Məhkəmə qərarları › İş №2-1(116)-191/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-191/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-191/2021 26.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuşdur. İddiaçı əmək fəaliyyətinə 1979-1980-cı illərdə “N.Nərimanov” adına kolxozda kolxozçu vəzifəsində başlamışdır. O, 1980-1985-ci illərdə “Çingiz İldırım” adına Politexnik İnstitutunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra xx xxxxxx 1986-cı il tarixdən БПО “Радиостроения”da gənc mütəxəssis kimi işə başlamışdır. Öz ərizəsi ilə xx xxxxxxx 1987-ci il tarixdən işdən azad edildikdən sonra xx xxxxxxx 1987-ci il tarixdə “Azərheyvandarlıq texniki xidmət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx xxxxxxxx 1997-ci il tarixdən Şəki şəhər X1 dərnək rəhbəri vəzifəsində işləmişdir. Bundan sonra xx xxxxxxxx 2002-ci il tarixdən Oxud kənd orta məktəbində laborant işləmiş, bir müddət sonra həmin məktəbdə dərs tədris etməyə başlamış və hal-hazırda yenidən laborant vəzifəsində işləyir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. O, cavabdeh orqana ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubunda iddiaçının əlilliyə görə əmək pensiyası alması üçün tələb olunan 14 il 4 ay sosial sığorta stajı və 25800 manat pensiya kapitalının olmamasını əsas gətirərək pensiya təyin etmədiyini bildirmişdir. İddiaçı ümumi əmək stajının 24 il 8 ay olduğunu bildirsə də cavabdeh orqan onun əmək kitabçasında qaralama və düzəlişlərin olduğunu qeyd etmişdir. Qeyd olunan nöqsanlara görə iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının hesablanması mümkün olmamışdır. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (xx.xx.2025-cü il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra vətəndaşa “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyə görə müavinət təyin olunmuşdur. İddiaçıya əlillik xx.xx.2020-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları xx.xx.2020-cı il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıbyaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçinin İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.3-cü bəndinə əsasən: 58 il (yaş)-15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü) 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay 172 ay : 12 ay = 14 il 4 aydır. Belə ki, iddiaçıya əlillik təyin olunarkən 58 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 14 il 4 ay sosial sığorta stajı və 25800 manat (58 yaş -15 = 43 x 4 = 172 /192 x 144 = 129 x 200 = 25800 manat) pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçası (xx.xx.1992-ci - xx.xx.2002-ci il tarixədək olan müddət nəzərə alınmadan) və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək cəmi 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı fərdi hesabında isə 6905.85 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. Həmçinin arxiv arayışına əsasən 1979-1980-ci illərdə Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi 1 il 1 ay müddət əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil etmək mümkün deyildir. Həmin dövrlər daxil edilsə belə indeksləşdirmə əsasında həmin dövr üçün əlavə olunacaq kapital 930.91 manat təşkil edəcəkdir və həmin məbləğ pensiya kapitalına əlavə edildiyi halda belə tələb olunan pensiya kapitalı ödənilməyəcəkdir. Yuxarıdakılara əsasən, ümumilikdə şəxsin 28 il 1 ay sığorta stajı və 17407.71 manat pensiya kapitalı vardır. İddiaçının təqdim etdiyi İT-№1411450 əmək kitabçasının surətində 11-ci və 12-ci qeydlərdə işdən çıxma, işə daxil olma tarixləri və əmrlərinin ilində qaralama-düzəliş olmuşdur. Buna görə də xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək olan müddət iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmin əmək kitabçasının 10-cu və 11-ci qeydlərini təsdiq edən möhür Azərbaycan Kənd təsərrüfatı və Ərzaq Nazirliyinin rəsmi möhürüdür. Bilindiyi kimi, 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini indiki dövrə qədər davam etdirir. X2 və Ərzaq Nazirliyinin fəaliyyət dövrü 1992-1993-cü illər olduğu halda, iddiaçının əmək kitabçasında xx.xx.1996-cı il tarixli fəaliyyəti həmin Nazirliyinin möhürü ilə təsdiq olunmuşdur. Buradan aydın olur ki, əmək kitabçasında düzəlişlər edilmiş və gerçəyi əks etdirməyən, əmək stajının müddətinin və pensiya kapitalının məbləğinin artırılması üçün yalan məlumatlar daxil edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonu Oxud kəndində doğulmuşdur. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1986-1992, 1996, 2002-2017-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 210 nömrəli məktubundan müəyyən edilir ki, Şəki Maddi texniki təchizat və mexanikləşdirilmiş istehsalat birliyinin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Həmçinin həmin tarixli və həmin nömrəli digər məktuba əsasən müəyyən edilir ki, iddiaçı Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işləmişdir. İş materiallarında olan HB seriyalı 959069 nömrəli diplomun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1980-1985-ci illərdə “Ç.İldırım” adına Politexnik İnstitutunda təhsil almışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia, həmçinin əsaslıdır. Cavabdeh tərəfindən iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə işləməsi əmək kitabçasında qeyd olunmadığına, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilə qədər olan müddət isə əmək kitabçasında 11 və 12-ci qeydlərində işdən çıxma-işə daxil olma tarixləri və əmrlərin ilində qaralama-düzəliş olduğuna görə qəbul edilməmişdir. İlk növbədə iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə işləməsinə dair məhkəmə qeyd edir ki, iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə işləməsi olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 210 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Mübahisələndirilən digər müddətlə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavabdeh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kiabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdin edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Həmin tədbirlərə arxivdə saxlanan məlumatların alınması üçün sorğular aid edilə bilər. Sorğuya cavabda iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin fəaliyyət göstərmədiyi və ya mövcud olmadığı müəyyən edildiyi halda, cavabdeh iddiaçının sözügedən müəssisədə işləməsi haqqında əmək kitabçasında əksini tapmış məlumatları mübahisələndirə bilərdi. Lakin baxılan işdən cavabdehin bu cür araşdırma aparması müəyyən olunmur. Əksinə iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi əmrlərin surətindən müəyyən olunur ki, “Azərheyvandarlıq texniki xidmət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsinin 1994-cü il tarixli 21 nömrəli əmri ilə körpə uşağı olduğu üçün öz hesabına məzuniyyət buraxılmış, xx.xx.1995-ci il tarixli 59 nömrəli əmrlə 3 ay müddətinə öz hesabına məzuniyyət buraxılmışdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Cavabdeh orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı fərdi hesabında isə 6905.85 manat pensiya kapitalını mübahisələndirmir. Mübahisələndirilən müddət Oxud kənd “Nərimanov” adına kolxozda 1 il 1 ay staj, 930.91 manat və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilə qədər olan müddət, 10 il 05 ay 01 gün staj, 8951.25 manat pensiya kapitalıdır. (həmin müddətin nə qədər kapitala bərabər olmasını müəyyənləşdirmək üçün 14 il 2 ay sosial sığorta stajının 10501.86 manat pensiya kapitalına bərabər olduğunu nəzərə alıb, həmin müddət əsasında bir ayın 62.51 manata bərabər olduğu və 10 il 05 ayın 125 ay olduğuna görə 125*62.51=7813 manat olması hesablanmışdır.) İddiaçının mübahisələndirilməyən 17407.71 manat pensiya kapitalının üzərinə mübahisələndirilən 930.91 manat və 7813 manatı gəldikdə tələb olunan 25800 manat kapital tamamlanır. (17407.71+930.91+7813=26151.62) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ona əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan 14 il 04 aydan artıq stajı və 26151.62 manat pensiya kapitalı olduğundan, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar