Məhkəmə qərarları › İş №2-1(116)-1900/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1900/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1900/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvanlı sosial yardımın verilməsinə dair müraciətdən imtinanın ləğv olunması, xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərziəsinin əsaslarına görə, iddiaçılar “Ünvanlı Sosial yardım" haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən ünvanlı sosial yardım təyin edilməsi üçün “VEMTAS" sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişlər, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtina əsası olaraq ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması göstərilmişdir. Lakin, onların istifadəsində nəqliyyat vasitəsi yoxdur. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-140482/2023 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı2 ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********58202 nömrəli rəsmi müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması ücün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qavdaları”na uyqun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailənin mülkiyyətində nəqliyyat vasitəsi olması səbəbindən imtina verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş monitorinq zamanı yaşaya evinin qarşısında **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilərək ailənin istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd olunanlar monitorinq zamanı tərtib olunmuş aktda öz əksini tapmışdır və monitorinq zamanı tərtib olunmuş akt təmsilçi tərəfindən tanış olunaraq imzalamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli. 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla sosial yardımın təyin olunmasından imtina edilir. Göründüyü kimi qaydalarda istifadə ümumi olaraq qeyd olunmuşdur. Yəni etibarnamə ilə və ya etibarnaməsiz istifadə etmək imtina səbəbi kimi nəzərdə tutulur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X13 və X19 (VEMTAS) yaradılmışdır, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Sözügedən Qaydaların 3.1-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Sözügedən Qaydaların 3.3-cü maddəsinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Sözügedən Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda İsə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sözügedən Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilmişdir. 5.22-ci maddəyə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1 %)+R+RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat məbləğində təsdiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ-İİ 064161 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X11 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. - Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5- 34-13/2-3-1033/2023 nömrəli arayışından görünür ki, İddiaçı1 Ağsu şəhəri Azərbaycan küçəsi 5 saylı evdə qeydiyyatdadır, hal-hazırda Ağsu şəhəri M.Əliyev küçəsi 1 saylı evdə yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri vardır:

1. İddiaçı2- 1990-cı il;

2. X3- 2010-cu il;

3. X5- 2016-cı il;

4. X6- 2018-ci il;

5. X7- 2022-ci il. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********58202 nömrəli bildirişdən görünür ki, ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: Ünvanda olduq ailə tərkibi tam idi, mənzil ailəyə məxsusdur. Təmsilçinin həyat yoldaşı şərab zavodunda mexanik işlədiyini və aylıq 407 AZN əmək haqqı aldığını bildirdi. Başqa gəlir olmadığı alqı-satqı olunmadığı, istifadə və mülkiyyətdə başqa əmlak olmadığı bildirildi. Həyətyanı sahənin 7 ar olduğu olduğu məlum olundu. Ailənin istifadə və mülkiyyətində nəqliyyat vasitəsi olmadığı bildirildi. Təmsilçinin övladları orta məktəbdə təhsil alır. Mənzilin giriş hissəsində **-BD-*** nömrə nişanlı VAZ-2106 markalı nəqliyyat vasitəsi var idi. Bu hal sonda nəzərə çarpdı. Mənzilə yaxın hissədə başqa mənzil yox idi. İstifadədə nəqliyyat vasitəsinin olması sonda müəyyən olundu. - Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mərkəzi informasiya sistemindən çıxarışdan görünür ki, **-BD-*** nömrə nişanlı VAZ-2106 minik markalı nəqliyyat vasitəsinin sahibi X1r. İddiaçının adına verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar və onların azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsasla imtinanın qanunsuz hesab edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 5 nəfərdən ibarətdir, onlardan üçü yetkinlik yaşına çatmamışdır. Cavabdeh orqan iddiaya qarşı etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli. 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü bəndinə istinad etmiş və bildirmişdir ki, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla sosial yardımın təyin olunmasından imtina edilir. Həmçinin cavabdeh orqanın mövqeyinə görə Qaydalarda istifadə ümumi olaraq qeyd olunmuşdur. Yəni etibarnamə ilə və ya etibarnaməsiz istifadə etmək imtina səbəbi kimi nəzərdə tutulur. Cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydaları qəbul edilmişdir (Əlavə 1). İstinad olunan Qaydaların 1.2-ci bəndində əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir... 2.3. Daşınar əmlak üzərində hüquqların qeydiyyatı həmin əmlakın mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən verilmiş ərizə əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər. Ərizənin forması və ərizəyə əlavə edilməli olan sənədlərin siyahısı bu Qaydalara və digər qanunvericilik aktlarına uyğun olaraq reyestrləri aparan inzibati orqanlar tərəfindən müəyyən olunur. İstinad olunan “Fərman”la Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı (əlavə 2) müəyyən edilmişdir ki, həmin siyahının 2-ci sıra sayında hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində rəsmi reyestrinin aparılması təsbit edilmişdir. Beləliklə, cavabdeh orqanın iddiaçının istifadəsində olduğunu bildirdiyi nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak olduğundan həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının mövcud olub-olmaması yalnız rəsmi reyestr məlumatlarına istinad edilməklə müəyyən edilə bilər. Başqa sözlə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquqmüəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur. İş materiallarından görünür ki, sözügedən nəqliyyat vasitəsi əvvələr müvafiq etibarnamə ilə İddiaçı1 istifadəsinə verilsə də, sonradan, yəni ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı müraciət edilənədək artıq həmin etibarnamə ləvğ edilmiş və İddiaçı1 nəqliyyat vasitəsi üzərində əşya hüququna xitam verilmişdir. Odur ki, hazırda sözügedən nəqliyyat vasitəsi İddiaçı1 və ya hər hansı digər subyektin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət və digər əşya hüquqları İddiaçı1 məxsus deyildir. Buna görə də o, ailənin istifadəsində olan əmlak kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. Buna görə də iddia təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçıların xx.xx.2023-cü il tarixli, **********58202 nömrəli müraciətə uyğun olaraq xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə xx.xx.2023-cü il tarixli, **********58202 nömrəli müraciətə uyğun olaraq xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar