Məhkəmə qərarları › İş №2-1(116)-1896/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1896/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1896/2025 06.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı «diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Gürcüstan Respublikasının X2 Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2023-cü il tarixli EUTU 000854 nömrəli (qeydiyyat nömrəsi 0855) bakalavr (301 ECTS kredit) diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11338/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, X2 Universitetində 2018-2023-cü illərdə stomatologiya ixtisası üzrə təhsil almış və həmin təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Universitetdən xx.xx.2023-cü il tarixində EUTU 000854 saylı ali təhsil haqqında diplom almışdır. Diplomun tanınması məqsədilə müvafiq cavabdeh orqana müraciət etmiş, lakin müraciətə imtina cavabı almışdır. İmtina cavabını xx.xx.2024-cü il tarixində almışdır. Cavabdeh tərəfindən verilmiş imtina qərarından şikayətçi olan şəxs, bu imtina ilə razı olmadığını bildirir və müraciət etdiyi qərarın qanunsuz olduğunu hesab edir. Həmin imtina cavabından məhkəməyə şikayət etmək hüququnu qoruyub saxlamışdır və müraciət etmək üçün hüquqi müddəti ötürməmişdir. Cavabdehin verdiyi imtina cavabında deyilir ki, “Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2003-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarf’mn 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır”. Daha sonra cavabdeh imtinasında qeyd edir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bakalavryat əsas baza ali tibbi təhsilin məzmunu və təşkili qaydalarına əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər smestr 20 həftədən ibarətdir. İmtina isə yuxarıda qeyd olunan qaydaların 4.1.4-cü bəndinə əsaslanmışdır. Həmin qaydaların 4.1.4cü bəndində isə qeyd olunur ki, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli kvalifıkasiyalar çərçivəsi” üzrə orta ixtisas təhsilli bakalavryat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalarına münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır. Qeyd olunan imtina cavabı, o deməkdir ki, o, tibb və səhiyyə ixtisasları üzrə təhsil aldığına görə və həmin ixtisasların normativ müddətinin 40 həftə olduğuna görə həmin müddət ərzində təhsil aldığı ölkədə olduğunu cavabdehə və ya məhkəməyə sübut etməlidir. Əvvəlcə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin imtinası xx.xx.2023-cü il tarixli maddi hüquq normasına əsaslanmışdır. Lakin o, 2018-2023-cü illərdə təhsil almışdır və xx.xx.2023-cü ildə isə təhsilini artıq başa çatdırmışdır. Qeyd olunan Qanunlarından tələbinə görə onun diplomunun tanınması 2018-ci ildə, yəni 2023-cü ilin 18 avqust tarixinədək qüvvədə olan maddi hüquq normaları istinad olunaraq tanınmalıdır. Məhkəmənin diqqətinə çatdırılır ki, onun oxuduğu ölkədə az müddət qalmasının əsas səbəbi 2020-ci ilin mart ayında başlanmış və bütün dünyanı təsir altına almış COVİD-19 pandemiyasıdır. Pandemiya səbəbindən 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabrına qədər bütün dünyada beynəlxalq səyahətlərə məhdudiyyətlər qoyulmuşdu. Bu fakt, sərhədkeçmə məlumatları ilə təsdiq edilə bilər və əlavə sübutlar kimi Nazirlər Kabinetinin və Gürcüstan Dövlətinin pandemiya ilə bağlı keçirdiyi tədbirlərə dair qəbul etdiyi qərarlardır. O oxuduğu dövrdə kredit sistemi ilə oxumuş və onun akademik borcu olmuş olsa idi ona sonda diplom təqdim edilməyəcəkdi. Akademik statusunun olub olmaması ilə bağlı məhkəmə tərəfindən oxuduğu təhsil müəssisəsinə sorğu göndərilə bilər. İmtinanın yeganə dəlili ondan ibarətdir ki, tədris normativi üzrə tələb olunan müddətdə təhsil aldığı ölkənin ərazisində olmamasıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə onun tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına əlahiddə olaraq deyil, tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəməsi baxımından qiymət verilməlidir. Belə ki, təhsil alarkən onun hazırlıq səviyyəsinin artırmaq və tədris yükünü mənimsəmək imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, həmçinin konkret müddət ərzində tədris yükünü yerinə yetirmək və mənimsəmək səviyyəsinin qiymətləndirilməsi müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Qeyd edir ki, ümumilikdə 301 kredit toplayaraq təhsilini başa vurmuşdur. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır:

1. İddiaçı Təhsildə X1rşı Gürcüstanda yerləşən X2 Universiteti tərəfindən “Stomatologiya” ixtisası üzrə diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə məcburetmə tələbi ilə iddia qaldırmışdır.

2. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyinə müraciət etmişdir. Cavabdeh orqan onun müraciəti üzrə aparılan inzibati icraat zamanı iddiaçının xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdaki kimi olduğunu müəyyən etmişdir: 2018/2019-cu tədris ili üzrə - 8 ay 9 gün, 2019/2020-ci tədris ili üzrə - 5 ay 18 gün, 2020/2021-ci tədris ili üzrə - getməyib, 2021/2022-ci tədris ili üzrə - 3 ay 13 gün, 2022/2023-cü tədris ili üzrə - 3 ay 1 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir.

3. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti ərzində həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir.

4. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2- 1(102)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır.

5. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir.

6. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

7. Bu Qaydaların 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat(əsas(baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalan”mn 1.6-cı bəndinin Əsas(baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilməsi tələbi müvafiq olaraq qeyd olunmuş normativ müddətin bütün dövründə dərslərdə iştirakı zəruri edir. Eyni zamandan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali” təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsasən (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o dən, 5 həftə imtahan sessiyası) ibarətdir və hərsemestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olraq 7 ay 15 gün kimi nəzərdə tutulur.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”mn 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, əsas (baza ali) tibb təhsili səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. İddiaçı qeyd edilən normativlərə riayət etmədiyini Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 138 gün davam edən aksiyalarda iştirakı ilə əsaslandırmağa çalışsa da, “Azərbaycan Könüllü Həkimlər Assosiasiyası” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli arayışından da göründüyü kimi İddiaçı aksiyada iştirakı xx.xx.2023- xx.xx.2023-cü il tarixləri aralığında olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir.

II. TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13.1. Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri - 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək. Maddə 44.2. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanı: Bənd 2.2. Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:

5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.

8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydaları: Bənd 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir. Bakalavriatı bitirən məzunlara “bakalavr”, əsas (baza ali) tibb təhsilini bitirən məzunlara isə “həkim” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Bənd 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Bənd 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Bənd 2.17. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: -3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması)

İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ

İddianın növü və mümkünlüyü.

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırkı iddia mümkün iddiadır.

İddianın əsaslılığı: Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdə olan iddiaçıya məxsus THTU 000854 nömrəli bakalavr diplomundan görünür ki, səhiyyə fakultəsinin Şurasının 17 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı stomotoloq bakalavr akademik dərəcəsi verilmişdir. İddiaçı xarici dövlətdə stomotoloq ixtisası üzrə əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasında tanınmasını tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqanın imtinası iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin onu diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət etməməsi ilə əsaslandırılmışdır. İşin hüquqi halları ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Hazırda qüvvədə olan Qaydaların (Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları) müddəalarında tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən edilmiş, bu tələblərdən biri də orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) ilə bağlıdır. Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tələbənin təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması şərti tanınma üçün əsasdır. Normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması bu sahələrin spesifik xarakteri və insan sağlamlığına birbaşa təsir göstərməsi ilə izah olunur. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olmaqla, hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Başqa sözlə desək əyani tədris zamanı tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə mütəmadi olaraq iştirak edirlər. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı stomatoloq ixtisası üzrə aldığı kvalifikasiyanın tanınmasını arzulayır ki, bu zaman onun təhsil aldığı ölkədə olduğu müddət məhz Azərbaycan Respublikasında alınan təhsil normativ müddətinə uyğun olmalıdır. Çünki stomatologiya ixtisası tibb sahəsinin bölmələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olduğundan, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun təhsil aldığı ölkədə həmin müddət qədər olması zəruridir. Lakin işin hallarından görünür ki, iddiaçı Gürcüstan Respublikası ərazisində 2018/2019-cu tədris ili üzrə il- 8 ay 9 gün, 2019/2020ci tədris ili üzrə 5 ay 18 gün, 2020/2021-ci tədris ili üzrə getməyib (İİİ semestr pandemiya dövrü), 2021/2022-ci tədris ili üzrə 3 ay 13 gün, 2022/2023-cü tədris ili üzrə 3 ay 1 gün gün olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 17-ci bəndinə əsasən bakalavr təhsili üzrə əsas (baza ali) təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 300- 360 kredit müəyyənləşdirilmişdir. Bu da normativ müddətin minimum 8 (səkkiz) ay olduğu mənasını ehtiva edir. Belə ki, tədris ilinin müddəti 40 həftədir və hər semestr 20 həftədən ibarətdir. Başqa sözlə desək iddiaçının təhsil aldığı ölkədə olduğu müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaların 4.1-ci bəndinə əsasən onun aldığı təhsili mənimsəməsi üçün kifayət etmir. Bu səbəbdən də kvalifikasiyanın tanınması mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə yuxarıda göstərilənlərə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Gürcüstan Respublikasının X2 Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2023-cü il tarixli THTU 000854 nömrəli (qeydiyyat nömrəsi 0855) bakalavr (301 ECTS kredit) diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar