsədlə istifadə edilir, orada fərdi yaşayış evi tikilmişdir. Hesab olunur ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüququ yarandığı anda həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilməmiş və hər hansı tikili olmamışdır. Torpaq sahəsi ümumi birgə paylı mülkiyyətdir və torpaq sahəsi 11 nəfərə məxsusdur. Həmin torpaq sahəsində hər hansı bir tikilinin və ya fərdi yaşayış evinin inşa edilməsi ona hüququn qeydiyyata alınmasından imtina üçün əsas olmamalıdır. Torpaq sahəsinin təyinatı üzrə qeydiyyata alınması cavabdehin vəzifəsidir. Həmin sahədə tikilinin inşa edilib-edilməməsindən asılı olmayaraq torpaq sahəsi qeydiyyata alınmalıdır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddia ilə bağlı bildirir ki, İddiaçı Qax rayonunun Əmbərçay kəndində yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı İdarəyə müraciət etmişdir. Ləğv edilmiş DTXK Qax rayon şöbəsi tərəfindən iddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş A 446814 nömrəli torpaq sahəsinin planı və ölçüsü üzrə kateqoriyası kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olsa da, faktiki olaraq sahə üzərində yaşayış evi inşa edilməklə həyətyanı olduğundan, ərizənin icrası mümkün olmamışdır və ərizəçiyə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 20 noyabr 2024-cü il tarixli bildiriş verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının vəkili X4 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Qax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya Qax rayonu Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Qax rayonunun Əmbərçay kəndində ayrılmış 8.108 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «Torpaq islahatı haqqında» Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin maddənin 2-ci hissəsinə görə torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Həmin Qanunun 14-cü maddəsinə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X5 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyətləri) tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə qeyd edir ki, Qax rayon AİK-nın 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı rayonun Əmbərçay kəndi ərazisində yerləşən 8108 kv.m torpaq sahəsinin hazırkı İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Qax rayon AİK-nın 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar tam və ya müvafiq hissədə ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin verdiyi JM-0066 KOD 40310028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” da iddiaçı və digərlərinin mülkiyyət hüququnu təsdiqləyən qeydiyyat sənədidir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə həmin qeydiyyat sənədi qüvvədədir və mahiyyətinə görə iddiaçının müraciəti hüququn qeydiyyatı deyil, qeydiyyat barədə sənədin yenisi ilə əvəz olunmasıdır. Bununla belə, iddiaçının torpaq sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, məhkəmə onun hüquqi marağını və işin faktiki hallarını nəzərə alaraq, torpaq sahəsinə hüququn qeydə alınması tələbinə baxır. Hazırkı işin məhkəmə araşdırılması ilə də müəyyən edilir ki, İddiaçı və onun ailə üzvlərinə Qax rayonunda aparılmış aqrar islahat nəticəsində rayonun Əmbərçay kəndi ərazisindən 8108 kv.m torpaq sahəsi ayrılmış və onların ümumi mülkiyyətinə verilmişdir. DTXK-nın yerli qurumu tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin təyinatı “kənd təsərüfatı məhsullarının istehsalı” kimi göstərilmişdir. Məhkəmə vurğulayır ki, hazırkı icraatda aidiyyəti səlahiyyətli orqan kimi DƏDKR 12 saylı Şəki Ərazi İdarəsindən müvafiq suallar üzrə aşağıdakı məzmunda mütəxəssis rəyi alınmışdır: - İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilmiş torpaq sahəsi faktiki olaraq 10556,8 kv.m olub döngə nöqtələri, koordinatları, həmin torpaq sahəsinin A 446814 (8108.57 kv.m) plan-ölçüsü sənədi ilə üst-üstə düşən hissəsi və plan-ölçüsü sənədində göstərilən torpaq sahəsindən artıq faktiki istifadə olunan 2448.29 kv.m hissəsi yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi DWG faylına əsasən yaşayış məntəqələrinin torpaqlarından kənarda çoxillik əkmələr, TEKUİS məlumat bazasında isa kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, digər sosial ictimai tikinti altında olan torpaqlar kimi verilmişdir. AZCAD məlumat bazasında faktiki istifadə olunan torpaq sahəsi İ hissə X3, İİ hissə isə X2 istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin Necas proqramına əsasən hüquqların dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Naturada ölçülmüş 10556,9 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşən 8108 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti, döngə nöqtələrinin koordinatları yerquruluşu planında göstərilmişdir. DWG faylına əsasən 35G nömrəli xüsusi mülkiyyətdə olan kontur kimi göstərilmişdir. Sonradan həmin əraziyə Qax rayon AİK-nın 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 8108 kv.m torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi ilə A №446814 nömrəli plan ölçüsü sənədində göstərilən 8108 kv.m torpaq sahəsi qismən üst-üstə düşür. 12 saylı ərazi idarəsinin arxivində 35G nömrəli şəhadətnamənin arxiv nüsxəsi mövcud deyil. AZCAD məlumat bazasında faktiki istifadə olunan torpaq sahəsi İ hissə X3, İİ hissəsi isə X2 istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Hər iki hissə yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi kənd təsərrüfatına yararlıdır. Torpaq sahəsinin sərhədlərinin bir hissəsi mişar daşı va kolla bərkidilmişdir. Torpaq sahəsinin daxilində fərdi yaşayış evi va köməkçi tikililər və çoxillik əkmələr (fındıq bağı) mövcuddur. Kənd təsərrüfatına yararlı torpaqlardır. Qonşuluqda yerləşən ərazilərdə başqa şəxslərə məxsus fərdi yaşayış evləri vardır. A 446747 nömrəli plan-ölçüdə qeyd olunan qonşu torpaq sahəsinin mübahisə predmeti olan torpaq sahəsi ilə müqayisəli yerləşməsi qırıq-qırıq xətlə göstərilmiş yerquruluşu planı təqdim edilir. Qeyd: TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin bir hissəsinin uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial ictimai tikinti altında olan torpaqlar kimi göstərilsə də, DWG xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Məhkəmənin qənaətinə görə şəxsə qanuni əsaslarla ayrılmış və onun mülkiyyətinə keçmiş torpaq sahəsi üzərində hüquq, orada hər hansı tikilinin olmasından və hansı məqsədlə istifadə olunmasından asılı olmayaraq, qeydiyyata alınmalıdır. Torpaq sahəsində hər hansı tikilinin olması, onun üzərində hüququn qeydiyyatına maneə kimi çıxış edə bilməz. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh iddiaçının ailə üzvləri ilə birlikdə müvafiq torpaq sahəsinin ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Qax rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə ayrılmış, Qax rayonu, Əmbərçay kəndində yerləşən 8108 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Qax rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə ayrılmış, Qax rayonu, Əmbərçay kəndində yerləşən 8108 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar