Məhkəmə qərarları › İş №2-1(116)-1899/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1899/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1899/2022 08.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı "işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı "işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, 40 ilə yaxındır ki Şamaxı Şəhər İncəsənət Təhsil Mərkəzində fəaliyyət göstərir, əvvəlcə qarmon ixtisası üzrə müəllim, sonra isə direktor müavini vəzifəsində işləmişdir. X1 İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinə əsasən, o, işdən kənar edilmiş, əsas kimi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin "c" bəndi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndində deyilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.2-ci bəndində deyilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndində deyiir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Qərarın 12-ci bəndinə görə, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 13-cü bəndinə görə, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. "İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Qərarın 14.1-ci bəndinə əsasən, inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Qərarın 14.2-ci bəndinə əsasən, inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 11.3-cü bəndində X2 inzibati orqan kimi nəzərdə tutulsa da, iddiaçının Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsindən kənar edilməsi barədə X1 İdarəsinin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmri inzibati akt sayılmır. Belə ki, həmin əmr inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilməmişdir. Həmin əmr inzibati orqanın, yəni X1 İdarəsinin daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktdır. Məhkəmə hesab edir ki, cavabdeh X1 İdarəsi ilə İddiaçı arasında yaranmış hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyinə və iddiaçı dövlət qulluqçusu olmadığına görə həmin mübahisəyə baxılması inzibati məhkəməyə deyil, ümumi məhkəməyə aiddir. Ona görə də hazırkı iddia mümkün sayıla bilməz. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə yuxarıda sadalanan və iddianın mümkünlüyünü istisna edən hallar ətraflı şəkildə İddiaçı izah edilmiş və məhkəmənin həmin məktubda ifadə edilmiş mövqeyinə münasibət bildirməsi ona təklif edilmişdir. İddiaçı cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli teleqramda bildirmişdir ki, o, əmrin ləğv olunması ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət esə də, həmin Məhkəmənin qərardadı ilə ona hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmişdir. İddiaçı bu səbəbdən hazırda çətin durumda qaldığını bildirmiş və Şəki İnzibati Məhkəməsinin yekun bir qərara gələrək ona köməklik göstərməsini xahiş etmişdir. İşdə olan, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)- 1047/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı iddia ərizəsi ilə həmin Məhkəməyə müraciət edərək, işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmiş, lakin iddianın yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin gəldiyi həmin nəticə göstərilən iddiaya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması ilə əsaslandırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, birinci instansiya məhkəməsinin digər birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını yoxlamaq səlahiyyəti olmadığına görə hazırkı qərardadda İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)- 1047/2022 nömrəli qərardadının qanuniliyinə və əsaslılığına qiymət verilə bilməz. Digər tərəfdən, İsmayıllı Rayon Məhkəməsinin sözügedən qərardadı hazırkı iddianın mümkünlüyünü istisna edən səbəbləri aradan qaldırmır və iddianın mümkünlüyü məsələsinin həlli zamanı mütləq nəzərə alınmalı olan məcburi xarakter daşımır. İsmayıllı Rayon Məhkəməsi tərəfindən iddianın qəbulundan imtina edilib-edilməməsindən asılı olmayaraq, Şəki İnzibati Məhkəməsi hazırkı iddianın mümkünlük şərtlərinin mövcudluğunu özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı "işdən kənarlaşdırılması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar