Məhkəmə qərarları › İş №2-1(116)-1910/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1910/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1910/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinin tələbinə əsasən 20 yanvar 2023-cü il tarixli **********1104 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2023-cü il tarixdən 1 il müddətində hər ay üçün 381 AZN olmaqla sosial yardımın aztəminatlı ailəyə təyin olunaarq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ünvanlı sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qanunsuz qərarın ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinin tələbinə əsasən 20 yanvar 2023-cü il tarixli **********1104 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət etdiyi 01 yanvar 2023-cü il tarixdən 1 il müddətində hər ay üçün 381 AZN olmaqla sosial yardımın aztəminatlı ailəyə təyin olunaarq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********10401 nömrəli ərizə ilə cavabdeh orqana müraciət etmiş, daxil olan müraciətlə əlaqədar cavabdeh orqan tərəfindən həyata keçirilməli olan maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmadığından müraciətin təmin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-144029/2023 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********10401 nömrəli ərizə ilə müraciətinə uyğun olaraq ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı ünvanda heç kim olmamışdır. Yoxlamanı həyata keçirən əməkdaşlar təmsilçi tərəfindən ərizə bəyannamədə qeyd edilən nömrələr ilə əlaqə saxlamağa çalışsalar da, əlaqə yaratmaq mümkün olmamış və zəngə cavab verən olmamışdır. Çəkilmiş videogörüntüdən də, məlum olur ki, əməkdaşlar təmsilçiyə bir neçə dəfə zəng etsələr də, telefona cavab verilməmişdir. Beləliklə daxil olan müraciətə maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması səbəbindən imtina cavabı verilmişdir. Ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Azərbycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarına əsasən: - 3.2-ci bənd VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - 3.3-cü bənd bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST" mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - 3.4-cü bənd bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi’’ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (şəxsin ərizə bəyannamədə qeyd olunan ünvanda yaşamaması) birmənalı olaraq imtina əsasıdır. Bundan başqa İddiaçı xx.xx.2023-cü il tarixdə **********10402 nömrəli ərizə bəyannamə ilə müraciət etmişdir. Daxil olan müraciətlə bağlı xx.xx.2023-cü il tarxdə keçirilən yoxlama zamanı tərtib olunmuş akta əsasən ünvana gəlindiyi zaman qapı bağlı olmuş və ünvanda heç kim olmamışdır. Yalnız təmsilçi ilə əlaqə saxladıqdan sonra ünvana yaxınlaşmış və övladını bağçadan gətirməyə getdiyini bildirmişdir. Bununla belə təmsilçinin eyni müraciəti üzrə bağlı ünvanda yaşamaması ile bağlı şübhələr olduğundan ikinci dəfə xx.xx.2023-cü il tarixdə yoxlamaya gələn əməkdaşlar ünvanda yenidən heç kimin olmadığını müəyyən etmişdir. Beləliklə daxil olan müraciətə ərizə bəyannamədə qeyd olunan ünvanda yaşamama səbəbindən imtina verilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X7 (VEMTAS) yaradılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1,2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Sözügedən Qaydaların 3.1-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır Sözügedən Qaydaların 3.3-cü maddəsinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Sözügedən Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sözügedən Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilmişdir. 5.22-ci maddəyə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********10401 nömrəli bildirişdən görünür ki, maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəbi ilə, xx.xx.2023cü il tarixli **********10402 nömrəli bildirişdən görünür ki, ailənin “ərizə bəyənnamə”də göstərdiyi ünvanda yaşamaması səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il və xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir (həmçinin cavabdeh orqan keçirilmiş baxışların videogörüntülərini məhkəmə tədqiqatına təqdim etmişdir): “Müayinə aparmaq üçün ƏB-də qeyd olunan ünvanda olduq. Evdə heç kim yox idi.ƏB-də qeyd olunan nömrələrlə əlaqə saxladıq. Zənglərimizə cavab verən olmadı. Maddi məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı. Müayinə aparmaq mümkün olmadı. “Ünvanda yaşamama riski ilə təkrar baxış üçün mənzilə yaxınlaşdıq. Evdə heç kəs yox idi. Ailə ünvanda yaşamır. Bundan öncəki iki müayinə zamanı da təmsilçi evdə olmayıb”. “Ünvanda olduq. Qapı bağlı idi.Təmsilçi ilə əlaqə saxladıqdan sonra ünvana yaxınlaşdı. Övladını bağçadan gətirməyə getdiyini bildirdi. Təmsilçi rəsmi nikahda olub ayrılıb. Aliment iddiası olmayıb. Lakin, təmsilçinin keçmiş həyat yoldaşı ailəyə aylıq 300 AZN köməklik göstərir. Təmsilçinin atası tərəfindən illik 645 AZN köməklik olunur. Mənzil qohumlarına məxsusdur. Ödəniş etmədən bu ünvanda yaşayırlar. Ünvan Mongəçevir şəhəri Məcburi Köçkün qəsəbəsi bina 2 mənzil 20-dir”. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında (Qaçqın şəhərciyi bina 2, mənzil 20) elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Mingəçevir EŞ-nin "Proqram bazasında” **********1 saylı istehlakçı kodu ilə X4 qeydiyyatda olmaqla yaşadığı mənzilə quraşdırılmış ********* zavod nömrəli elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Elektrik hesablama sayğacı əvvəlcədən ödənişli "Smart kart” tiplidir. Qeyd olunan mənzili elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacı 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi olan dövr ərzində dəyəri 62,59 manat təşkil edən 782,37 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etmişdir. Göstərilən tarixə, yəni 2023-cü ilin iyun ayına sayğacın balansında 2,52 manat məbləğində pul vəsaiti vardır. - Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli 5-3/2- 938/2023 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı yaşadığı Heydər Əliyev prospekti ev 2 mənzil 20 Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli qəsəbədə yerləşir. Həmin yaşayış sahələri Dövlətqaçqınkomun balansındadır. Vətəndaş İddiaçı həmin ünvanda qeydiyyatsız yaşayır. Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Mingəçevir Şəhər Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 36 nömrəli məktubundan görünür ki, İddiaçı Heydər Əliyev prosbektində məcburi köçkünlər üçün inşa olunmuş 504 mənzilli qəsəbədə bina - 2, mənzil - 20 ünvanında qeydiyyatsiz yaşayır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-16/2-06/xx-xx/9309/2023 nömrəli məktubundan görünür ki, ”'Azərsu” ASC-nin elektron abonent bazasında ünvan 2 ünvanında yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********000 saylı abonent kodu xx.xx.2017-ci il tarixli, 35271115 saylı müqavilə ilə Novruz Əliyevin adına rəsmiləşdirilmişdir. Həmin ünvanda quraşdırılmış sayğac göstəricisinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək 15 m3 sudan istifadə edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı işin məhkəmə araşdırmasının getdiyi dövrdə yenidən sosial yardımın təyin edilməsi üçün müraciət etmişdir. Daxil olan **********837 nömrəli xx.xx.2023-cü il tarixli müraciət zamanı iddiaçı VEMTAS mərhələsini keçdikdən sonra maddi-məişət şəraitinin müayinə edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi üzrə mərkəzi filialın əməkdaşları ünvanda olmuşdur. Müəyyən edilmişdir ki, Mingəçevir şəhər sakini İddiaçı ÜDSY-nin alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********83702 nömrəli müraciəti əsasında ailənin maddi-məişət şəraitinin yoxlanılması üçün ünvana həm günorta, həmdə təkrar axşam saatlarında gedilmişdir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta və qeydə alınmış videogörüntüyə əsasən ünvanda heç kim olmadığına görə ailənin “ərizə-bəyənnamə”də göstərdiyi ünvanda yaşamaması səbəbilə ÜDSY-nin təyin olunmasından imtina edilmişdir. Müraciətin nəticəsi barədə təmsilçinin “ərizəbəyənnamə”də qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. G. Allahverdiyevanın ÜDSY-nin alınması ilə bağlı VEMTAS-a etdiyi əvvəlki müraciətlərində maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması və ailənin “ərizə-bəyənnamə”də göstərdiyi ünvanda yaşamaması səbəbilə ÜDSY-nin verilməsindən imtina edilmişdir. Sözügedən imtinaların əsaslılığı etirazda öz əksini tapmışdır. Ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması, ailənin “ərizə bəyənnamə”də göstərdiyi ünvanda yaşamaması qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının tələbinə əsasən - VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir (3.2), müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST" mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir (3.3). Göründüyü kimi istinad olunan “Qaydalar”ın tələbləri baxımından iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün başlanmış inzibati icraatın tərkib hissələrindən biri ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasından ibarətdir. Yəni, VEMTAS tərəfindən “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlar “elektron hökumət” portalı üzərindən yoxlanıldıqdan sonra növbəti mərhələdə bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi’’ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirdikdən və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Hazırkı işin hallarından görünür ki, iddiaçı, maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmadığından və “ərizə bəyənnamə”də göstərdiyi ünvanda yaşamadığından cavabdeh orqan ünvanlı dövlət sosial yardımının təyini üçün aparılması zəruri olan inzibati icraatı tam şəkildə həyata keçirə bilməmişdir. Cavabdeh orqanın təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli maddiməişət şəraitinin müayinəsi barədə məlumatlarla və videogörüntülərlə faktiki olaraq iddiaçının “ərizə bəyənnamə”də göstərdiyi ünvanda yaşamadığı sübut olunur. xx.xx.2023cü il tarixli maddi-məişət şəraitinin müayinəsi barədə məlumata münasibətdə isə müəyyən olunur ki, müayinə aparılan zaman iddiaçı faktiki olaraq “ərizə bəyənnamə”də göstərdiyi ünvanda olmamış, sonradan həmin ünvanda baxış keçirilməsi ilə bağlı cavabdeh orqanın məlumatı əsasında sözügedən ünvana gəlmişdir. İddiaçının əvvələr də “ərizə bəyənnamə”də göstərdiyi ünvanda faktiki yaşamadığı aşkar edildiyindən, xx.xx.2023-cü il tarixli müayinə zamanı cavabdeh orqanın əməkdaşının telefon əlaqəsi saxladıqdan sonra həmin ünvana gəlməsi iddiaçının sözügedən ünvanda faktiki olaraq yaşamaması və yalnız müayinəyə formal olaraq şərait yaratması ilə bağlı qənaət yaratmışdır. Nəzərə alınmalıdır ki, hazırkı işin məhkəmə araşdırması getdiyi dövrdə iddiaçı yenidən sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, müraciət əsasında iddiaçının maddi-məişət şəraitinin müayinə edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə həmin ünvana həm günorta, həmdə təkrar axşam saatlarında gedilmiş, lakin, ünvanda heç kimin olmaması müəyyən edilmişdir. Məhkəmə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-16/2-06/xx-xx/9309/2023 nömrəli məktublarına münasibətdə qeyd edir ki, sözügedən məktublarda məhkəmənin sorğusuna cavab olaraq ünvan 2 ünvanında işıq və su sərfiyyatının olması bildirilsə də, faktiki olaraq daimi yaşayan şəxsin iddiaçı olması müəyyən edilmir. Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli 5-3/2- 938/2023 nömrəli məktubunda isə iddiaçının sözügedən ünvanda qeydiyyatsız yaşaması bildirilsə də, qeyd olunan olan hal iş materiallarında olan videogörüntülərlə və maddiməişət şəraitinin müayinəsi barədə məlumatlarla təkzib olunur. Məhkəmə qeyd edilən bütün hallara məcmu olaraq hüquqi qiymət verərək hesab edir ki, iddiaçı, maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmadığından və onun “ərizə bəyənnamə”də göstərdiyi ünvanda yaşaması sübuta yetirilmədiyindən, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Odur ki, iddiaçının aztəminatlı ailə kimi qəbul edilməsi üçün onun gəlirlərinin həqiqətən də bəyan etdiyi məlumatlardan ibarət olmasının və digər şəxslərlə birgə təsərrüfat aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədi ilə faktiki yaşadığı ünvanın dəqiq müəyyən edilməsi zəruridir. Yəni, faktiki ünvanın düzgün bəyan edilməməsi iddiaçının gəlirlərinə birbaşa təsir göstərə biləcək digər birgə təsərrüfat üzvlərinin olubolmamasının yoxlanılması imkanını aradan qaldırmış, bu isə iddiaçının aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarmışdır. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik). Buna görə də cavabdeh orqan “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar etdiyindən haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinin tələbinə əsasən 20 yanvar 2023-cü il tarixli **********1104 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət etdiyimiz 01 yanvar 2023-cü il tarixdən 1 il müddətində hər ay üçün 381 AZN olmaqla sosial yardımın aztəminatlı ailəyə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar