Məhkəmə qərarları › İş №2-1(116)-1910/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1910/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1910/2022 29.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "55 yaşına çatdığına görə ona 2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci ildə Goranboy rayonu Qaramusalı kəndində anadan olmuş, hazırda Mingəçevir şəhərində yaşayır. Onun əvvəlki soyadı Həsənova olmuş, xx.xx.1984-cü ildə X2 ilə nikaha daxil olduqdan sonra Abdullayeva soyadını götürmüşdür. O, 1978-ci ildən 1981-ci ilədək Goranboy rayonu Nəsimi adına kolxozda (keçmiş Qasım İsmayılov rayonu M.F.Axundov adına kolxoz) işləmişdir. İddiaçının adına olan əmək kitabçasında olan qeydlərə əsasən, iddiaçı xx.xx.1981-ci ildə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında kimya sexində aparatçı şagirdi işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə eyni sexdə növbətçi aparatçı işinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2022-ci il tarixli **********8 nömrəli cavab məktubunda bundan imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında və "xxxx" ASC-nin "xxxx" MMC-nin arayışında qeyd olunan xx.xx.1981 - xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının "xxxx" MMC-nin kimya sexində işlədiyi sutəmizləyici qurğuda kimyəvi sutəmizləmə üzrə aparatçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bundan başqa, onun ümumi iş stajı 20 ildən az (17 il 3 ay 9 gün) təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "1978-ci ilin iyun ayından 1981-ci ilədək Goranboy rayonu Nəsimi adına kolxozda (keçmiş Qasım İsmayılov rayonu M.F.Axundov adına kolxoz) işlədiyi illərin sosial sığorta stajına hesablanması və əmək şəraiti xüsusilə zərərli işlərdə işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun 1978-ci ilin iyul ayından 1981-ci ilə kimi Goranboy rayonu Nəsimi adına kolxozda işlədiyi illər ümumi iş stajı kimi hesablanmamışdır. Halbuki, Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında onun 1978-ci ilin iyul ayından 1981-ci ilə kimi həmin kolxozda işlədiyi qeyd olunmuşdur. Ona görə də həmin illər ümumi iş stajına əlavə olunmalıdır. Cavabdehin nümayəndəsi iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********4 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şifahi məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 55 yaşına çatdığına görə ona 2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.1984-ci il tarixli İİİ-ЖГ seriyalı 403199 nömrəli "Nikah haqqında şəhadətnamə"dən görünür ki, X2 xx.xx.1984-cü ildə X5 ilə nikaha daxil olmuş, həmin vaxt sonuncuya Abdullayeva soyadı verilmişdir. - İşdə olan, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Abdullayeva (Həsənova) Şəfayət Əlirza qızı xx.xx.1981-ci ildə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında kimya sexində aparatçı şagirdi işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə eyni sexdə növbətçi aparatçı işinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. - İşdə olan, "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 05-14 nömrəli arayışından görünür ki, iddiaçı Abdullayeva (Həsənova) Şəfayət Əlirza qızı xx.xx.1981ci ildə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında kimya sexində sutəmizləyici üzrə aparatçı vəzifəsinə işə qəbul edilmişdir. Həmin sexdə işlədiyi müddətdə xx.xx.1981-ci ildə İİİ qrup növbətçi aparatçı vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə isə tutduğu vəzifə üzrə ona 4-cü dərəcə verilmişdir. İddiaçı xx.xx.1998-ci ildə öz xahiş ilə işdən azad edilmişdir. Zərərli iş şəraitində işlədiyi üçün 1989-1998-ci illərdə ona 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında və "xxxx" ASC-nin "xxxx" MMC-nin arayışında qeyd olunan xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının "xxxx" MMC-nin kimya sexində işlədiyi sutəmizləyici qurğuda kimyəvi sutəmizləmə üzrə aparatçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bundan başqa, onun ümumi iş stajı 20 ildən az (17 il 3 ay 9 gün) təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. - İşdə olan, Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 46 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Goranboy rayonu Nəsimi adına kolxozunda (keçmiş Qasım İsmayılov rayonu M.F.Axundov adına kolxoz) 1978-ci ildə 57 adam/gün, 1979-cu ildə 162 adam/gün, 1980-cı ildə 161 adam/gün, 1981-ci ildə 115 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1978-1979-cu illərdə 180 adam/gün, 1980-1981-ci illərdə isə 160 adam/gün müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin iddiaçı tərəfindən cavabdehə müraciət olunduğu zaman qüvvədə olmuş redaksiyasında deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinin eyni vaxtda qüvvədə olmuş redaksiyasına görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b" bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx.xx.1997-ci ildə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, xx.xx.2013-cü ildə 52 yaşına çatmışdır. Ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 20 il ümumi iş stajının və 10 il güzəştli iş stajının olması tələb olunur. İşdən görünür ki, İddiaçı 1978-ci ildən 1981-ci ilədək Goranboy rayonu Nəsimi adına kolxozda (keçmiş Qasım İsmayılov rayonu M.F.Axundov adına kolxoz) işləmişdir. Həmin müddət onun əmək kitabçasında yazılmasa da, Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 101 nömrəli və xx.xx.2022-ci il tarixli 46 nömrəli arxiv arayışları ilə təsdiq edilir. Cavabdeh iddiaçının kolxozda işlədiyi müddətin onun sığorta stajına daxil edilməsindən imtina edir və bunu belə əsaslandırır ki, həmin müddət iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçası hesab edilsə də, əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. "SSRİ vətəndaşlarının pensiya təminatı haqqında" xx.xx.1990-cı il tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Həmin maddədə deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edildi ki, Goranboy rayonu Nəsimi adına kolxozda (keçmiş Qasım İsmayılov rayonu M.F.Axundov adına kolxoz) müəyyən olunmuş minimum əmək iştirakı norması 1978-ci və 1979-cu illərdə 180 adam/gün, 1980-ci və 1981-ci illərdə 160 adam/gün olmuşdur. İddiaçı 1978-ci ildə 57 adam/gün, 1979-cu ildə 162 adam/gün, 1980-ci ildə 161 adam/gün, 1981-ci ildə isə 115 adam/gün işləmişdir. Beləliklə, o, 1980ci ildə əmək iştirakı minimumunu yerinə yetirmiş, qalan illərdə isə yerinə yetirməmişdir. Ona görə də iddiaçının stajı 1980-ci il üzrə 1 il, qalan illər üzrə isə minimum əmək iştirakı normasına görə faktik müddət üzrə hesablanmalıdır. İddiaçının minimum əmək iştirakı normasına görə faktik müddət üzrə hesablanan stajı 1 il 10 ay 10 gün ((57 + 162 = 219 adam/gün : 180 adam/gün x 12 ay = 14,6 ay) + (115 adam/gün : 160 adam/gün x 12 ay = 8,6 ay) = 23,2 ay) olmaqla, kolxozda işlədiyi müddətin cəmi 2 il 10 ay 10 gün təşkil edir. İddiaçının əmək kitabçasında olan qeydlərdən isə görünür ki, o, xx.xx.1981-ci ildə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında kimya sexində aparatçı şagirdi işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə eyni sexdə növbətçi aparatçı işinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Həmin müddətin cəmi 17 il 3 ay 9 gün təşkil edir. Göstərilən müddəti iddiaçının kolxozda topladığı staja əlavə etdikdə onun ümumi iş stajının cəminin 20 il 1 ay 19 gün olması müəyyən edilir. İddiaçının güzəştli stajı məsələsində gəldikdə isə məhkəmə qeyd edir ki, həm "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində, həm də "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edildiyi kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Lakin müəyyən edildi ki, İddiaçı işlədiyi vəzifələrin heç birisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı"nda və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05-14 nömrəli və xx.xx.2022-ci il tarixli 800/08-07-179 nömrəli arayışlarda göstərilmişdir ki, İddiaçı 1989- 1998-ci illərdə zərərli iş şəraitində işlədiyi üçün ona 12 faiz miqdarında əlavə əmək haqqı ödənilmişdir. İddiaçı da iddia ərizəsində bu hala istinad etmişdir. Lakin məhkəmə bildirir ki, şəxsin işlədiyi müddətdə zərərli iş şəraitinə görə əlavə əmək haqqı alması onun işlədiyi vəzifənin, peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi kimi qiymətləndirilə bilməz. Çünki, yuxarıda qeyd olunduğu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur və İddiaçı işlədiyi vəzifə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iddiaçının güzəştli stajının olmaması qənaətinə gələrək hesab edir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "55 yaşına çatdığına görə ona 2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar