Məhkəmə qərarları › İş №2-1(116)-1896/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1896/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1896/2024 30.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan X3, X1, X4, X6 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan X3, X1, X4, X6, X11 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (“İPM”) 13-cü maddəsinə əsasən, nəzərinizə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırıldıqda müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Şəki Şəhər Rayon Polis Şöbəsi iddia tələbinə cavab verməli orqan deyil. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-117/2-M-2593/11/24 nömrəli imtina məktubundan göründüyü kimi iddiaçı tərəfindən ona məxsus ünvan 2 ünvanda qeydiyyatda olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı müraciət olunmuş, lakin onun müraciəti təmin edilməyərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə araşdırması ilə həmçinin müəyyən olunmuşdur ki, iddia tələbində yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması xahiş olunan X11 İddiaçı məxsus ünvan 3 ünvanda qeydiyyatdadır. Bu səbəblə iddia tələbinə X7 aid hissədə baxılmasının mümkünlüyü məsəsinə də hüquqi qiymət verilməlidir. Odur ki, iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılaraq cavabdeh qismində əsl Cavabdeh qeyd edilməsi, həmçinin hazırda iddiaçıya məxsus Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanında qeydiyyatda olmayan, lakin iddia tələbində göstərilmiş X5 adının iddia tələbindən çıxarılaraq dəqiqləşdirilmiş iddia ərizəsinin Məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsinə dair ərizəsində cavabdehin əsl Cavabdeh ilə əvəz olunmasını, həmçinin X8 artıq onun evində qeydiyyatda olmadığından o istisna olmaqla digər beş nəfər şəxsin Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1896/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3, X1, X4, X6 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər (zəruri cəlbetmə). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanındakı fərdi yaşayış evi ona məxsusdur. Belə ki, ona həmin fərdi yaşayış evinə dair mülkiyyət sənədi verilmişdir. Lakin, mülkiyyətində olan evdə üçüncü şəxslər istifadə hüququ olmadan qeydiyyatdadırlar. Üçüncü şəxslər ona məxsus evdə qeydiyyatda olsalar da, orada yaşamırlar. Bununla bağlı o, Cavabdehnə müraciət edərək üçüncü şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-117/2-M-2593/11/24 nömrəli imtina məktubunda Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X3, X1, X4, X6 və X2 qeydiyyatdan çıxarılması üçün iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğunu bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. 08.05.2024-cü il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadırlar.

3. MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər hal-hazıradək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Üçüncü şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar, həmin yaşayış sahəsində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş üzrə üçüncü şəxslər qeydiyyatda olduqları ünvanda faktiki olaraq yaşamırlar və həmin fərdi yaşayış evi ilə bağlı heç bir əmlak hüquqları yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Hazırkı iş üzrə üçüncü şəxslər iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericiliyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçının isə həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin fərdi yaşayış evinə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X3, X1, X4, X6 və X2, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər X3, X1, X4, X6 və X2 yaşayış üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar