Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-190/2024 11.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarı əsasında həyat yoldaşı X3 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq torpaq sahəsinin ona məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu, Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarı ilə mərhum həyat yoldaşı X3 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1813/2023 nömrəli qərardadı ilə Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin hazırlıq icraatı çərçivəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Göyçay rayonu, Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarı əsasında həyat yoldaşı X3 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq torpaq sahəsinin ona məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddia ərizəsinə əsasən, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2005-cı il tarixli 13 saylı qərarı ilə iddiaçının mərhum həyat yoldaşı X4 Göyçay rayonu, Çayarxı kəndi ərazisindən 0,12 ha həyətyanı məqsədi ilə torpaq sahəsi satılmışdır. Abduləli Mikayılov xx.xx.2006-cı il tarixdə ona satılmış 0,12 ha torpaq sahəsinin dəyərini Göyçay rayonu Çayarxı bələdiyyəsinin hesabına ödəmişdir. Həmin qərar əsasında torpaqların alğısatqısına dair akt tərtib edilmiş, Göyçay rayonu Çayarxı bələdiyyəsinin sədri, Abduləli Mikayılov və ləğv edilmiş AR DTXK-nın Göyçay rayon şöbəsinin müdiri tərəfindən imzalanmış və xx.xx.2006-cı il tarixdə 647 nömrə ilə qeydə alınmışdır. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı həyat yoldaşı Abduləli Mikayılovdan miras qalmış əmlakı faktiki qəbul etdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisinin notariusu Abduləli Mikayılovdan miras qalmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını iddiaçıya bildirmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1015/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Göyçay rayonu, Çayarxı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Göyçay rayonu, Çayarxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 saylı qərarı, Göyçay rayonu, Çayarxı bələdiyyəsi və ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 647 nömrəli torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Göyçay rayonu, Çayarxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 saylı qərarının və Göyçay rayonu, Çayarxı bələdiyyəsi və ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 647 nömrəli torpaqların alqı-satqısına dair aktın təsdiq olunmuş surətinin verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən təqdim edilmiş sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırılıraq Göyçay rayon Dövlət Arxivinə sorğu verilmişdir. Göyçay rayon Dövlət Arxivi sorğuya cavab olaraq Göyçay rayonu, Çayarxı bələdiyyəsi sənədlərinin Arxivə təhvil verilmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-4425/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsəsən yoxlanmışdır. Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin örüş olması məlum olmuşdur. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun11.8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi 155 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Çayarxı Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərar ilə X3 0,12 ha torpaq sahəsinin alqı-satqıya dair sənədləri 2010-cu ildə X7 bələdiyyəsinə birləşdirilən zaman Çayarxı Bələdiyyəsinə aid sənədlər Arxiv İdarəsinə və Qarabaqqal bələdiyyəsinə təhvil verilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-1015/2023 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Göyçay rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı iclasın 13 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanda yaşayan X4 bələdiyyənin ehtiyat fondundan alqı-satqı predmeti olan, Çayarxı bələdiyyəsinin ərazisində Çaylaq adlanan hissədən bələdiyyənin 0,12 hektar yararlı torpaq sahəsinin həyətyanı məqsədilə ona satılması qərara alınmışdır.
3. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Çayarxı bələdiyyəsinin qərarı ilə 0,12 ha torpaq sahəsinin X2 qərara alınmış, torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş, akt xx.xx.2006-cı il tarixdə 647-ci nömrə ilə qeydiyyata alınmışdır.
4. Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin iddiaçıya verdiyi 03 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, 2006-cı ildə Bələdiyyə qərarı ilə mərhum əri X4 ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsindən istifadə edir və illik vergilərini ödəyir. Torpaq sahəsi üzərində heç bir mübahisə yoxdur və Qarabaqqal bələdiyyəsi bu torpağın sənədləşdirilməsinə heç bir etiraz etmir.
5. xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X6 tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-198/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 saylı qərarı ilə X4 ayrılmış 0,12 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin uqodiyası, sahəsi, təyinatı, statusu, rejimi, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə (ilkin torpaqayırma sənədi) ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı idarənin mütəxəssislərinə naturada göstərilən, iddaçının faktiki istifadə etdiyini bildirdiyi, üzərində tikili mövcud olan 0,12 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar (həyətyanı torpaq sahələri) uqodiyalı olmaqla, Göyçay rayon Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aiddir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1916/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 saylı qərarı ilə X4 ayrılmış 0,12 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Baxış zamanı idarənin mütəxəssislərinə naturada göstərilən, iddaçının faktiki ıstıradə etdiyini bildirdiyi, üzərində tikili mövcud olan 0,12 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar olunmadı.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2149/2024 nömrəli məktubuna əlavə edilmiş aktda qeyd olunur ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsini göstərdi, koordinatları götürüldü. İddiaçının göstərdiyi torpaq sahəsi ilə bağlı icra nümayəndəsi və bələdiyyənin nümayəndəsi heç bir mübahisə halının olmadığını bildirdilər. Torpaq sahəsinin iddiaçıya ayrılmasına və sənədləşdirilməsinə bələdiyyənin heç bir etirazı yoxdur.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, X4 Göyçay rayonu, Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi onun həyat yoldaşı, hazırkı iş üzrə İddiaçı istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin X2 bələdiyyənin müvafiq qərarı, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. X6 tərəfindən torpaq sahəsinin dəyərinin Çayarxı Bələdiyyəsinə tam ödənildiyi iş üzrə üçüncü şəxs tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi X4 Göyçay rayonu, Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarına əsasən satılmış, həmin torpaq sahəsinin X1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsinin alqı-satqısına dair akt müraciətə əlavə olunmamışdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Göyçay rayonu, Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarı əsasında həyat yoldaşı X3 0,12 ha torpaq sahəsinin iddiaçının mərhum ərinə məxsus olmasına dair arayışın verilməsi öhdəliyi qoyulmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlarla üst-üstə düşmə halı mütəxəssis tərəfindən aşkar olunmadı. Odur ki, həmin torpaq sahəsinə tərtib ediləcək texniki sənəd hazırkı istifadəyə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarı əsasında X4 ayrılmış 0,12 ha torpaq sahəsinin mərhum X4 məxsus olması haqqında elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə