Məhkəmə qərarları › İş №2-1(116)-1902/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1902/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1902/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin №59 saylı 26 aprel 1994-cü il tarixli qərarı ilə ayrılan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin №59 saylı 26 aprel 1994-cü il tarixli qərarı ilə ayrılan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı 26 aprel 1994-cü il tarixli qərarı ilə Dövlətgeolokomda Baş Qafqaz geologi ekspertizaının balansında olan 4 ədəd 2 mərtəbəli 12 mənzili daş binaların orda yaşayan sakinlərinin şəxsi mülkiyyətinə əvəzsiz verilməsinə baxılması və həll edilməsi üçün komissiya yaradılmışdır. Həmin mənzildə yaşayan şəxslərdən biri də iddiaçının mərhum atası olmuş və hal hazırdada həmin mənzil istifadələrindədir. Balakən Rayon Mahamalar kəndində mərhum X2 torpaq sahəsi va həmin binadan yaşayış evi ayrılmışdır. Həmin torpaq sahəsi mərhum X1 adınadır. İddiaçı Bakı şəhər 44 saylı Notariat Ofisinin məktubundan göründüyü kimi vərəsə kimi tanınmış və mərhumdan qalan miras əmlakın sənələşdirilməsi üçün istifadəsinə olan torpaq sahəsi və ayrılan mənzillə bağlı sənədləşmənin aparılması üçün həmin ərazinin mərhum X1 istifadəsində olmasına dair arayış verməsini cavabdehdən xahiş etmiş və cavab tərəfindən imtina məktubu almışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı qeyd etdiyi torpaq sahəsi və mənzil üzərindəki hüquqların dövlət qeydiyyatına alınması üçün qanunda əsas hesab edilən hüquqmüəyyənedici sənədlər, müvafiq torpaq sahələrinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən kadastr planı və ya torpaq sahəsinin planı-ölçüsü, texniki pasportu, plan-cizgi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə etməmişdir. Onun tərəfindən ərizəsinə əlavə olunmuş sənədlər qanunvericilikdə daşınmaz əmlak, o cümlədən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmur. Buna görə də onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və ona 01,03.2024-cü il tarixli, 3-21-3-47/2-0-0001-8/2024(**********65) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahatında iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi bildirərək,məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Az-İİ 055170 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X3 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.

3. Bakı şəhər 44 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 56 nömrəli məktubundan görünür ki, X1 vərəsəsi İddiaçıdur.

4. Azərbaycan Respublikası Ekologiya X5 Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli 18/469 nömrəli məktubu və xx.xx.2022-ci il tarixli 18/470 nömrəli arayışının surəti.

5. Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin 59 saylı 26 aprel 1994-cü il tarixli qərarının surəti.

6. Azərbaycan Respublikası Ekologiya X5 Nazirliyi Dövlət Geoloji İnformasiya fondunun xx.xx.2024-cü il tarixli 3-14-23/2-080/2024 nömrəli məktubundan görünür ki, mərhum X2 torpaq sahəsi və mənzil ayrılıb- ayrılmaması, o cümlədən, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsininin fərdi yaşayış evi və ya mənzil tikilməsinə dair sənədlər Fondda mövcud deyildir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbi təmin edilməmişdir. İddia ərizəsindən və iş materiallarından görünür ki,iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin №59 saylı 26 aprel 1994-cü il tarixli qərarı ilə ayrılan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasndan ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsassızdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan əsasların hər hansı birinə daxil olan hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir.Məhkəmə araşdırması zamanı da belə sənəd aşkar edilməmişdir.Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Geodeziya və Mineral Ehtiyatlar Komitəsinin №59 saylı 26 aprel 1994-cü il tarixli qərarı ilə ayrılan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar