Məhkəmə qərarları › İş №2-1(116)-191/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-191/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-191/2022 21.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçılar X5, İddiaçı, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X3 iştirakı ilə iddiaçılar X5 və İddiaçı cavabdeh Qax şəhər bələdiyyəsinə qarşı “Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 0,0615 ha torpaq sahəsinin X1 haqqında olan 02 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehlər Qax şəhər bələdiyyəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 0,0615 ha torpaq sahəsinin X1 haqqında olan 02 nömrəli qərarı və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Rizvan Hacıyev 2013-cü ildə Qaxingiloy bələdiyyəsnə müraciət edərək, qardaşı Sənan Hacıyevə məxsus olan 0,12 ha torpaq sahəsinin yanında yerləşən 0,0615 ha həyətyanı torpaq sahəsinin qardaşının adına satılmasını xahiş etmişdir. Belə ki, iddiaçı X12 Federasiyasının vətəndaşı olduğu üçün bələdiyyənin onun adına torpaq sahəsini satması mümkün olmamışdır. Bundan sonra iddiaçı torpaq sahəsinin dəyərini qardaşına verməklə Sənan Hacıyev tərəfindən ödənişin icra edilməsini təmin etmişdir. Həmin vaxt sözügedən torpaq sahəsində iddiaçı və onun arvadı İddiaçı fərdi yaşayış evi tikdirmiş və üstünü örtmüş, lakin evi yaşayışa tam yararlı hala sala bilməmişlər. İddiaçı Rizvan Hacıyevin qardaşı Sənan Hacıyev 2018-ci ildə vəfat etmişdir. İddiaçılar torpaq sahəsinə dair sənədləşməni tamamlamaq üçün Qaxingiloy bələdiyyəsinə müraciət etmişlər. Bundan xəbər tutan iddiaçı Rizvan Hacıyevin qardaşının arvadı X7 2018-ci ildə Sənan Hacıyevin adına saxta sənədlər düzəldərək sözügedən torpaq sahəsinin Sənan Hacıyevin adına sənədləşdirərək çıxarışın verilməsinə nail olmuşdur. İddiaçı 12 saylı ərazi idarəsinə bələdiyyə qərarı əsasında verilmiş çıxarışın ləğv edilməsi üçün müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçılara və onların nümayəndəsi və vəkilinə xx.xx.2021-ci ildə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırıılmışdır ki, iddia ərizəsində üç fərqli inzibati orqan - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 12 saylı Şəki ərazi idarəsi, Qax şəhər bələdiyyəsi və Qax İngiloy bələdiyyəsi cavabdeh qismində göstərilmiş və iki fərqli iddia tələbi bir iddiada birləşdirilmişdir. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsində tələb edilən Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 0,0615 ha torpaq sahəsinin X1 haqqında 02 nömrəli qərarının ləğvi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi fərqli tələblər olmaqla ayrı-ayrılıqda müxtəlif cavabdehlərə qarşı yönəldilməlidir. Odur ki, Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 0,0615 ha torpaq sahəsinin S.Hacıyevə satılması haqqında 02 nömrəli qərarının ləğv edilməsi tələbi ilə Qax İngiloy bələdiyyəsinə, hazırda fəaliyyət göstərmədiyi təqdirdə onun hüquqi varisinə qarşı, həmin qərar əsasında verilmiş çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı hansı çıxarışların (qeydiyyat tarixi və nömrəsi, kimin adına verildiyi göstərilməklə) ləğvini tələb etdiyini dəqiq göstərməklə məhkəmədə iddia qaldırıla bilərlər. Yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeynə münasibət bildirilməsi üçün iddiaçılara vaxt verilmişdir. İddiaçıların nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə ünvanlayaraq cavabdeh qismində Qax şəhər bələdiyyəsini qeyd etmiş və “Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 0,0615 ha torpaq sahəsinin X1 haqqında olan 02 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1238/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh Qax şəhər bələdiyyəsi tərəfindən iddia tələbinə dair rəsmin münasibət (etiraz) bildirilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1238/2021 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1238/2021 nömrəli qərardadı ilə Aqil Sənan oğlu və X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Qax şəhər bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxslər Aqil Sənan oğlu və X6 məhkəmə iclasında iştirak etməmiş və üçüncü şəxslər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materiallarında olan Qax rayonu Qaxbaş bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 2/111 nömrəli məktubunda qeyd olunur ki, iddiaçılar İddiaçı və X2 işi ilə əlaqədar sözügedən Qaxingiloy bələdiyyəsi 2015-ci yanvar ayından ləğv olunmuşdur. Ləğv olunmuş Qaxingiloy bələdiyyəsinin müəyyən hissəsi Qax bələdiyyəsinə, müəyyən hissəsi isə Qaxbaş bələdiyyəsinə birləşdirilərək yeni Qaxbaş bələdiyyəsi yaradılmışdır. Yeni yaradılmış Qaxbaş bələdiyyəsində həmin vətəndaşlarla əlaqədar heç bir sənəd mövcud deyil. Sözügedən ərazi hal-hazırda Qax şəhər bələdiyyəsinə aiddir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan, həmçinin Qax Rayon Prokurorluğundan sorğu edilərək əldə olunmuş sənədlərdən məlum olur ki, iddiaçılar cavabdehin mübahisəli xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarından ən azı 2020-ci ildə məlumatlı olmuşlar, lakin üzərindən bir ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə mübahisələndirmişlər. Belə ki, iş materiallarına sorğu edilməklə əlavə olunmuş Qax rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli 136-22 nömrəli məktubuna əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, iddiaçılar xx.xx.2020-ci il tarixdə Qax rayon Qaxingiloy bələdiyyəsinin sabiq sədri Xalid Nəzirovun onlara məxsus olan torpaq sahəsinin Sənan Hacıyevə məxsus olmasına dair saxta sənəd verməsi barədə rayon prokurorluğuna ərizə ilə müraciət etmişlər. Toplanmış materiallarla müəyyən olunmuşdur ki, Xalid Nəzirov 2013-cü ildə edilmiş ödəniş əsasında 2007-ci ilə dair torpağın alqı-satqısına dair qərar tərtib etmiş, həmin qərar rəsmi sənəd olduğundan sənədə bilə-bilə yalan məlumatlar daxil etdiyi üçün onun əməlində Azərbaycan Respublikası CM-in 313-cü maddəsinin tərkib əlaməti yaranmışdır. Maddədə nəzərdə tutulan vəzifə saxtakarlığı cinayəti böyük ictimai təhlükə törətməyən cinayət olduğundan və Xalid Nəzirovun həmin əməli 2013-cü ildə törətdiyi müəyyən edildiyindən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. X5 və İddiaçı Qax rayon Prokurorluğuna ünvanlanmış şikayət ərizələrində xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt” barədə məlumatlar xüsusilə qeyd edilmiş, alqı-satqı aktının surəti və Qax rayonu Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokolundan çıxarış həm prokurorluğa ünvanlanmış şikayət ərizəsinə, həm də hazırkı iddia ərizəsinə əlavə edilmişdir. xx.xx.2007-ci il tarixli “Torpaqların alqısatqısına dair akt”da birbaşa olaraq Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına istinad edilmişdir. Göründüyü kimi, iddiaçılar cavabdehin mübahisəli qərarından daha əvvəl məlumatlı olsalar da, onu İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, həmin qərarın qəbul olunmasından 10 aya yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Bu barədə qanunvericiliyin tələbləri iddiaçılara və onların vəkilinə izah edilmiş və münasibət bildirmələri təklif edilmişdir. İddiaçılar və vəkil mübahisələndirilən qərardan məlumatsız olduqlarını, iddia ilə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti buraxmadıqlarını bildirmişlər. İddiaçıların vəkili Qax Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli 55Ş-1-21 nömrəli məktubunu təqdim edərək, cinayət işinin rədd edilməsindən yalnız bu məktubu aldıqdan sonra xəbərdar olduqlarını demiş və iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, iddiaçılar artıq xx.xx.2007ci il tarixli “Torpaqların alqı-satqısına dair” akta əsaslanaraq Qax Rayon Prokurorluğuna şikayət etdikləri zaman, məhz həmin aktda mübahisəli qərara istinad edildiyindən belə bir qərarın mövcudluğundan xəbərdar olmuşlar. İddiaçılar tərəfindən mübahisəli qərardan ilkin olaraq Qax Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli 55Ş-1-21 nömrəli məktubu təqdim edilərkən məlumat alındığı nəzərə alınsa belə, xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddiaya münasibətdə müddət buraxılmış hesab edilməlidir. İddiaçının qeyd olunan 1 illik müddəti ötürmədiyi fərz olunan halda o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti də ötürmüşdür. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində bildirmişdir ki, 2019-cu ilin iyul ayında artıq mübahisəli qərardan məlumatlı olmuş və qərarı cavabdehdən almışdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar X5 və İddiaçı cavabdeh Qax şəhər bələdiyyəsinə qarşı “Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 0,0615 ha torpaq sahəsinin X1 haqqında olan 02 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar