Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-19/2021 15.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və ona həmin tarixdən 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət xüsusi işçi qrupun xx.xx.2018-ci il tarixli xəstəliyi ilə bağlı verdikləri tibbi rəyi nəzərə almaqla ona xəstəliyinə uyğun 1-ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. xx.xx.2016-cı il tarixdə beyindaxili qansızma xəstəliyi ilə koma vəziyyətinə düşmüş və beyin əməliyyatı keçirmişdir. Müalicədən sonra 2017-ci ilin oktyabr ayında sənədlərini cavabdeh orqana təqdim edərək, ona əlillik dərəcəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, ƏƏSMN mütəxəssislərindən ibarət xüsusi işçi qrupun tibbi rəyinə əsasən ona 1-ci qrup əlillik dərəcəsi təyin edilməli olduğu halda, 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu səbəblə də hazırkı tələblə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda cavabdeh inzibati orqanı dəyişərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi qeyd etmişdir. Həmin tarixli protokol qərardadı ərizə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və ona həmin tarixdən 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli münasibət məktubunda qeyd etmişdir ki, müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHGK saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar." İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0344003AAHGK saylı göndərişdə qeyd edilmiş məlumatlara əsasən ikinci dərəcə əlillik düzgün təyin edilmişdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə müvafiq olaraq “Əlilliyin təyinolunma tarixi TSEKin qərarının qəbul edildiyi tarixdən hesablanır”. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHGK saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHGK saylı göndərişin təhlili göstərdi ki, əsas xəstəlik kimi “Beyindaxili qansızma, Hemorragik gedişaltı kəskin beyin qan dövranı pozulması .Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA da kisəli anevrizma.Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi “Sag tərəıfli hemiplegiya,” xəstəlikləri göstərilmişdir. Bildiririk ki, göndərişin “status lokalis” qrafasında qeyd edilən məlumatlar (sağ ətrafda əzələ gücü 3 bal) hemiplegiyanı əsaslandırmır. Eləcə də göndərişdə xəstənin kənar şəxsin yardımına ehtiyacının olması barədə qeyd aparılmamışdır. Belə ki, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə görə “Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun'. Buna görə də birinci dərəcə əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə (həmçinin hazırda qüvvədə olan müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0344003AAHGK saylı göndərişdə qeyd edilmiş məlumatlara əsasən birinci dərəcə əlilliyin təyini mümkün olmamış və ikinci dərəcə əlillik düzgün təyin edilmişdir. İddiaçıya 0344003AAHGK saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyini zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur. Sənədlərin təhlili göstərir ki, səhiyyə müəssisəsinin İddiaçı aid 0344003AAHGK nömrəli göndərişi xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, diaqnozu “Beyindaxili qansızma, Hemorragik gedişaltı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA da kisəli anevrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ” olmaqla “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddia ərizəsi ilə əlaqədar Agentliyə göndərilən müraciətlərlə bağlı qeyd edilir ki, İddiaçı aid göndərişin "status lokalis” bölməsində əks olunan məlumatlara (nevroloji statusa) əsaslanaraq ekspert xəstəyə İİ dərəcə əlillik təyin etmişdir. Göndərişdə diaqnoz ağırlaşması kimi sağ tərəfli hemiplegiya qeyd olunub. Həmin diaqnoz öz təsdiqini tapmır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur. Bu isə 1-ci dərəcə əlilliyin təyininə əsas vermir. İddiaçı İİ dərəcə əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Qeyd olunanlar iddianın təmin edilməməsi üçün əsas olmasına baxmayaraq, hesab edirlər ki, verilmiş iddia mümkün sayılmamalıdır. İddiaçı ona İİ dərəcə əlilliyin təyin edildiyi xx.xx.2018-ci il tarixdən 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin 2-1(84)-1235/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınsa da, iş üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-578/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmiş, Məhkəmənin 2-1(84)-1235/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir və müddəti ötürməmişdir. İddia mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Əsasnamənin 2.1.8-ci bəndinə əsasən ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9) olduqda birinci dərəcə əlillik təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 0344003AAHGK nömrəli göndərişi xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, diaqnozu “Beyindaxili qansızma, Hemorragik gedişaltı kəskin beyin qan dövranı pozulması. Spontan subaraxnoidal mədəcikdaxili qansızma. Baş beyin ACoA da kisəli anevrizma. Endovaskulyar cərrahi əməliyyatdan sonrakı vəziyyət. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ” olmaqla “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, qeyd olunan xəstəlik birinci dərəcə əlillik təyini üçün əsas olduğu halda ona 2-ci dərəcə əlillik təyin olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıda qeyd olunan xəstəlik olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən tələb olunan əsas - kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olmasına meyarına cavab vermir. İddiaçı bütün məhkəmə proseslərinə özü gəlmiş, məhkəmə iclaslarında izahatlar vermiş, işin faktiki və hüquqi tərəflərini məhkəmə ilə sərbəst formada, heç kimin yardımı və köməyi olmadan müzakirə etmişdir. Məhkəmə iclaslarında onun kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olması müəyyən edilməmişdir. Həmçinin göndərişdə diaqnoz ağırlaşması kimi sağ tərəfli hemiplegiya qeyd olunub. Həmin diaqnoz öz təsdiqini tapmır. Belə ki, xəstənin əzələ gücünün 3 balla qiymətləndirilməsinin qeyd olunması hemiplegiyaya deyil, hemiparezə uyğundur. Bu isə 1-ci dərəcə əlilliyin təyininə əsas vermir. Göndərişdə ağırlaşma kimi süst hemiplegiya, sağ tərəfli hemiplegiya G81.0 qeyd olunmuşdur ki, bu da uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair Əsasnamənin 3.1.2-ci bəndinə uyğundur. (davamlı, nəzərəçarpan hərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)) Əsasnamənin birinci dərəcə əlillik təyininə əsas verən xəstəliklərin sadalandığı 2-ci bəndində G81 qeyd olunmamışdır. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçıya əsaslı olaraq 2-ci dərəcə əlillik təyin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilməsi və ona həmin tarixdən 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-19/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-19/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver