Məhkəmə qərarları › İş №2-1(116)-1906/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1906/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1906/2025 12.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Ağdaş rayonu, Şəmsabad kəndi) cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Xətai rayonu, F.Əliyev küçəsi 5) qarşı «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının məhdudluğunun 35 – 60 faiz pozulmasına dair əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1994-cü il təvəllüdlüdür, 2012-ci ilin yanvar ayında Ağdaş Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və həmin ərəfədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. N-cı ilin aprel ayında məlum döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası onun barəsində ayrı-ayrı xəsarətlər üzrə şəhadətləndirilmədə aşağıdakı nəticələrə gəlmişdir: - Partlayış travması (xx.xx.N) nəticəsində keçirilmiş qapalı kəllə beyin travmasının dağınıq üzvi nişanələri, soltərəfli piramid çatışmazlıq, davamlı asteno-nevrotik əlamətlər və vegetativ-damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi; Səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; - Sidik daşı xəstəliyi, sağ böyrəyin aşağı kasacığının kiçik ölçülü (5 mm) daşı; Səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İddiaçıya 23 may 2017-ci il tarixdə ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.9-cu yarımbəndi üzrə 5 il müddətinə, səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla 2-ci dərəcəli əlillik təyin edilmişdir (S.06.2 kodu ilə). İddiaçı sonradan 4 iyul 2017-ci il tarixdə müayinə olunmaqla «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.9cu yarımbəndi üzrə 5 il müddətinə, səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla 2-ci dərəcəli əlillik təyin edilmişdir (S.06.8 kodu ilə). İddiaçıya 5 iyul 2022-ci il tarixdə hazırkı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nın 7.6.2.1-ci yarımbəndi üzrə 2 il müddətinə, səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi” olmaqla orqanizmin funksiyalarının 35 – 60% pozulması ilə əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı Mingəçevir Psixo-Nevroloji Dispanserdə 20 sentyabr 2024-cü il tarixdə müayinə olunmuş və onun sağlamlıq vəziyyəti barədə həmin tarixli tibbi göndəriş əlilliyin qiymətləndirilməsi məqsədilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Cavabdeh 30 sentyabr 2024-cü il tarixdə iddiaçıya əlillik dərəcəsi təyin etməkdən imtina etmiş və imtinanın səbəbini diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «qərarın ləğv edilməsi və təkrar müayinənin keçirilməsi» tələbini irəli sürməklə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə icraatının gedişində iddiaçının müraciəti əsasında məhkəmənin qərardadı ilə iddia dəyişdirilərək «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının məhdudluğunun 35-60 faiz pozulmasına dair əlilliyin müəyyən edilməsi» kimi qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, N-cı ilin aprel ayında döyüşlərdə iştirak etmiş və döyüş zamanı baş vermiş partlayış nəticəsində yaralanmışdır. Müvafiq hospitallarda üzun müddətli müalicələrdən sonra Müdafiə Nazirliyinin MHHK tərəfindən onun hərbi xidmətə yararsızlığı barədə qərar qəbul edilmiş və o, ordu sıralarından tərxis olunmuşdur. Bundan sonra ona həmin qərar əsasında 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. 2022-ci ildə o, yenidən komissiyaya dəvət olunmuş və ona həmin əlillik yenə də təyin edilmişdir, lakin 2 il müddətinə. 2024-cü ildə müvafiq göndəriş üzrə cavabdeh ona əlillik təyinatından imtina etmişdir. İmtina əsassızdır. O, 2024-cü ilədək mütəmadi müalicə almışdır. Müvafiq tibb müəssisəsində müayinə zamanı ona F07.0 – üzvi şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. İddaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya etiraz edir və bildirir ki, İddiaçı əlillik vəziyyətinə Mingəçevir PND-nin 20 sentyabr 2024-cü il tarixli göndərişi əsasında baxılmışdır. Diaqnozun mətni: Üzvi (N-cı il aprel döyüşləri zamanı) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla. İmtina etmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir. Ağdaş rayon sakini xx xxxxxx 1994-cü il tarixdə doğulmuş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, ona Müdafiə Nazirliyinin MHHK tərəfindən 13 dekabr N-cı il tarixli 305 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.N) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travmasının dağınıq üzvi nişanələri, soltərəfli piramid çatışmazlıq, davamlı asteno-nevrotik əlamətlər və vegetativ-damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sidik daşı xəstəliyi, sağ böyrəyin aşağı kasacığının kiçik ölçülü (5 mm) daşı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin indiki obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, qarabasmalar, gün işığı və isti havada özünü narahat hiss etməsindən şikayətlənmişdir. Vətəndaş hal-hazırda medikamentoz preparatlardan yuxu üçün axşamlar eyni anda “Cyclodole”, “Phenozepan” qəbul etdiyini bildirmişdir, bu formada dərman qəbulu yanlış olmuş, sənədlərdə fərqli dərmanlar təyin edildiyi haqda məlumat qeyd olunmuş, bu da uyğunsuzluq təşkil etmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış, patoloji reflekslərdən “Marinesko-Radoviç” solda cüzi nisbət olmuş, “Hoffman Babinski” alınmamış, burun-barmaq sınağını düzgün icra etmiş, Romberq vəziyyətində dayanıqlı olmuşdur. Psixi pozuntusunda otağa daxil olduğu andan əsəbi, üzündə ağrı hissi effekti verən mimika nümayiş etdirmişdir. Ünsiyyətə əsəbi qoşulmuş, lakin tam anlaqlı zahirən baxımlı, dəbli, səliqəli izlənilmişdir. 2022-ci ildə iki fərqli diaqnoz qoyulmuş, daha sonra stasionar müalicəsi olmamışdır. 2024-cü ildə “Üzvi KBT-nin nəticəsində yaranan şəxsiyyət pozuntusu” diaqnozu təsdiqlənmiş, üzvi əsası təşkil edən baş beyin instrumental müayinə (MRT və ya KT) nəticələrini təqdim etməmişdir. Vətəndaş medikamentoz preparatlardan “Cyclodole”, “Phenozepan” qəbul etdiyini bildirmiş, həmin dərmanlar ilə epiqrizdə qeyd olunan dərmanlar, həmçinin təsdiqlənən diaqnoz arasında uyğunsuqluq aşkarlanmışdır. Psixi Sağlamlıq Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 11034 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (N-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində yaranmış şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının 5 aprel 2024 – 26 aprel 2024-cü il tarixli 5374/2024 nömrəli çıxarışında diaqnoz “Üzvi (N-cı il aprel döyüşləri zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göstərilənlərə və Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 və 12 nömrəli qərarlarına əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. . Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəalarına görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1), Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir (1.2). Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyinin təyin olunması ilə bağlı müvafiq tibb müəssisəsi vasitəsilə daxil olmuş müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Ağdaş rayonunun Şəmsabad kəndidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik təyinatından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; - (7.6.2.2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – orqanizmin funksiyalarının 65 – 80 % pozulması. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşdə olan Mingəçevir PND-nin 20 sentyabr 2024-cü il tarixli U00221863ZKS nömrəli göndərişinin surətindən görünür ki, hazırkı İddiaçı həmin tarixdə müayinəsi zamanı onda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: - Əsas diaqnoz – XBT kodu F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (N-cı il aprel döyüşləri zamanı) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalarla. Səbəbli əlaqəsi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi. Göndərişdə həmçinin köməkçi diaqnostik müayinələrin (beyin MRT) nəticəsi kimi İddiaçı mülayim beyin atrofiyası, sağ alın payı, ön buynuz qonşuluğunda iyvari 5 mm ölçülü ocağın aşkar olunduğu da göstərilmişdir. Bundan başqa, göndərişin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasında İddiaçı barəsində aşağıdakılar qeyd olunmuşdur: - Zahirən səliqəlidir, narahatdır, maraq dairəsi məhduddur, yuxusu pozulub, davranışı qeyri-adekvatdır, münaqişəyə meyllidir, bir yerdə qərar tutmur, diqqəti dağınıqdır, əhval-ruhiyyəsi dəyişkəndir, emosional labildir, ünsiyyətə həvəssiz qoşulur, suallara gecikmiş cavab verir, əsəbi və gərgin görünür, bir az da düşkündür, əsəbilik, baş gicəllənməsi, baş ağrıları, yuxu pozğunluğunun olduğunu bildirir, təfəkkür bir qədər rigiddir, müfəssəldir, intellekt saxlanıb, emosional labildir, tənqid formal saxlanıb, İQ 78%. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Belə ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçını əyani müayinəyə cəlb etmədən (buna zərurət olarsa), formal araşdırma apararaq, sadəcə “diaqnoz əlillik təyin etmir” səbəbi göstərməklə kifayətlənmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində Mingəçevir PND-nin tibbi göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında İddiaçı əlillik vəziyyətinin Mingəçevir PND-nin 20 sentyabr 2024-cü il tarixli göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnoz əlilik təyin etmir) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında nəzərdə tutulur. Halbuki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 PND-nin 20 sentyabr 2024cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətini qiymətləndirərkən, göndərişdə iddiaçıda F07.0 XBT kodu ilə xəstəliyinin mövcudluğu göstərildiyi halda, buna səthi yanaşmış və doğru nəticəyə gəlməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaya qarşı yazılı etirazında tibb müəssisəsinin yeni göndərişinin rəsmiləşdirildiyi və onun əsasında iddiaçının əlavə əyani müayinəsinin araşdırılmasının aparıldığı qeyd edilsə də, buna dair təsdiqedici sənədlər, habelə bunun nəticəsi barədə hər hansı hal, xüsusat məhkəmə icraatına təqdim olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 52, 68-ci maddələrinin də tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 20 sentyabr 2024-cü il tarixdən 2 il müddətinə orqanizmin funksiyalarının 35 – 60 faiz (üçüncü dərəcə məhdudlaşma) pozulması halının müəyyən olunması öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 20 sentyabr 2024-cü il tarixdən 2 il müddətinə orqanizmin funksiyalarının 35 – 60 faiz (üçüncü dərəcə məhdudlaşma) pozulması halının müəyyən olunması öhdəliyi qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar